ABŞ-ın "Son Günlərin Müqəddəsləri İsa Məsih Kilsəsi"nin rəhbəri Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirib

24.05.2023
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan ABŞ-ın Yuta ştatındakı "Son Günlərin Müqəddəsləri İsa Məsih Kilsəsi"nin (Mormon kilsəsi) rəhbəri Devid Bednarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Allahşükür Paşazadə ölkələrimiz arasında dinlərarası əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu bildirib. Qeyd edib ki, Yuta ştatı ABŞ ştatları arasında Xocalı soyqırımını ilk tanıyanlardan olub.
Şeyxülislam Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılan və bu günədək insan ölümünə səbəb olan yüz minlərlə minaların zərərsizləşdirilməsində Yuta ştatının ölkəmizə dəstəyini xatırladıb.
Azərbaycanın müstəqilliyi, mövcudluğunu davam etdirdiyi üçün bu günlərdən 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevə borclu olduğunu söyləyən QMİ sədri deyib: “Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin bu gün həm ölkə daxilində, həm də xaricdə gördüyü işlər Azərbaycanın hərtərəfli tanınmasına imkan yaradıb”.
Azərbaycanda multikultural dəyərlərin əsrlərdən bəri son dərəcə önəmli yer tutduğu, burada müxtəlif xalqların və mədəniyyətlərin nümayəndələrinin heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşadıqları diqqətə çatdırılıb.
Şeyxülislam azad olunmuş torpaqlarda aparılan işlər barədə də məlumat verib, minaların yenidənqurma prosesinə maneə törətdiyini qeyd edib.
Mormon kilsəsinin rəhbəri Devid Bednar öz növbəsində Azərbaycandakı multikultural və tolerant mühiti yüksək qiymətləndirdiklərini diqqətə çatdırıb. O, Azərbaycanda müxtəlif xalqların, etnik qrupların və bir çox icma nümayəndələrinin əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
Milli Məclisin sədr müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ölkəmizin bütün dünyada müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, həmrəylik hisslərinin bərqərar olmasına çalışdığını və bu baxımdan nümunə olduğunu vurğulayıblar.
Qeyd edək ki, Devid Bednarın səfərinin əsas məqsədi Mormon Kilsəsi ilə Azərbaycandakı bir sıra dövlət qurumları, dini təşkilatlar arasında sıx əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsidir.
Xatırladaq ki, Mormon Kilsəsi ilə sıx əməkdaşlıq edən ABŞ-ın Stirlinq Fondu ölkəmizin işğaldan azad olunan ərazilərində minatəmizləmə işinə 250 min dollar ianə edib və gələcəkdə humanitar sahədə Azərbaycanla əlaqələrin genişlənməsində maraqlıdır.

Oxunub : 8454