Şeyxülislam Allahşükür Paşazadə “Əl Ərəbiyyə” telekanalına müsahibə verib

                     
24.03.2023
        
         Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığında rəsmi səfərdədir. Krallığın İslam işləri, dəvət və irşad naziri Şeyx Əbdüllətif Al Əş-Şeyxin dəvəti ilə reallaşan səfər zamanı QMİ sədri mühüm görüşlər keçirib.
         Şeyxülislam Allahşükür Paşazadənin keçirdiyi görüşlər Səudiyyə Ərəbistanı Krallığındakı mətbuatın da diqqət mərkəzindədir.  QMİ sədri səfərin yekunları, keçirilən görüşlərin nəticələri barədə “Əl Ərəbiyyə” telekanalına müsahibə verib.
         Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə müsahibədə növbəti dəfə Səudiyyə Ərəbistanı Krallığında olmaqdan məmnunluğunu ifadə edib, dəvətə görə İslam işləri, dəvət və irşad naziri, dostu, qardaşı, cənab Şeyx Əbdüllətif Al Əş-Şeyxə minnətdarlığını bildirib. Bu ölkədə yaşayan din qardaşlarına Azərbaycan müsəlmanlarının salam-dualarını yetirib, onlara müqəddəs Ramazan ayının başlaması münasibəti ilə təbriklərini çatdırıb.
         Bütün dünya müsəlmanları üçün böyük önəm kəsb edən bu ölkəni ilk dəfə 1975-ci ildə ziyarət etdiyini xatırladan Şeyxülislam həzrətləri ötən 50 ilə yaxın müddətdə Səudiyyə Ərəbistanı Krallığının böyük inkişaf yolu keçdiyini bildirib: “Mən bu müqəddəs ölkənin dünənini də yaxşı xatırlayır, bu gününü görür, işıqlı gələcəyinə də inanıram. Ölkədə bütün sahələri əhatə edən inkişaf, xüsusi ilə müqəddəs məkanlarda aparılan nəhəng quruculuq işləri, zəvvarlar üçün yaradılan şərait göz önündədir. Təbii ki, bütün bu inkişafa Səudiyyə Ərəbistanı Kralı, İki Müqəddəs Ocağın Xadimi, Vəliəhd Əlahəzrət Salman bin Əbdüləziz Al Səudun rəhbərliyi sayəsində nail olunub. Bu tərəqqinin davamlı olması, iki dost və qardaş ölkə- Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında bütün sahələri əhatə edən əlaqələrin daha da inkişafı üçün dualar edirəm”.
Kral Salman bin Əbdüləziz, o cümlədən Vəlihədlə Azərbaycan Respublikasının Prezidenti cənab İham Əliyev arasında olan dostluq münasibətləri iki dövlət arasında əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə inamımızı daha da artıtır".
         Şeyxülislam Allahşükür Paşazadə rəsmi Ər-Riyadın dünyada dinlər və məzhəblər arasında dialoqun inkişafınakı rolunu da yüksək qiymətləndirib: “Təəssüf ki, bu gün dünyada bəzi qüvvələr İslamdan siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərir. Bunun yolverilməz olduğunu daim diqqətə çatdırılmasında, İslamın əsl mahiyyətinin doğru-düzgün təbliğ edilməsində, dinlər və məzhəblər arasında dialoqun gücləndirilməsində Səudiyyə Ərəbistanı Krallığının atdığı müsbət addımlar təqdirə layiqdir. Ölkənin İslam işləri, dəvət və irşad nazirliyinin, onun rəhbərliyinin bu sahədə mühüm işlər gördüyünün şahidiyəm. Qazaxıstan Respublikasında Dünya və Ənənəvi Dinlərin VII Qurultayında iştirak edərkən bunu bir daha gördüm”.
QMİ sədri rəhbərlik etdiyi dini mərkəzlə Səudiyyə Ərəbistanı Krallığının İslam işləri, Dəvət və İrşad Nazirliyi arasında əlaqələri yüksək qiymətləndirib, aparılan danışıqların gələcəkdə mühüm töhfələr verəcəyinə inandığını bildirib, naziri Azərbaycana dəvət edib: “Azərbaycan nümayəndə heyətinin dəvət olunması, burada keçirdiyimiz görüşlər ümumi işimizə fayda verəcək inşallah. Cənab nazirə, dostum, qardaşım Şeyx Əbdüllətif Al Əs-Şeyxə bu sahədə daha böyük uğurlar arzulayıram, onu tezliklə Bakıda görməkdən məmnun olardım”.     
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!        

Oxunub : 7541