15 OKTYABR 2024
Rusiyalı səfirlə vida görüşü
07.06.2023
İyunun 7-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Rusiyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Mixail Boçarnikovu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında siyasi, iqtisadi, mədəni-humanitar münasibətlərlə yanaşı dini-mənəvi əlaqələrin də mövcud səviyyəsindən razılıq ifadə olunub. QMİ sədri Şeyxülislam A. Paşazadə Azərbaycanda fəaliyyəti dövründə səfir Mixail Boçarnikovun bu istiqamətdə səy və əməli töhfələrini yüksək dəyərləndirib, ona gələcək fəaliyyətində uğurlar diləyib.
Səfir M. Boçarnikov səmimi sözlərə görə Şeyxülislam A.Paşazadəyə minnətdarlığını bildirib, Azərbaycan, buradakı görüşləri barədə xoş xatirələri hər zaman qəlbində yaşadacağını ifadə edib. O, Qafqaz müsəlmanlarının dini lideri Şeyxülislam A. Paşazadə ilə Moskva və bütün Rusiya Patriarxı Kiril arasında dinlərarası dialoq və əməkdaşlığın örnək nümunəsinin xüsusi əhəmiyyətini qeyd edib. QMİ sədri, öz növbəsində, bu münasibətlərə böyük dəyər verdiyini bildirərək, Rusiya Patriarxı Kirillə bu yaxınlarda RF Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində baş tutmuş görüşünü səmimiyyətlə xatırlayıb.
Görüşdə RPK-nin Bakı və Azərbaycan Yeparxiyasının mərhum Arxiyepiskopu Aleksandrın əziz xatirəsi yad olunub və onun Azərbaycan-Rusiya mənəvi əlaqələrinin inkişafına uzun illər ərzində verdiyi töhfələrin yüksək dəyərləndirildiyi vurğulanıb.
Səmimi keçən görüşün sonunda Şeyxülislam A. Paşazadə və diplomatik fəaliyyətini başa vuran səfir M. Boçarnikov qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim ediblər.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 5948