QMİ sədrinin ABŞ-a səfəri davam edir

04.03.2023
 
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin ABŞ-a səfəri davam edir. Martın 2-də Yuta ştatının Briqham Yanq Universitetində (BYU) professor-müəllim heyəti və tələbələrlə görüş olub.
35 min tələbənin təhsil aldığı Universitetin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Cef Ringer azərbaycanlı qonaqları salamlayaraq onlara ali təhsil müəssisəsinin tarixi və tədris sistemi barədə ətraflı məlumat verdi. Bildirildi ki, “Sonuncu günün müqəddəsləri” kilsəsi tərəfindən təsis olunmasına baxmayaraq, universitet dini təmayüllü deyil. Burada tədris edilən 65 dil arasında Azərbaycan dili də yer alır. BYU ilə Azərbaycan ali təhsil müəssisələri arasında tələbə mübadiləsi imkanları ətrafında müzakirə aparıldı.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahükür Paşazadə tələbələr qarşısında «Dinlərarası dialoq» mövzusunda mühazirə oxudu. Qeyd etdi ki, Azərbaycanın və Birləşmiş Ştatların müxtəlif dini konfessiyaları və icmaları arasında qurulan əlaqələr dinlərarası dialoq prosesinin mühüm parçası sayıla bilər. Multikultural dəyərlər və tolerantlıq məkanı olan Azərbaycan ərazisində tarixən mövcud olmuş dini müxtəlifliyə, qədim köklərə malik zəngin tolerantlıq ənənələrinə göstərilən dövlət qayğısına toxunaraq vurğulandı ki, bu ənənələrin qorunmasında və dövlət siyasəti səviyyəsinə yüksəldilməsində, eləcə də beynəlxalq miqyasda geniş təbiğ olunmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətləri vardır. Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə otuz il işğal altında saxlanılan ərazilərin 44 günlük Vətən müharibəsində Ermənistanın işğalçılıq və islamofobiya siyasətinə, xalqımızın maddi-mədəni irsinə, abidələrinə, dini məbədlərə qarşı vandalizmə son qoyuldu. Qələbənin əldə edilməsində Azərbaycanda yaşayan xalqlar və müxtəlif dini icmalar arasında həmrəyliyin, qardaşlığın da Böyük Zəfərdə böyük payı var. QMİ sədri «Stirlinq» fonduna işğaldan azal edilmiş ərazilərin minalardan təmizlənməsində göstərdiyi maddi-mənəvi dəstəyə görə Azərbaycan xalqı adından bir daha təşəkkür etdi və Yuta ştatının Xocalı soyqırımını tanıyan ilk ABŞ ştatlarından biri olmasını olduqca yüksək qiymətləndirdiyini bildirdi.
Mühazirənin sonunda Şeyxülislam Allahşükür Paşazadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Dağ yəhudiləri dini icmasının sədri Melix Yevdayev, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəsi Vladimir Fekete tələbələrin suallarına cavab verdilər və xatirə fotosu çəkdirdilər. Tədbirdə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak etdi.
     Daha sonra Azərbaycan nümayəndə heyəti Kol Ami sinaqoqunda yerli yəhudi dini icmasının nümayəndələri ilə görüşdü. Daha əvvəl Azərbaycanı ziyarət etmiş ravvin Sem Spektor ölkəmiz haqqında, burada hökm sürən unikal tolerantlıq və multikulturalizm mühiti barədə məlumat verdikdən sonra «Azərbaycanın Dağ yəhudiləri» mövzusunda panel iclası keçirildi. Şeyxülislam Allahşükür Paşazadə yutalı yəhudilərə Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən, Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasət, Azərbaycanın etnik və dini rəngarəngliyi haqqında danışdı və toplaşanların suallarına cavab verdi. Sonra  Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış etdilər və auditoriyanın suallarına cavab verdilər.
Səfər davam edir.
 
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1938