Şeyxülislam həzrətlərinin Fəs şəhərində keçirilən Qlobal Forum çərçivəsində keçirdiyi görüşlər

24.11.2022
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Mərakeş Krallığının Fəs şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının IX Qlobal Forumunda iştirakı çərcivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri ilə görüş keçirmişdir.
Mərakeş Krallığının ali dəstəyi və evsahibliyi, Birləşmiş Millətlər Təşkilatının Baş katibi cənab Qutterişin iştirakı, Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi cənab Moratinosun və qərargahı Azərbaycanda yerləşən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən BMT-nin “Sülh Alyansına Doğru: Vahid bəşəriyyət olaraq birlikdə yaşamaq” forumunun işində Mərkəzin həmsədri, Latviyanın sabiq Prezidenti xanım Vayra Vike-Freyberqa, İSESCO-nun sabiq Baş Direktoru Əbdüləziz əl-Tuveycri, Gürcüstanın sabiq Prezidenti Qiorqi Marqvelaşvili, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bosniya və Herzeqovinanın sabiq Prezidenti Mladen İvaniç, Latviyanın sabiq Prezidenti Valdis Zatlers, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov, Çexiyanın sabiq Baş naziri Yan Fişer, Ərəb Dövlətləri Liqasının sabiq Baş katibi Amr Musa, İsrailin sabiq xarici işlər naziri Tzipi Livni, Gürcüstan sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili, BMT-nın 73-cü və 75-ci Baş Assambleyalarının Prezidentləri Maria Fernanda Espinoza və Volkan Bozkır iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə Mərkəzin üzvləri ilə görüş zamanı Azərbaycanın 2020-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın hərbi təcavüzünə son qoyaraq, dünya birliyi tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa etdikdən sonra işğal dövründə törədilmiş vandalizm aktları nəticəsində dağıdılmış və təhqirə məruz qalmış dini-mədəni abidələrimizin, məscidlərlə yanaşı digər dini məbədlərin bərpa edilməsi, aparılan genişmiqyaslı yenidənqurma işləri ilə bağlı məlumat vermişdir.
Hərbi əməliyyatların 2 il öncə başa çatmasına baxmayaraq Ermənistanın ərazilərimizi tərk edərkən həyata keçirdiyi genişmiqyaslı minalama əməliyyatları nəticəsində hələ də 250 nəfərin həlak olması, yüzlərlə insanın yaralanması, buna rəğmən Ermənistanın minalama xəritələrini təqdim etməkdən yayınması faktı görüş iştirakçılarının xüsusilə diqqətini çəkmişdir. Vurğulanmışdır ki, Azərbaycanın qalib tərəf olduğu halda bütün bunlara baxmayaraq yenə də sülhə dəvət edən tərəf olması olduqca təqdirəlayiqdir.
Görüş iştirakçıları Azərbaycanın multikultural modelinin unikallığını xüsusi qeyd edərək ölkəmizdə hökm sürən dinlərarası harmoniyanın və yüksək səviyyəli dövlət-din münasibətlərinin bütün dünya üçün örnək olduğunu dilə gətiriblər.
Görüşün sonunda A. Paşazadə Nizami Gəncəvi Mərkəzinin üzvlərini növbəti Bakı səfərləri zamanı qəbul etməkdən məmnunluq duyacağını ifadə etmişdir.
Günün ikinci yarısında Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın "Mədəniyyət naminə sülh" qlobal təşəbbüsünə həsr olunmuş, BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Moratinosun, Azərbaycan Respublikası mədəniyyət naziri A. Kərimovun, ISESCO baş direktoru Dr. Salim Əl-Malikin və Latviyanın sabiq prezidenti Valdis Zaltersin iştirakı ilə keçirilən xüsusi panel sessiyasında iştirak etmişdir.
BMT Sivilizasiyalar Alyansı IX Qlobal Forumu öz işini başa çatdırmışdır.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 

 

Oxunub : 3923