15 DEKABR 2024
Azərbaycan nümayəndə heyətinin ABŞ səfəri davam edir
03.03.2023
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycanın din xadimləri və dövlət qurumları rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Solt-Leyk-Siti şəhərinə səfəri davam edir.
Mart ayının 1-də QMİ sədrinin rəhbərlik etdiyi heyətin bir sıra görüşləri baş tutub. Belə ki, günorta saatlarında Şeyxülislam Allahşükür Paşazadə “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” kilsəsinin ali rəhbəri cənab Rassel Nelson ilə görüşüb. Cənab Nelson Şeyxülislam Paşazadəni, eləcə də onu müşayiət edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənovu, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyevi və Azərbaycanın ABŞ-dakı Səfiri Xəzər İbrahimi salamlayaraq dəvəti qəbul edib ABŞ-a gəldikləri üçün onlara təşəkkür edib. QMİ sədri ev sahiblərinə nümayiş etdirdikləri səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək kilsə rəhbərliyinə Azərbaycan Prezidenti cənab İlham Əliyevin salamlarını çatdırıb. Səmimi şəraitdə keçən görüşdə tərəflər müxtəlif dinlərin ortaq dəyərlərinin onları bir-birindən fərqləndirən ənənə və xüsusiyyətlərindən daha mühüm olduğunu, “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” kilsəsi və Qafqaz Müsəlmanları İdarəsinin apardığı fəaliyyətin bir çox istiqamətdə üst-üstə düşdüyünü məmnuniyyətlə qeyd etdilər. Hər iki tərəf dinlərarası dialoq və əməkdaşlığın tərəfdarı olduğunu vurğuladılar.
Şeyxülislam A. Paşazadə Yuta ştatının Xocalı soyqırımını ABŞ ştatları arasında ilk tanıyanlardan biri olduğunu, bundan başqa, Ermənistan tərəfindən Azərbaycan ərazilərində bastırılan və bu günədək insan ölümlərinə səbəb olmağa davam edən yüz minlərlə minaların zərərləşdirilməsində Yuta ştatının ölkəmizə praktiki dəstəyini xatırladaraq buna görə ev sahibi tərəfə bir daha öz təşəkkürlərini ifadə etdi və Kilsə rəhbərlərini Azərbaycana dəvət etdi.
Görüşün sonunda cənab Nelson Azərbarcan Prezidenti İlham Əliyevə öz salamlarını çatdırmağı QMİ sədrindən xahiş etdi və bildirdi ki, cari ilin aprel ayında Kilsənin baş qurultayında tədbirə qatılacaq 20 mindən çox nümayəndələr Azərbaycan dövləti və onun xalqı üçün dua edəcəklər.
Azərbaycan nümayəndə heyəti öz növbəti görüşünü Yuta Diedre Hendersonla keçirdi. Qonaqları səmimi salamlayan xanım Henderson Azərbaycan heyətinin nümunəvi dinlərarası tərkibini xüsusilə qeyd etdi və bundan olduqca məmnun olduğunu bildirdi. Şeyxülislam Paşazadə əvvəlki görüşlərdə olduğu kimi bu dəfə də Yuta ştatının Xocalı soyqırımını tanıdığına, Qarabağ torpaqları azad olunduqdan sonra orada Ermənistan tərəfindən bastırılan çoxsaylı minaların zərərləşdirilməsində verdiyi dəstəyə görə Yuta ştatına və onun xalqına təşəkkür etdi. Xanım Henderson iki ölkə arasında dinlərarası əməkdaşlığın hər iki tərəf üçün faydalı olduğunu, bununla yanaşı iqtisadi, siyasi, habelə təhsil və mədəniyyət sahələrində əlaqələri inkişaf etdirməkdə ABŞ tərəfinin maraqlı olduğunu vurğuladı.
Gün ərzində Azərbaycan nümayəndə heyəti “İsa Məsih Sonuncu Günlərin Müqəddəsləri” kilsəsi 12 həvariləri Kvorumunun daha iki üzvü – Ronald Raşband və Devid Bednarla görüşdü. Cənab Raşband, eləcə də cənab Bednar Azərbaycanla, azərbaycanlılarla bağlı geniş məlumata malik olduqlarını, ölkəmizin 30 il boyu işğal altında qalan əzəli torpaqlarını azad ardıcıl və inamlı mübarizəsindən, işğal illəri boyu xalqımızın, onun mənəvi və mədəni irsinin məruz qaldığı soyqırım haqqında xəbərdar olduqlarını, hər zaman Azərbaycanın haqq mövqeini dəstəklədiklərini və bundan sonra da dəstəkləyəcəklərini vurğuladılar.
* * *
Şeyxülislam Paşazadə və onu müşayiət edən heyət martın 1-i səhər saatlarında adı çəkilən kilsənin xeyriyyəçilik qurumu – Velfeyr (Xeyriyyəçilik) meydanı ilə tanış oldu. Azərbaycanlı qonaqlar onlarca kənd təsərrüfatı, emal, qablaşdırma müəssisəsi, nəqliyyat və ticarət şəbəkəsi, işədüzəltmə və ianə paylama mərkəzlərini əhatə edən və nəhəng istehsalat birliyini xatırladan qurumun fəaliyyəti ilə bağlı geniş məlumat aldılar. Qurum rəhbərinin sözlərinə görə, ötən il dünyanın müxtəlif ölkələrində təqdim olunan ianələrin ümumi həcmi 1 milyard dollar təşkil edib. Eyni zamanda, «Xeyriyyəçilik meydanı» bu il Türkiyədə və Suriyada dağıdıcı zəlzələdən əziyyət çəkənlərə də öz qayğısını əsirgəməmiş və yardım aksiyalarını davam etdirmişdir.
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 3862