İranda Azərbaycan səfirliyinə qarşı törədilən xain terror hucumu iki ölkə arasında münasibətlərdə gərginlik yaradıb.

06.02.2023
Buna qədər ötən 2 ildə İran atdığı bir sıra addımları ilə mütəmadi olaraq Bakının narazı mövqeyi ilə qarşılaşırdı. 44 günlük Vətən müharibəsi Tehranın Azərbaycana qarşı yürütdüyü siyasətin üzərindən “bəzəkli örtüyü” cıraraq qonşu ölkənin əsl simasını ortaya qoydu.
Məlum oldu ki, bu “din və məzhəb qardaşı”nın Ermənistanla üst-üstə düşən “qırmızı xətləri” var. Azərbaycanın bu xətlərə əhəmiyyət vermədiyini görən “şiə qardaş” sınıq-salxaq tanklarını Araz kənarına çıxartdı, bizi guya qorxutmağa çalışdı.
Bu demarşdan sonra Bakı Tehranın siyasətbazlığının qarşılığında özünün elit komando qruplaşmalarını sərhədə gətirdi.
Bütün bunların fonunda yüksələn gərginlik son akkord olaraq səfirliyə terror hucumu “əsəb müharibəsinin” yeni müstəvisini yaradıb. Ölkəmizin bütün ictimai-siyasi qüvvələri dövlətimizə qarşı bu hucuma sərt təpki verərək İrandan baş verənlərə aydınlıq gətirilməsini və üzr istəməyi tələb etdilər.
Bu baxımdan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin İranı çox sərt ittiham edən bəyanatları Tehranda şok effekti yaratdı və böyük rezonans verdi.
Qafqaz Müsəlmanları İdarəsi yaydığı Bəyanatda Səfirliyimizə qarşı törədilən təcavüz aktını qətiyyətlə pislədi və bunu “siyasi məqsədli terror aktı” kimi qiymətləndirdi.
“Səfirliyimizə hücumla bağlı bütün məsuliyyəti beynəlxalq hüquq və diplomatik qanunlarla İran tərəfi daşıyır. İran dövlətinin Tehrandakı Səfirliyimizə silahlı hücumu Azərbaycanın dövlət mənafelərinə, xalqımıza birbaşa təhdiddir. Dövlətçiliyimizə qarşı hər hansı təhdidə göz yuma bilmərik”.
Terror aktı nəticəsində həlak olan səfirlyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun yas mərasimində Şeyxülislam daha bir ciddi bəyanat verdi. QMİ sədri “İranda 40 milyona yaxın azərbaycanlı bu gün fars rejiminin əlində əsirdir” dedi. “İranı qardaş hesab edirdik. Biz indi bilirik ki, onlar bizim yox, Ermənistanın qardaşıdır”.
Bütün bu açıqlamalar QMİ sədrinin dövlət maraqlarının ardıcıl müdafiəçisi kimi dönməz xarakterini bir daha nümayiş etdirdi.
Azərbaycanın siyasətçiləri də Şeyxülislamın İranla bağlı bəyanatlarını dəstəkləyərək bunun bütün siyasi spektrlə müqayisədə daha böyük siyasi əhəmiyyətini qeyd etdilər. Dini liderin belə sərt, ünvanlı bəyanatı ölkə ictimai-siyasi gündəmini Azərbaycan dindarları üzərində fokuslayaraq bu cameənin dövlətlə vahidliyini nümayiş etdirdi.
A.Paşazadə dövlətlərarası münasibətlərdə həmişə ölkəsinin maraqlarının ardıcıl müdafiəçisi kimi çıxış edib. Bu böhranlı periodda QMİ sədri İran- Azərbaycan əlaqələrinin Tehran tərəfindən bilərəkdən gərginləşdirilməsini görərək ilk gündən buna qarşı mövqeyini ortaya qoydu.
Araz çayı boyunca İranın hərbi təlimləri keçiriləndə Şeyxulislam  bəyanatı ilə bunu pislədi və iki ölkə arasında münasibətlərin ruhuna zidd olduğunu bəyan etdi. Daha sonra Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın Ermənistana tələbləri fonunda İranın Qafanda konsulluq açması Bakıya qarşı növbəti meydanoxuma sayıla bilərdi. QMİ sədri Qafanda konsulluq açılmasını ciddi şəkildə etiraz etdi və belə addımların cavabsız qalmayacağını bəyan etdi.
Səfirliyimizə terror hucumu ilə QMİ sədrinin bəyanatlarında sərtlik tonu pikə çatdı. A.Paşazadə artıq dini lider kimi deyil, ictimai xadim olaraq ölkəsinə qarşı birləşən geopolitik savaş təhlükəsinə qarşı bütün gücünü göstərdi.
İran dini dövlət olaraq son 30 ildə postsovet ölkələrində məzhəb birliyi olan müsəlmanlar arasında mövqeyini gücləndirmək üçün həmişə cəhd edib və bəzən loyal icmalar da qura bilib. Lakin QMİ-nin “ram edilməsi” heç vaxt mümkün olmayıb.
Şeyxulislamın ölkənin ağır günlərində sınaqdan keçmiş təcrübəsi bu gün də tarixin yaddaşında qalır.
1990-cı ilin qanlı yanvar günlərində də belə olmuşdu. Şeyxülislam qanlı yanvar gününə qədərki fəaliyyəti ondan sonrakı fəaliyyəti fərqli bir müstəvidir.
