Şeyxülislamın “dini çətiri” – Erməni kilsəsi necə tək qaldı?

10.01.2023
 
Ermənistanın baş naziri Paşinyan xalqa yeni il müraciətində “müttəfiqlərimiz bizi tək qoydular” deyərək 2022-ci ili  ciddi çağırışlarla müşayiət olunan “ikiqat ağır il” adlandırıb.
Onun ardınca Erməni Apostol Kilsəsinin katolikosu I Aram yeni il videomüraciətində “əsl dostumuz yoxdur, indi tək qalmışıq” bəyanatını verdi.
Katolikos I Aram bütün erməniləri birləşməyə çağırıb və “bizim həqiqi dostlarımız yoxdur, biz təkik, milli təhdidlərə birlikdə qarşı çıxmaq üçün vahid cəbhəmiz yoxdur. “Artsax” torpaqların çoxunu itirib və mövcudluq uğrunda mübarizə aparır. Ermənistan da öz mövcudluğunu itirə bilər”-deyib.
Bədbin notlarla dolu bu yeni il müraciəti əslində ötən illərin ağır mirasının acı etirafıdır.
Azərbaycanın Vətən Müharibəsində şanlı qələbəsində cəmiyyətin vahidliyi böyük rol oynadı. Azərbaycan prezidenti İlham Əliyev öz çıxışlarında daim bunu vurğulayaraq xüsusi qeyd edir.
Cəmiyyətin Qarabağ uğrunda bu illərdə aparılan mübarizədə hər kəs üzərinə düşəni etməyə çalışıb və məsuliyyətini başa düşüb.
Qafqaz Müsəlmanları İdarəsi və onun sədri Şeyxülislam Allahşükür Paşazadənin bu yöndə fəaliyyəti birmənalı olub.
Bakı Qarabağ münaqişəsinin ilk günlərindən probelmin dini zəmində olmadığını bəyan edərək Ermənistanın bu yöndəki məkrli siyasətinin qarşısını ala bilmişdi. Amma buna baxmayaraq kilsə hər fürsətdə bu münaqişəni “əzabkeş xristian ermənilərin”  “dərdi” kimi dürtməyə can atırdı.
Ötən 30 ildə sülh mesajları altında gizlənən erməni kilsəsinin “maskası” 44 günlük Vətən müharibəsi zamanı  cırıldı. Hərbi əməliyyatlar başlandıqdan sonra erməni kilsəsi özünün militarist sifətini açıq göstərməyə başladı. Eçməzdinin həmin günlərdə yaydığı bütün bəyanatlar, çağırışlar yalnız qan tökməyə, sadə erməniləri onlara aid olmayan torpaqlar uğrunda ölməyə səsləyirdi.
Həmin günlərdə erməni Apostol Kilsəsinin rəhbəri, katolikos 2-ci Qaregin erməni xalqına müraciətində bəyan etdi ki, Qarabağ heç bir statusda Azərbaycanın tərkibində ola bilməz.
Katolikosun Qarabağdakı müharibəni dünya ictimaiyyətinə “əzabkeş erməni xalqına” olan hucum kimi təqdim etmək cəhdləri alınmadı.
44 günlük müharibə zamanı erməni Apostol Kilsəsinin dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara son hərbi əməliyyatlar zamanı dəstək istəməsi o qədər də reaksiya doğrumadı. Eçməizdinin ümid etdiyi xristian dünyasının dəstəyi yalnız sülh və əmin-amanlıq arzu edən azsaylı dəstək mesajlarından o tərəfə keçməyib.
Həmin dövrdə Qaregin müxtəlif dini qurumlara ünvanladığı müraciətlərinə yalnız bir neçə cavab ala bilmişdi.
Yunanıstan Pravoslavlarının Patriarxı 3-cü Feofil Qareginin məktubuna cavabında danışıqların münaqişənin həllində yeganə və təhlükəsiz vasitə olduğunu bildirib. Anqlikan kilsəsindən, Kenterberri arxiyepiskopu Castin Uelbin qısaca tərəfləri sülhə və dialoqa çağırıb.
Şeyxülislam II Qareginin erməniləri  müharibəyə səsləməsini pislədi, Ermənistanın işğalına dəstək verməsi dini baxımdan qəbuledilməz olduğunu bəyan etdi.  “Bir əlində “İncil”, digər əlində silah tutaraq Azərbaycana qarşı döyüşməyi təbliğ  erməni ruhanilərin dinə sadiqliyini şübhə altında qoyur”-deyən QMİ sədri bəyan etdi ki, erməni kilsəsinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi savaşını dini müharibə kimi təqdim etmək istəkləri baş tutmadı: “Onlar bu yolla xristian ölkələrindən dəstək almaq kimi məkrli niyyətlərini davam etdirməkdədir. Azərbaycan öz ərazilərini işğaldan azad edir”.
Azərbaycan tarixi ərazilərini işğaldan azad etdikdən sonra regionda yeni mənzərə yarandı. Artıq məlum olur ki, erməni kilsəsi QMİ-dən fərqli olaraq regionun təhlükəsizliyi üçün heç bir rıçağı yoxdur, kinli mesajları ilə sülh platformasna qarşıdır.
Şeyxülislam isə regiondakı qlobal proseslərlə bağlı erməni Apostol kilsəsinin başçısı kimi dar maraqlar çərçivəsindən çıxış etmir, sülhün bərqərar olması üçün töhfələrini verir.
