23 il əvvəl Ağdam məscidindən gətirilən hədiyyə Heydər Əliyevi necə kövrəltmişdi?

05.05.2023
2000-ci ilin may ayının 9-da Prezident Sarayında prezident Heydər Əliyev ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavanonu qəbul edirdi. Gözəl may günündə, yaxşı əhvalda olan Prezident amerikalı qonağın diplomatik ifadələrlə zəngin növbəti çıxışını dinləyirdi.
Görüş zamanı ABŞ-ın Minsk Qrupundakı həmsədri Kerri Kavano Heydər Əliyevə qəribə bir hədiyyə verdi.
“Mister Prezident, bunu sizin ad gününüzə hədiyyə gətirmişəm”-deyən amerikalı əlindəki daş parçasını dövlət başçısına uzatdı. 77 yaşını qeyd edən Heydər Əliyev Kavanonun əlində tutduğu hədiyyəni aldı, diqqətlə baxdı. Amerikalı həmsədr Heydər Əliyevə işğal altında olan Ağdam məscidindən qopartdığı daş parçasını hədiyyə gətirmişdi.
Prezident o zaman daş parçasına baxıb qəhərlənmişdi.
 Azpost.info “Tarix” layihəsində həmin görüşün stenoqramını oxucularına təqdim edir:
Prezident Heydər Əliyevin ABŞ Dövlət Departamentinin regional münaqişələr üzrə xüsusi nümayəndəsi səfir Keri Kavanonu və onu müşayiət edən şəxsləri qəbulu.
Prezident sarayı, 9 may 2000-ci il. 
Kerri Kavano: – Cənab Prezident, sabah Sizin ad gününüzdür. Biz düşünürdük ki, Sizə xüsusi bir hədiyyə gətirək. Sizə layiq hədiyyəni seçmək bizim üçün çətin oldu. Sülh prosesinə Sizin verdiyiniz böyük töhfənin müqabilində bizim gətirəcəyimiz hədiyyənin ölçüsü də çox böyük olmalı idi, amma təyyarə balacadır. Sonra düşündük ki, hədiyyə kiçik ölçüdə olsa da, onun mənası və dəyəri olduqca böyük olmalıdır. Ona görə də mən Sizə balaca bir hədiyyə gətirmişəm.
Heydər Əliyev: Bu nədir?
Keri Kavano: Bu, Ağdam məscidinin kiçik bir parçasıdır, balaca bir hissəsidir. Amma bu, balaca olsa da, Sizin bərpa etmək arzusunda olduğunuz torpağın bir hissəsidir. Biz ümid edirik ki, bir gün gələcək, o böyük məscidin özü tamamilə geri qayıdacaqdır. Biz də onun bərpa olunmasında yardımçı olub insanların orada dua etməsi üçün şərait yaradılmasına nail olacağıq.
Heydər Əliyev: Çox sağ olun. Sizə təşəkkür edirəm. Siz məni çox mütəəssir etdiniz. Düzü, bu qədər orijinallığı mən təsəvvür edə bilməzdim.
Mən bilirəm ki, Siz Ağdamda dekabr ayında olmusunuz. Əgər oradan, o məsciddən bir parça qoparıb özünüzdə saxlamısınızsa və bunu da bu gün, doğum günüm ərəfəsində mənə verirsinizsə, siz doğrudan da qəlbən sülhə bağlı insansınız və Azərbaycanın sülhə çatmasına qəlbən çalışırsınız. Bu, o qədər gözlənilməz şeydir ki, bilirsiniz, məni çox təsirləndirdi. Mən sizə çox-çox təşəkkür edirəm. Arzu edirəm ki, sizin köməyinizlə, bizim ümumi işlərimizin nəticəsində biz Ağdama gedək, o məscidi bərpa edək, bütün işğal olunmuş yerləri bərpa edək.
Mən bu hədiyyəni saxlayacağam. Ağdam işğaldan azad olunandan sonra xahiş edəcəyəm ki, sizinlə bir yerdə oraya gedək və bunu dəyərli bir muzey eksponatı kimi məscidə verəcəyəm ki, orada saxlasınlar.
***
Bu görüşdən 20 ildən sonra -2020-ci ildə Prezident İlham Əliyev  işğaldan azad olunmuş Ağdam məscidinin qarşısında çıxış edərkən Kerri Kavanonun illər əvvəl divardan qopardığı daşın yeri bəlkə hələ də dururdu.
Amma indi daş dövrü artıq bitmişdi.
Yeni, Qalib Azərbaycan doğulmuşdu. Sabahına inan, zəfərdən güc alan, dövlətinə güvənən və sabahına ümid edən ölkənin vətəndaşları ilə birgə…
Qalib ordunun zəfər qazanmış Ali Baş Komandanı məscidin müqəddəs daşını öpüb qələbə duasını oxuyurdu…
 
 

Oxunub : 4266