Yenilənmiş sovet sisteminin dini liderlər üçün  yaratdğı müəyyən imkanlar SSRİ-də din azadlığına maneənin olmadığını dünyaya nümayiş etdirmək niyyəti daşıyırdı. 1990-cı ilin yanvarında QMİ sədri Azərbaycanda nufuzu olan dini lider, SSRİ xalq deputatı mandatını daşıyan ictimai xadim idi.
A.Paşazadə SSRİ Ali Sovetinin din məsələləri üzrə komissiyasının üzvü, sovet hökumətinin dinlə bağlı siyasətini müəyyənləşdirən əsas orqanının nümayəndəsi idi.
QMİ sədri SSRİ xalq deputatları qurultayında Ermənistanın ərazi iddialarına qarşı mübarizə aparan, Qarabağ məsələsində sovet rəhbərliyinin obyektiv münasibətinin zərurliyini bəyan edən dini lider idi.
20 yanvarda sovet ordusunun Bakıya soxulması və dinc sakinləri gülləbaran etməsi ilə QMİ sədrinin fəaliyyətində digər dönəm başladı. O qanlı qırığına görə SSRİ prezidenti Mixail Qorbaçovu sərt ittiham etdi və onu qanlı cinayətin təşkilatçısı adlandırdı. SSRİ tarixi üçün din xadiminin açıq şəkildə sovet rəhbərini cinayətdə ittiham etməsi faktı olmamışdı.
Şeyxülislamın öz ölkəsi uğrunda mübarizəsinin daha bir sərt demarşı həmin ilin mart ayında oldu. Mixail Qorbaçovun SSRİ prezidenti seçilməsinə etiraz edən A.Paşazadə SSRİ xalq deputatı mandatından imtina etdi. Şeyxülislam Bakı qırğınının bilavasitə təşkilatıçısı olan Qorbaçovun mühakimə edilməsinə çağırırdı. QMİ sədrinin mötəbər mandatdan imtinası, Qorbaçovun SSRİ prezidenti seçilməsinə etirazı, Azərbaycana qarşı hərbi cinayəti tördənlərin cəzasız qalacağına hiddətindən doğan demarşı idi. Şeyx şəxsi nümunəsi ilə “böyük qardaş”dan imtina jesti göstərərək Azərbaycan dövlətinin müstəqillik mübarizəsinə stimul verdi.
Halbuki, QMİ sədrinin SSRİ-də o zaman üçün yüksək imtiyazları var idi, Şeyxülislam ümumi ifadələrə arxa planda qala bilərdi. Amma Vətən və Azərbaycanın maraqları naminə o imtiyazlar Şeyx üçün əhəmiyyətsiz oldu.
İranla bağlı məsələdə bu tarixə bir oxşarlıq var.
44 günlük müharibə zamanı QMİ-nin müsəlman dövlətlərinə müraciəti, Azərbaycanın haqlı müharibəsində dəstək istəməsi  İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr tərəfindən birmənalı dəstəkləndi.
Lakin bu sırada İran tərəddüdlü mövqeyi ilk gündən özünü bürüzə verdi. “Məzhəb qardaşlığı” haqqında gəlişigözəl sözlərin arxa planında Tehranın nala-mıxa vurması QMİ sədrinin də diqqətindən qaçmadı.
İranın ölkəmizə yönəlik mövqeyində müharibənin nəticələrinə uyğun qiymət alması üçün A.Paşazadə Tehrana vəhdət prinsiplərini xatırlatdı. Hətta ölkə daxili etirazlara tuş gəlsə də İran siyasi rejiminə öz səhvlərini düzəltmək üçün şans verdi.
Şeyxülislam İran dini liderinin Bakıda olan nümayəndəsini işğaldan azad olunmuş Qarabağa apardı, ermənilərin xaraba qoyduğu əraziləri göstərdi, Şuşa məscidində Qələbə duası üçün namaz səfinə durğuzdu.
Bütün bu addımlar Vətən Müharibəsinin geopolitik nəticələrindən həyəcana düşən, qorxan Tehrana bir qonşu olaraq Azərbaycanın dostluq mesajı idi. Bakı İrana Qafqazda yaratdığı yeni geosiyasi reallıqda birgə olmağa, bunun imkanlarından faydalanmağı təklif edirdi.
Lakin son 2 ildə baş verənlər subut etdi ki, istər 44 günlük müharibə zamanı, istərsə də sonradan İranın tutduğu mövqe düzəlməsinə ümid olunan səhv siyasət yox,  Tehranın məqsədyönlü fəaliyyəti idi. İran Ermənistanla müttəfiqliyindən Azərbaycanı Qafqazda sıxışdırmaq, İrəvanı “qırmızı xətti” elan etməklə böyük perspektivlər açan logistik və enerji layihələrinin qarşısnı almaq məqsədi güdürdü.
Tehran bu siyasətinin prioritetlərini qurarkən “məzhəb faktorunu” iki dövlət arasında təzyiq rıçağı kimi olacağına ümid edirdi. Lakin QMİ sədrinin fövqəl əhəmiyyət daşıyan mövqeyi ilə bu niyyət darmadağın oldu. Tehranın Azərbaycan müsəlmanları arasında “məzhəb legionları”na olan ümidi puça çıxdı, cəmiyyətimizin dövlət ətrafında monolit birliyi və vahid mövqeyi ilə nəticələndi.
Şeyxülislam bu cərgənin önündə gedirdi. O, dar niyyətli və islamdan siyasi məqsədlər üçün istifadəyə üstünlük verən İrana qarşı müsəlmanları birləşdirən ümmətçi din rəhbəri və öz ölkəsinin maraqları üçün çarpışan dövlətçi və mübariz şəxs olaraq qaldı

Oxunub : 3155