Şeyxülislam həzrətləri Səudiyyə Ərəbistan Krallığının Nazir müavini ilə görüşdü

22.03.2023
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Səudiyyə Ərəbistan Krallığının İslam İşləri, Dəvət və İrşad nazirliyində Nazir müavini Şeyx Avvad əl-Anizi ilə görüşmüşdür.
Qonaqları səmimiyyətlə salamlayan Şeyx Avvad əl-Anizi, Şeyxülislam həzrətlərinin Səudiyyə Ərəbistan Krallığı Nazirliyinin dəvətini qəbul edib təşrif buyurduğuna görə ona təşəkkür etdi və bundan şərəf duyduqlarını söylədi.
Şeyxülislam həzrətlərinin İslam dünyasında və Beynəlxalq arenada oynadığı çox mühüm və bariz rolunu diqqətə çatdıraraq onun kimi müsəlman ağsaqqalların fəaliyyətinin bütün İslam dünyası üçün vacib olduğunu vurğuladı.
Allahşükür Paşazadə həzrətləri bu görüşün Azərbaycanla Səudiyyə Ərəbistan Krallığı arasındakı mənəvi əlaqələrin inkişaf etməsində böyük rolu olmasını, eləcə də iki ölkə arasında bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ictimai, mədəni və turizm sahələrində də əlaqələrin inkişaf etməsini arzu etmişdir.
Şeyxülislam həzrətləri səfərinin yüksək səviyyədə təşkil olunmasına görə təşəkkürünü bildirərək, öz təəssüratları ilə bölüşmüş, xüsusilə Kral Fəhd adına Qurani-Kərim çapetmə kompleksin ziyarətinin olduqca maraqlı olduğunu ifadə etmişdir.
 
Şeyxülislam həzrətləri iki tərəf arasında davam edən qarşılıqlı ziyarət və danışıqların tezliklə praktiki zəminə keçərək İslam dininə və müsəlmanlara xeyir verəcəyini bildirmişdir.
Sonra Şeyxülislam həzrətləri Qarabağ torpaqlarının Ermənistan tərəfindən 30 illik işğalı ərzində erməni vandallarının tarixi-mədəni irsimizə qarşı törətdikləri vəhşiliklərdən, söz açmışdır.
Qeyd etmişdir ki, ölkə prezidenti, Ali Baş komandan İlham Əliyevin rəhbərliyində, onun ətrafında cəmləşərək dəmir yumruq olan rəşadətli ordumuzun gücü, bütün xalqımızın səyləri ilə azad olunan torpaqlarımızda hazırda genişmiqyaslı bərpa işləri həyata keçirilir, ərazilərimizdə ermənilərin qurduqları 1 milyondan artıq minaların zərərsizləşdirilməsi davam edir.
QMİ sədri bildirmişdir ki, darmadağınla məğlub edilərək torpaqlarımızdan qovulan ermənilər bu gün də öz məkrli niyyət və əməllərindən qalmır, revanşizm siyasətini aparır və Azərbaycana qarşı yalan və böhtan kampaniyaları aparır. Üstəlik, bu kampaniyalara bir çox halda erməni kilsəsinin rəhbərliyi öncülük edir.
Şeyxülislam həzrətləri Səudiyyə Ərəbistan rəhbərliyinə və onun xalqına haqq-ədalət mövqeyindən çıxış edərək Azərbaycanın yanında olduğuna görə minnətdarlığını dilə gətirmişdir.
Görüşün sonunda QMİ sədri SƏK İslam işləri, Dəvət və İrşad nazirliyinin rəhbərlərini Azərbaycana dəvət etmişdir. Səudiyyə tərəfi dəvəti məmnuniyyətlə qəbul etmişdir.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 

Oxunub : 8131