Bu baxımdan Cənubi Qafqazda sülhün və sabitiliyin təmin olunmasında, dialoq çağırışlarının ardıcıllığında Qafqaz Müsəlmanları İdarəsinin məsul rolu bir daha üzə çıxır.
QMİ sədri dünyada Azərbaycanın  mötəbər dini qurumları ilə qarşılıqlı etimada əsaslanan geniş  şəbəkəsini qura bilib.
Bu fəaliyyət Azərbaycan prezidentinin apardığı siyasi kursla iç-içə aparılır, dövlət prioritetləri üzərində qurulur.
QMİ dünyanın 100-ə yaxın ölkəsi ilə beynəlxalq əlaqələr saxlayır. Şeyxülislam Vatikandan tutmuş müqəddəs Sinoda, katolik dünyasından pravoslav məbədlərinə qədər uzanan bu əməkdaşlıq platformasını Azərbaycan həqiqətlərini çatdırmaq üçün uğurulu məkana çevirə bilib.
İstər müharibədən əvvəl, və ya ondan sonra QMİ-nin beynəlxalq təmasları birbaşa Azərbaycanın haqlı mövqeyinin, geopolitik platformada elan etdiyi prinsiplərinin ardıcıl müdafiəsinə yönəlib. Şeyxülislamın rəhbərliyində təmsil olunduğu nufuzlu təşkilatlar daim Azərbaycanın haqq səsinin eşidildiyi tribuna olub. A.Paşazadə bu yöndə fəaliyyəti ilə beynəlxalq tərəfdaşlığın etibarlı müstəvisini yarada bilib.
Qarabağ münaqişəsinin ilk günündən problemin sülh yolu ilə həllini dəstəkləyən QMİ və onun sədri Şeyxülislam Allahşükür Paşazadə beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətinə cəlb edə bildi. Ən müxtəlif platformalarda Azərbaycan dövlətinin sülh mesajını səsləndirən Şeyxülislam bununla ölkəmizin Qarabağla, işğal olunmuş ərazilərimizlə bağlı ədalətli mövqeyini ardıcıl müdafiə edib.
Erməni din xadimləri ilə görüşlərində səmavi dinlərin bəşəri missiyasını daim xatırladan QMİ sədri xalqın əzabı üzərində xoşbəxtliyin sonsuz olmadığını bəyan edib. Onun fəalliyyəti nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə formalaşan “dini çətir” ölkəmizin haqlı mövqeyinə verilən dəstəyin nümayişi saymaq olar.
Bunun bariz nümunəsi 2019-cu ildə keçirilmiş Dünya Dini Liderlərinin Bakı Zirvə görüşünü xatırlamaq olar. Müxtəlif səmavi dinləri təmsil edən nufuzlu din xadimləri bəyanat verərək bir daha Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirdilər.
QMİ-nin təşəbbüsü ilə ötən illərdə İspaniyada, Almaniyada, Avstriyada, Rusiyada keçirilən beynəlxalq konfranslarda da Qarabağ münaqişəsinin həllində Azərbaycanın ərazi bütövlüyü prinsipi sülhün açarı kimi qeyd olunmuşdu.
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  öz tarixi torpaqlarını işğaldan azad etdikdən sonra barbarlağın daha bir sübutu ortaya çıxdı. Qarabağda dağıdılan dini-mədəni abidələr, məscidlər, kilsələrin yerlə yeksan edilməsi dünyanı şoka saldı.
Şeyxüliaslam Allahşükür Paşazadə Azərbaycanın mədəni sərvətlərinin dağıdılmasına qarşı, torpaqların işğal altında saxlayan Ermənistanın rüsvay edilməsi üçün əlində olan bütün vasitələrdən istifadə edib.
Azərbaycanın viranə edilmiş, talanmış ərazilərinin miqyasını gizlətmək, təhrif etmək çox çətindir. Düşmənin bu faktları susqunluqla qarşılaması törətdikləri cinayətlərin etirafı hesab oluna bilər.
Azad edilmiş ərazilərə saysız səfərlər, xarici diplomatların, beynəlxalq qurumların iştirakı ilə keçirilən mötəbər toplantılar bir daha bu barbarlığı hamıya nümayiş etdirir, heç bir bəraət yeri saxlamır.
Vətən Müharibəsində QMİ sədrinin dünyanın din xadimlərinə, beynəlxalq təşkilatlara ünvanladığı məktubuna verilən cavablar bu dəstəyin miqyasını göstərən bir indikator oldu. BMT Baş katibindən, İslam Əməkdaşlıq Təşkilatından, beynəlxalq təşkilatlardan gələn reaksiyalar Ermənistandan fərqli olaraq Azərbaycanın haqlı mübarizəsinə dəstəyin bariz nümunəsi idi.
Ermənistan dövlət başçsının “tək qalmışıq” bəyanatı və kilsənin bədbin mövqeyi onu göstərir ki, Azərbaycan prezidenti İlham Əliyevin siyasi platforması uğur qazanıb. Bu gün dünyada gedən geopolitik mübarizənin fonunda xalqın vahid mövqeyi və cəmiyyətin bütün təbəqələrinin etimadı bu siyasətin söykəndiyi əsas fundamentdir.
Aydın ABBASOV

Oxunub : 4649