QMİ ilə BMT Sivilizasiyalar Alyansı arasında əlaqələr davam edir

10.03.2023
Martın 10-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos ilə görüşdü.
Səmimi şəraitdə keçən görüşdə Qafqaz Müsəlmanları İdarəsi ilə BMT-nin Sivilizasiyalar Alyansı arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olundu. Cənab Migel Angel Moratinos Azərbaycana hər bir səfərinin, burada dövlət rəhbəri, dini lider ilə görüşlərinin onun üçün xüsusi önəm kəsb etdiyini vurğuladı. X Bakı Qlobal Forumunun qonağı olan BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Azərbaycanın evsahibliyi etdiyi bütün beynəlxalq tədbirlər kimi budəfəki Forumun da yüksək səviyyədə və aktual mövzu ətrafında keçirilməsini yüksək dəyərləndirdi. Azərbaycan dövlətinin bu proseslərdə fəal, qabaqcıl rol oynamasını özəlliklə vurğulayan BMT qurumunun rəsmisi ölkəmizin dövlət rəhbərinin bu istiqamətdə qlobal səylərinin böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd etdi.
Dinlərarası dialoqun dünya miqyasında önəm və əhəmiyyətindən ətraflı bəhs edən cənab Moratinos müasir dönəmdə bunun xüsusi aktuallıq və zərurət xarakteri daşımasını ifadə etdi. Bu baxımdan, O, QMİ sədrinin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində tanınmış dini lider olaraq dəyərli xidmətlərinin olduğunu xüsusi vurğuladı. Azərbaycanın dini liderinin sülhyaratma yönündə onilliklər ərzində davam etmiş fəaliyyətinə toxunan cənab Moratinos bu səylərin öz aktuallığını qoruyub saxladığına diqqəti çəkdi.   
         Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanın BMT Sivilizasiyalar Alyansı ilə dinlərarası dialoq və əməkdaşlıq müstəvisində gələcək işbirliyi layihələri müzakirə olundu. Bildirildi ki, Azərbaycan dövlətinin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq və əməkdaşlıq mühitinin inkişafına real və dəyərli töhfələr verən dövlət kimi dünya birliyi üçün mühüm tərəfdaş ölkədir və bu əlaqələrin davamlı inkişafı və dərinləşməsi prioritetdir.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 

Oxunub : 2250