Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyib BMT Təhlükəsizlik Şurasının xüsusi iclasında çıxış edib

 
19.06.2023
 
Həzrəti Böyük İmam,
Əl-Əzhər Əl-Şərifin Şeyxi,
Müsəlman Ağsaqqallar Şurasının sədri,
Prof. Əhməd Əl-Tayyib
 
"Sülhün təşviqində və qorunmasında insan qardaşlığı dəyərlərinin əhəmiyyəti" mövzusunda video konfrans formatında çıxışın mətni
 
 
 
 
 
 
 
BMT Təhlükəsizlik Şurasının xüsusi iclası Amerika Birləşmiş Ştatları, Nyu-York
Hicri Tarix: Hicri 25 Zil-qə`də 1444-cü il,
Miladi tarix: 14 iyun 2023-cü il.
 
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Hörmətli cənablar, hörmətli Təhlükəsizlik Şurasının üzvləri!
Əssəlamu aleykum və rəhmətüllahi və bərəkatuhu!
Bu gün sizə sülh diyarı və dinlərin qovuşduğu yer, sivilizasiya və tarixin, təhlükəsizlik və əmin-amanlığın ölkəsi olan Misirdən müraciət edirəm. Mən çox şadam ki, mənim çıxışım Təhlükəsizlik Şurasının hazırkı sessiyasının seçilmiş üzvü və sədri olan, bir ərəb və islam ölkəsi kimi insanlar arasında sülhü yaymaq, insan qardaşlığı, tolerantlıq və birgəyaşayış prinsiplərini möhkəmləndirmək üçün hər cür səmimi səy göstərən Birləşmiş Ərəb Əmirliklərindən gələn əziz dəvətə cavab olaraq gerçəkləşir.
Mən Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Antonio Quterreşin nitqində duyduğum hikmət səsinə, dünyada sülhün əldə olunması uğrunda dinlərin və bəşəri qardaşlıq dəyərlərinin mühüm roluna açıq şəkildə inandığı bəyan etməsini alqışlamaq istərdim.
Hörmətli cənablar!
İcazə verin, çıxışımın əvvəlində sizə özümü qısaca təqdim edim:
Şərqli bir müsəlman şəxs olaraq mən istənilən ölkə və ya məzhəbə aid olmasından asılı olmayaraq heç bir siyasi cərəyana mənsub olmayan, heç bir sağçı və ya solçu ideologiyasını qəbul etməyən, sülhsevər bir insanam. Mən sülhə can atır, onu səbirsizliklə gözləyir, onu bütün insanlara arzu edirəm və məni rəngindən, dinindən, əqidəsindən və dilindən asılı olmayaraq bütün insanlarla birləşdirən dərin insan qardaşlığı hissi duyuram. Mən bunu aid olduğum İslam dinindən, Allahın Öz peyğəmbərlərinə və elçilərinə nazil etdiyi ilahi kitablardan öyrənmişəm ki, bunların sonuncusu İslam Peyğəmbəri Məhəmmədə (s) nazil etdiyi Qurani Kərimdir.  Bu kitabların hamısı orada birləşir ki, Allah Adəm övladlarını şərəfləndirərək onları bir çox məxluqatlarından üstün tutdu, onları dil, rəng, din və inanc baxımından fərqli yaratdı və aralarında bu fərqin bu dünyadakı həyatlarının sonuna qədər qalmasını buyurdu. Odur ki, bütün xalqları bir din, bir mədəniyyət, bir sivilizasiya içində birləşdirmək cəhdləri – gec vəya tez olsun, tam uğursuzluğa düçardır, çünki  bəndələri Yaradanın iradəsinə ziddir. Allah insanlar üçün nəyin xeyirli və faydalı olduğunu biləndir və Özü haqqında Qurani Kərimdə belə buyurub ki, O Öz işində qalibdir (istədiyini edəndir, işini zəfərlə başa vurandır), lakin insanların əksəriyyəti (bunu) bilməz!” [Yusif: 21] .
Bu fərqlilik qanunu, Quranın aydın və birmənalı şəkildə müəyyən etdiyi hüquq və vəzifələr baxımından insanın ilahi yaradılışı anlayışının təməl daşıdır. Onların arasında ən başlıcası: etiqad azadlığı, fikir azadlığı, fərdi, ailə və ictimai məsuliyyət borcudur. Buna görə də Quran bu hüquqları müsadirə edən və ya onların müqəddəsliyinə müdaxilə edən hər şeyi qadağan edir. Hətta O, insanları inanclarını və dinlərini dəyişməyə məcbur etmək üçün hər hansı bir əməli də qadağan edir. Qurani Kərimi obyektiv və qərəzsiz yanaşma ilə oxuyanın qarşısına aşağıdakı mətnlər çıxır:
- Dində məcburiyyət yoxdur  [Bəqərə: 256].
- Qoy istəyən iman gətirsin, istəyən də kafir olsun  [Kəhf: 29].
- Sənin onların üzərində heç bir hökmün yoxdur  [Əl-Ğaşiyə: 22].
