26 MART 2025
Rusiya və Belarus təmsilçiləri QMİ-də

13.06.2023
İyunun 13-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Rusiya Federasiyası və Belarus Respublikasının idman ictimaiyyətinin rəhbər şəxslərini qəbul edib. Rusiyanın Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik və Belarus Gimnastika Federasiyasının Rəyasət heyətinin sədri Yelena Skripeli səmimi salamlayan Şeyxülislam A.Paşazadə onlara səfərlərində və fəaliyyətlərində uğurlar dilədi.
Qonaqlar Azərbaycana səfərlərindən və ölkələrinin dini liderlərinin tövsiyəsi ilə Şeyxülislamla görüş fürsətindən məmnunluqlarını ifadə etdilər. Bildirdilər ki, istər Rusiyada, istərsə Belarusda Şeyxülislam A.Paşazadə şəxsiyyəti, dini lider məqamında fəaliyyəti yüksək dəyərləndirilir. Hər iki ölkənin xristian və müsəlman icmaları, dini liderləri ilə ən xoş münasibətlərə malik QMİ sədri ilə görüşüb onun xeyir-dualarını almaq tövsiyəsini yerinə yetirə bilmələrindən məmnun qalan rusiyalı və belaruslu ictimai xadimlər belə əlaqələrin dost xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin daha da dərinləşməsinə töhfə verdiyini xüsusi vurğuladılar.
Şeyxülislam A. Paşazadə, öz növbəsində, Rusiya Federasiyası və Belarusun dini liderləri ilə onilliklər ərzində davam edən səmərəli, qarşılıqlı faydalı dini-mənəvi əlaqələrin önəmindən, bu dövlətlərə çoxsaylı səfərlərindən, dövlət rəhbərləri ilə görüşlərindən, dövlət təltifatlarına layiq görülməsindən, birgə tədbirlərdə iştirakından ətraflı danışdı. QMİ sədri Rusiya Federasiyasının müxtəlif subyektləri, xüsusən, Şimali Qafqaz Respublikaları ilə dini-mənəvi müstəvidə unikal əlaqələrin mövcudluğundan məmnunluqla söhbət açdı.
Belarus Gimnastika Federasiyasının Rəyasət heyətinin sədri Yelena Skripel Belarusun müsəlman din xadimi A. Şabanoviçin xahişi ilə onun səmimi qardaş salamlarını və Belarusa dəvət məktubunu Şeyxülislam A. Paşazadəyə çatdırmaqdan şərəf duyduğunu bildirdi və Azərbaycanın dini liderini Belarusda görməkdən məmnun olacaqlarını ifadə etdi. Şeyxülislam A. Paşazadə Belarus xalqına və dövlətinə, onun siyasi liderinə ehtiramlı münasibət bəslədiyini və hər zaman bu ölkəni ziyarət etməkdən məmnun olacağını bildirdi və oradakı müsəlman icması və soydaşlarımızla görüşlərini yüksək dəyərləndirdiyini dedi.
Səmimi görüşün sonunda xatirə hədiyyələri təqdim olundu.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!



Oxunub : 5275