QMİ sədri Qazaxıstan səfirini qəbul etdi

 
10 fevral 2023-cü il. 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə  Qazaxıstan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Serjan Abdıkərimovu ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etdi.
     Səmimi şəraitdə keçən görüş zamanı Şeyxülislam A. Paşazadə qazaxıstanlı səfirin ölkəmizdəki fəaliyyətini yüksək dəyərləndirdi. Onun səfirlik dövrünün məhsuldar olduğunu, qardaş xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin daha da dərinləşməsinə xidmət etdiyini bildirən Şeyxülislam A. Paşazadə, səfir S.Abdıkərimovun mədəni-mənəvi münasibətlər müstəvisində fəaliyyətinin də hər zaman xoş xatırlanacağını dedi. Qardaş Azərbaycan-Qazaxıstan əlaqələrinin son dövr ərzində daha da möhkəmləndiyini qeyd edən Şeyxülislam, səfir Abdıkərimovun bu sahədə əlindən gələni etdiyinin təqdirəlayiq olduğunu bildirdi.
Səmimi qəbula görə QMİ sədrinə öz minnətdarlığını bildirən səfir bundan sonrakı yeni vəzifəsində də Azərbaycan dövləti ilə əlaqədar olacağını qeyd etdi. Azərbaycan dövlətinə və onun qardaş xalqına ən xoş arzularını dilə gətirən cənab Abdıkərimov Bakıda işlədiyi dövr ərzində tarixi hadisənin – Azərbaycanın öz əzəli torpaqlarını işğaldan azad etməsinin şahidi olduğundan iftixar və məmnuniyyət duyduğunu dedi. 
Şeyxülislam həzrətləri səfir Abdıkərimova yeni vəzifəsində uğurlar diləyərək ona öz xeyir-duasını verdi. Görüş iştirakçıları iki qardaş ölkənin və qardaş xalqlarımızın çiçəklənməsi və rifahı üçün Uca Allaha dua etdilər, həmçinin, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin qurbanlarının ruhlarına Allahdan rəhmət dilədilər, yaralıların tezliklə şəfa tapmaları üçün dualar etdilər. Sonda xatirə fotosu çəkildi.
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 

Oxunub : 4346