Kim Məhəmməd Peyğəmbərin (s) sünnəsini oxuyursa, Onun etiqad azadlığını vurğulayan aydın mesajını oxuyar: Hər kim İslama nifrət edərsə, istər yəhudi olsun, istərsə də xristian, öz dinindən dönməz...”.
Məntiqlidir ki, fərqlilik qanununa və onun hökmünə əsaslanaraq, dinində, dilində, mədəniyyətində və sivilizasiyasında fərqli olanların arasındakı münasibət “təhlükəsizlik və sülh” münasibəti, Quranın ifadə etdiyi kimi “tanışlıq” münasibəti olmalıdır. Belə ki, Allah-taala Quranda buyurur: “Ey insanlar, Biz sizi bir kişi və bir qadından yaratdıq, bir-birinizi tanımaq üçün sizi millətlərə və qəbilələrə ayırdıq” [Hucurat: 13] və buradan çıxış edərək millətlər və xalqlar arasında beynəlxalq münasibətləri tənzimləyən bir İslam qanunu buyurdu və sözsüz ki, bu Quran nəzəriyyəsi işığında beynəlxalq münasibətlərdə toqquşma və münaqişə nəzəriyyələrinə və ya irq nəzəriyyəsinə, ya da ağ adamın üstün yaradılması nəzəriyyəsi və onun Allahın digər qulları üzərində hökmranlığı, ölkələri üzərində müstəmləkəçiliyi, sərvətlərinin özünküləşdirilməsi nəzəriyyəsinə yer yoxdur... İslam və ondan əvvəl nazil olan bütün ilahi dinlər insanlar arasında yalnız "sülh" əlaqələrini tərənnüm edir.
Deməli, İslamın qılınc və müharibələr dini olduğu haqqında deyimlər nə ədalətə, nə də elmə sığmaz. Tarixi sorğulayın, və görərsiniz ki, müharibə İslamda müstəsna hal və özünü, torpağını, namusunu və şərəfini qorumaq kimi zərurətlərdən biridir. İslamın terror fenomeninin yayılmasından məsuliyyət daşıdığını iddia etmək yanlışdır, doğrusu isə odur ki, İslam dininin başqalarından öncə rədd etdiyi, qəbul etmədiyi terror fenomeninin məsuliyyətini ilk növbədə qlobal hegemoniya siyasəti, maddiyatçı fəlsəfələr və əxlaqi dəyərləri yoxa sayan iqtisadi doktrinalardır.
Hörmətli cənablar!
Mən öz çıxışımda sizinlə İslam dini haqqında danışmaq niyyətində deyil, son onilliklərdə başlayan və bu vaxta qədər regionumuzda və ölkələrmizdə davam edən absurd müharibələrin alovunu söndürməyə çağırmaq niyyətində idim.
Mən İraqdakı müharibədən, Əfqanıstan müharibəsindən və onun son iyirmi il ərzində geridə qoyduğu faciələrdən, ağrılardan, kədərlərdən bəhs edirəm.
Mən Suriyadan, Liviyadan, Yəməndən və bu diyarların kökləri minilliklərin dərinliklərinə qədər uzanıb gedən sivilizasiyalarının məhv edilməsindən, torpaqlarındakı silahlı qarşıdurmalardan, övladlarının, qadınlarının və uşaqlarının, öz torpaqlarını  tərk edərək qaçqın vəziyyətinə düşmələrindən, əllərindən heç bir şey gəlmədən müharibənin dəhşətlərindən qaçmalarından  danışıram.
Fələstindəki həm bizim, həm də sizin müqəddəs dəyərlərimizdən, Fələstin xalqının təkəbbürlü gücün altında qalmasından və zalımın qəddarlığından əziyyət çəkməsindən danışıram. Beynəlxalq ictimaiyyətin bu qürurlu insanların hüquqlarına susmasından dərin təəssüf hissi keçirirəm. Birləşmiş Millətlər Təşkilatının keçən may ayının on beşində Fələstinin faciəli fəlakətindən yetmiş beş il keçməsini bəşər vicdanına xatırlatmaq üçün etdiklərinə qiymət verərək mən buradan Təhlükəsizlik Şurasını və beynəlxalq ictimaiyyəti bu gün, sabah deyil, bu gün paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasını təcili təmin etməyə çağırır, eləcə də Məscidül-Əqsanın gündən günə məruz qaldığı pozuntulardan qorunmasına dəvət edirəm.
Mən Avropanın şərq sərhədlərindəki davam edən müharibədən və bunun gətirdiyi dəhşətdən, bu müharibənin dünyanı geriyə - daş dövründən əvvəlki dövrə sürükləməsi qorxusundan və narahatlıqdan danışıram. Mən beynəlxalq ictimaiyyəti bu fəlakəti dərhal dayandırmağa, günahsız insanları onların qanlarının axıdılmasından, şəhərləri xarabalığa çevrilməkdən, kəndləri dağıdılmaqdan qorumağa çağırıram.
