11 DEKABR 2024
Şeyxülislam Allahşükür Paşazadə Kazan və Tatarıstan Mitropolitini qəbul edib
23.06.2023
İyunun 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rus Pravoslav Kilsəsinin Kazan və Tatarıstan Mitropoliti Kirillə görüşüb.
Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri onunla yenidən görüşməkdən məmnun olduğunu diqqətə çatdırıb. Mitropolit Kirillə ötən ay Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində keçirilən “Rusiya-İslam aləmi strateji baxış qrupunun” illik toplantısındakı görüşlərini xatırladan QMİ sədri belə intensiv təmasların dinlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inandığını bildirib.
Şeyxülislam Allahşükür Paşazadə Kazandakı tədbir zamanı Moskva və Bütün Rusiyanın Patriarxı Kiril həzrətləri ilə ikitərəfli görüşdə dünyada və regionda sülhün qorunması, dinlər və mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsi, eləcə də digər mühüm məsələlər barədə fikir mübadiləsi apardığını xatırladıb. QMİ sədrinin sözlərinə görə, başçılıq etdiyi dini mərkəzin Rus Pravoslav Kilsəsi ilə uzun illərə, qarşılıqlı hörmət və etimada əsaslanan münasibətləri formalaşıb, bu əlaqələrin inkişafında Patriarx Kiril həzrətlərinin rolu danılmazdır. Şeyxülislam həzrətləri Patriarx Kirilin rəhbərliyi ilə Rus Pravoslav Kilsəsinin Ermənistanla Azərbaycan arasında münaqişənin dini müstəviyə keçməsinin qarşısını almağa yönəlik səylərini, o cümlədən iki ölkənin dini liderlərinin görüşlərin üçün vasitəçilik missiyasını yüksək dəyərləndirib. Səmimi salamlarını və xeyir-dualarını Patriarx həzrətlərinə çatdırmağı qonaqdan xahiş edib.
Allahşükür Paşazadə Azərbaycan dövlətinin və xalqının birliyi sayəsində ərazi bütövlüyünün təmin olunduğunu, Ermənistanın 30 il ərzində təcavüz etdiyi torpaqların işğaldan azad edildiyini diqqətə çatdırıb. Azad olunan rayonlarda Azərbaycan Prezidenti İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə böyük quruculuq işləri aparıldığını deyən QMİ sədri Qarabağda təkcə məscidlərin deyil, digər dinlərə məxsus abidələrin də bərpa edildiyini bildirib.
Səfəri barədə məlumat verən Kazan və Tatarıstan Mitropoliti Kiril Fəxri Xiyabanda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını ziyarət etdiyini, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının mərhum rəhbəri Aleksandr İşeinin də xatirəsinə dualar oxuduğunu diqqətə çatdırıb. Qonaq xalqımızın qonaqpərvərliyini, tolerantlığını, multikultural dəyərlərə sadiqliyini yüksək qiymətləndirib, Bakıda aparılan quruculuq işlərinə heyran qaldığını deyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb, sonda xatirə hədiyyələri təqdim olunub.
Görüşdə Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası rəhbərinin vəzifəsini icra edən, Pyatiqorsk və Çərkəz arxiyepiskopu Feofilakt, Bakı Yeparxiyasının katibi, arximandrit Aleksiy iştirak ediblər.
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 5239