QMİ sədri ABŞ heyətini qəbul etdi

13.12.2022
Dekabr ayının 13-də QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Amerika Azərbaycan Mədəniyyət Fondunun rəhbəri Nurit Qrinqer onu müşayiət edən Los Anceles yəhudi icmasının üzvləri Eti El-Kiss və Karen Koheni qəbul edib.
 
Qonaqları səmimi salamlayan Şeyxülislam Azərbaycandakı müxtəlif dini konfessiyalar arasında hökm sürən harmoniya haqqında bəhs etdi, multikulturalizm və tolerantlığın Azərbaycan cəmiyyətinin həyat tərzi olduğunu bildirdi. Belə bir mühitin bünövrəsini dünən özünün anım günündə ümummilli səviyyədə yad edilən Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu qeyd olundu. Vurğulandı ki, Azərbaycan cəmiyyətindəki birlik Vətən müharibəsi dövründə özünü daha da bariz şəkildə göstərdi. Vətənimizin ərazi bütövlüyü uğrunda təkçə azərbaycanlılar deyil, rus, yəhudi və digər xalqların oğulları Azərbaycan vətəndaşı olaraq qanlarından və canlarından keçdilər, Şəhidlərimiz xalqın qəlbində bir abidə kimi ucaldılar. Vətən müharibəsi təkçə çoxmillətli Azərbaycan cəmiyyətimim birliyini deyil, eləcə də kimin dost, kimin isə düşman olduğunu nümayiş etdirdi.
 
Azərbaycanın tarixi, post-müharibə dövründə inkişafı, milli-mədəni irsi, multukulturalizm ənənələri ilə yaxından tanış olmaq və Azərbaycanla bağlı məlumatları ABŞ ictimaiyyətinə çatdırmaq məqsədilə ölkəmizdə səfərdə olan heyət üzvləri ölkəmizdə gördüklərinə heyran qaldıqlarını, müxtəlif xalqların nümayəndələri arasındakı qarşılıqlı hörmət və ləyaqəti xüsusi vurğulayaraq bu baxımdan ölkəmizin bütün dünyaya örnək olduğunu bildirdilər. Cari ilin 27 iyul  tarixində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə məktub ünvanlayaraq II Vətən müharibəsi qazisi Arif Hacıyevin gözünün əməliyyat edilməsinin təşəbbüskarı olan Nurit Qringer bu əməliyyat üçün donor olan İsrailli ailə və əməliyyatı həyata keçirən həkimlə görüşün təşkil etdiyini bildirdi. Şeyxülislam Həzrətləri bunun dinindən və irqindən asılı olmayaraq əsl insan qardaşlığının təzahürü kimi qiymətləndirərək xanıb Qringerə təşəbbüsünə görə təşəkkür etdi.
 
         Qonaq heyətin üzvləri hazırda Azərbaycana həsr olunmuş sənədli filmin çəkilişi ilə məşğul olduqlarını bildirərək həmin filmin premyerasının gələn il Bakıda keçiriləcəyini dedilər və Şeyxülislam A.Paşazadəni premyeraya dəvət etdilər.
 
 Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olundu.
 
*Materialllardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 

Oxunub : 2924