Mən müharibənin cəhənnəmindən qaçan qaçqın böhranından, bu qaçqınların hansı dinə mənsub olmasından asılı olmayaraq, hətta dinsizlərin belə, ilahi qanunlar və dinlər tərəfindən onlara tanınmış hüquqlarını qoruyaraq onları xilas etməkdən və onları qəbul etməkdən danışıram.
Mən ailənin qətlə yetirilməsindən, uşaqların onları dünyaya gətirən analarının qucağında yaşamaq hüquqlarının əlindən alınmasından danışıram. Mən ətraf mühitin məhv edilməsindən, çirklənmədən, dəniz daşqınlarından, yanan meşələrdən danışıram.
. . . . .
Möhtərəm cənablar!
Mən zərrə qədər şübhə etmirəm ki, müasir sivilizasiyamız və müasir mədəniyyətimiz dini bu qədər inkar etməsəydi, dini və dinin öyrətdiklərini arxaya atmasaydı, qanın müqəddəsliyini, ədalətin dəyərini və fərdlər və cəmiyyətlərin istiqrarlı olmasında mərkəzi rol oynadığını cənnət hidayətindən öyrənmiş olsaydı, müasir insanı Şərqdə sarsıdan və indi də onun boğazına dolanıb boğmaq üçün Qərbə doğru uzanan bu böhranlar baş verməzdi. Biz, Allaha inananlar, bu böhranlar qarşısında biz yalnız xalqlar arasında sülhün və ehtiramın mümkün olduğu qədər geniş yayılmasına, insanlar arasında nifrət nitqinə, xalqlar arasında müharibələri qızışdırmaq, qorxu salmaq məqsədilə dinləri və məzhəbləri istismar etməyə, dinc insanların ürəklərinə qorxu salmağa  qarşı müqavimət göstərməyə davam edə bilərik.
Məhz budur ki, Əl-Əzhər Əl-Şərif Katolik Kilsəsi, Qərb və Şərq kilsələri və digər dini qurumlarla əməkdaşlıq edərək müxtəlif dinlərin ardıcılları arasında dialoq və bir-birini tanıma mədəniyyətini dirçəltmək və sülh və birgəyaşayış prinsipinin bərqərar olması üçün çalışıb və çalışmağa davam edir. 4 fevral 2019-cu il tarixində əziz qardaşımız Roma Papası Fransisk ilə - Allah ona şəfa və afiyət versin - Əbu-Dabidən dünyaya “Birgəyaşayış və dünyada sülh üçün İnsan Qardaşlığı” sənədini təqdim etdik, Qazaxıstanda keçirilən dini liderlərin konfransında, Bəhreyndə keçirilən Şərq və Qərb Dialoqu Forumunda, Afrika, Asiya və Avropada keçirilən digər konfranslarda beynəlxalq sülh və təhlükəsizliyin əsası kimi İnsan Qardaşlığı prinsipinin zəruriliyini dəfələrlə vurğuladıq.
Əl-Əzhər, Müsəlman Ağsaqqallar Şurası, Katolik Kilsəsi, Kenterberi Kilsəsi və digər müxtəlif dini qurumlarla əməkdaşlıq edərək, bu böhranlarla bağlı məsləhətləşmələr aparmaq və onlara qarşı mübarizədə, xüsusilə də iqlim dəyişikliyi ,müharibələrin və münaqişələrin artmasına qarşı səylərdə ümumi məsuliyyəti müəyyən etmək üçün dini liderlərin və rəmz sayılan görkəmli din xadimlərinin birliyini yaratmağa çalışır.
Yəqin mənimlə razılaşarsınız ki, bu səylərə siyasi liderlərinin və beynəlxalq müstəvidə qərar sahibi olan şəxslərin dəstəyinə ehtiyac duyulur ki, heç kimin əməl etmədiyi və əhəmiyyət vermədiyi qərarlar və tövsiyələr yerinə bu səylər real, xalqların həyatında hamının ümumi məqsədinə, yəni beynəlxalq sülhə və təhlükəsizliyə nail olmaq üçün arzu olunan bəhrələrini versin.
Sonda bir daha vurğulamağa icazə verin ki, bugünkü görüşümüz təmtəraq üçün deyil, insanın gələcəyindən qayğının meydana gətirdiyi və getdikcə hər yerə yayılmaqda olan bu mürəkkəb məsələnin həllini tapmaq üçün bir zərurətdir və bu acınacaqlı yola davam edilməsi dəhşətli nəticələrdən xəbər verir.  Təhlükəsizlik Şurasının Sədrliyi yaxşı edib ki, bu müzakirə üçün mövzu olaraq “insan qardaşlığı” mövzusunu seçib. Düşünmürəm ki, müasir böhranlarımızla mübarizədə “insan qardaşlığından”, yəni itirilmiş cənnətdən daha təsirli bir seçim var.
Diqqətiniz üçün təşəkkür edirəm.. Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
Əhməd Əl-Tayyib
 Əl-Əzhər Əl-Şərifin  Şeyxi
Hicri Tarix: Hicri 25 Zil-qə`də 1444-cü il,
Miladi tarix: 14 iyun 2023-cü il.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4983