Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cənab Hüseyn İbrahim Taha ilə görüşdü

21.03.2023
Martın 21-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İslam Əməkdaşlıq təşkilatının baş katibi cənab Hüseyn İbrahim Taha ilə görüşmüşdür. 
Səmimi şəraitdə keçən görüşün əvvəlində Şeyxülislam Allahşükür Paşazadə həzrətləri cənab Hüseyn İbrahim Tahaya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin salamlarını yetirmiş, eləcə də bu yaxınlarda Mavritaniyada keçirilən İslam Əməkdaşlıq təşkilatının Xarici İşlər nazirlərinin görüşündə Azərbaycanın irəli sürdüyü beş qətnamənin qəbul olunmasına görə cənab Tahaya və İƏT-ə Azərbaycan xalqı adından təşəkkürünü bildirmişdir. 
Cənab Hüseyn İbrahim Taha öz növbəsində Azərbaycanla İƏT arasında inkişaf edən hərtərəfli əlaqələrin səviyyəsindən öz məmnunluğunu dilə gətirmiş, və Azərbaycanın həm bu təşkilatda, həm də Beynəlxalq arenada fəal rolunu yüksək təqdir etmişdir.
Həmçinin Hüseyn İbrahim Taha Azərbaycana ziyarətini, ölkə prezidenti cənab İlham Əliyevlə, dövlət rəsmiləri ilə, o cümlədən Şeyxülislam həzrətləri ilə Bakıdakı görüşlərini məmnuniyyətlə xatırlayaraq həmin görüşlərin onun qəlbində silinməz izlər buraxdığını dilə gətirdi. 
Görüş iştirakçıları tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Görüşün sonunda İƏT baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan prezidenti İlham Əliyevə öz səmimi salamlarını çatdırmasını xahiş etmişdir.
 
 
 

Oxunub : 6927