Allahşükür Paşazadə həzrətləri Dr. Ali Erbaşa başsağlığı məktubu ünvanlayıb

06.02.2023
                                     
Türkiyə Cümhuriyyəti
  Diyanət İşləri Başkanı
Professor Dr. Ali ERBAŞA
        
Əziz və dəyərli qardaşım,
Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizə salamlarımı və xeyir-dualarımı yetirir, dövlətlərimiz və xalqlarımız arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi niyyəti ilə Allah-taaladan cümlə ümmətimizə xeyirli fəaliyyətlər arzulayıram.  
Sizə və simanızda qardaş Türkiyə xalqına baş vermiş təbii fəlakət - çoxsaylı insan tələfatı ilə nəticələnən sarsıdıcı zəlzələ ilə bağlı dərin hüznlə baş sağlığı verirəm. Bu üzücü xəbər hər bir azərbaycanlını dərindən sarsıtdı, qardaş dərdi bizim dərdimiz, qardaş gözündən axan göz yaşı bizim də kədərimiz oldu. Biz bir millət iki dövlət olmaqla yanaşı, tarixən qan qardaşı olmuşuq və olacağıq. Çünki  bizi birləşdirən soykökümüz və müqəddəs İslam dinimizdir.
Əziz qardaşım, bu da Allah tərəfindən bir imtahandır və heç şübhə yoxdur ki, qardaş Türkiyə xalqı Allahın köməyi ilə bu imtahandan alnı açıq, daha möhkəm, daha mətin çıxacaqdır, inşallah!  Bu günlərdə Azərbaycanın came və məscidlərində fəlakət qurbanlarının əziz ruhlarına dualar oxunacaq, qardaş türk xalqına Uca Allahdan səbr və dəyanət razi-niyaz ediləcəkdir.
 Bu ağır anlarda dərdinizi bölüşür, həlak olanların ailələrinə, yaxınlarına, bütün Türkiyə xalqına öz adımdan, Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara Allahdan acil şəfalar diləyirəm.
Allah cümlə ümmətimizə yardımçı olsun!
 
Dərin hüznlə,
Şeyxülislam
Allahşükür PAŞAZADƏ
 
*Materiallardan istifadə zamanı sayta iatinad vacibdir!

Oxunub : 4098