"Beynəlxalq Tolerantlıq Günü"nə həsr olunmuş "TOLERANTLIQ SÜLH VƏ ƏMƏKDAŞLIĞA APARAN YOL KİMİ" mövzusunda beynəlxalq konfrans — Konfransda Allahşükür Paşazadə həzrətlərinin çıxışı

16.11.2022
 
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri
möhtərəm Kamal Abdulla cənabları!
 
Stirlinq Fondunun İcraçı direktoru möhtərəm cənab Edvard Rou!
 
Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri
möhtərəm cənab Mübariz Qurbanlı!
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov cənabları !
 
Möhtərəm dövlət və din xadimləri,
dini konfessiya rəhbərləri!
 
 ABŞ-ın Yuta ştatından təşrif buyurmuş xarici qonaqlarımız!  
  Dəyərli Konfrans iştirakçıları!
         Tolerantlıq ünvanı, multikultural dəyərlər ölkəsi Azərbaycanda 16 Noyabr -Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş Konfransda hər birinizi səmimi salamlayır, Uca Rəbbimizdən tədbirimizə xeyir-dualar diləyirəm. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Stirlinq Fondunun və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan bugünkü qardaşlıq toplantısının məram və məqsədi Allah-Təalanın təlqin etdiyi sülh, qarşılıqlı anlaşma ideallarına xidmətdən irəli gəlir. Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulur ki:
يَآ أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِّنْ ذَكَرٍ وَّأُنْثَى وَجَعَلْنَاكُمْ شُعُوبًا وَّقَبَآئِلَ لِتَعَارَفُوا     إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللهِ أَتْقَاكُمْ ...
«Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlar və qəbilələr olaraq qərar verdik. Allahın nəzərində ən üstün olanınız Onun buyurduqlarına əməl edəninizdir» (Hucurat, 13). Deməli, Uca Yaradanımızın Lütfü olan müxtəlifliyimiz bizim bir-birimizi daha yaxından tanımağımıza xidmət edir.  
 
                  Hörmətli konfrans iştirakçıları! Tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və tolerantlıq dövlət səviyyəsində dəstəklənir. Azərbaycan Prezidenti İlham Əliyev cənablarının elan etdiyi Multikulturalizm, İslam Həmrəyliyi illəri, müəllifi olduğu Mədəniyyətlərarası dialoqa dair Bakı prosesi dünyada insan həmrəyliyinə xidmət edir. Bu məqamda Azərbaycanın istiqlalı, ümumən Qafqaz bölgəsi üçün böyük xidmətlər göstərmiş dahi şəxsiyyət -- ulu öndərimiz Heydər Əliyevi xatırlamalıyıq. Gələn il anadan olmasının yüz illiyi tamam olacaq ulu öndərimizin anım günləri ərəfəsində biz bu böyük insanın dövlətimiz, xalqımız üçün, milli-mənəvi dəyərlərimizin dirçəlişi üçün atdığı tarixi addımları böyük minnətdarlıqla yad edirik. Müstəqil dövlət olaraq Azərbaycan dini-mədəni müxtəlifliyin harmoniyasına istinad edən cəmiyyət quruculuğunun təməli «Yüksək tolerantlıq yüksək mədəniyyətin təzahürüdür» təbirinin müəllifi - ümummilli liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsi sayəsində qoyulmuşdur. Bu uğurlu siyasi kursun davamçısı Prezident İlham Əliyev cənabları Multikulturalizmi «Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti» kimi dəyərləndirdi. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyeva dünya miqyasında multikulturalizmin təbliği sahəsində unikal fəaliyyəti ilə Azərbaycanın sivilizasiyalararası dialoq və əməkdaşlıq istiqamətində beynəlxalq müstəvidə söz sahibinə çevrilməsinə xidmət etməkdədir.
 
 
                   Hörmətli konfrans iştirakçıları! 2020-ci ildə Azərbaycan xalqı Ali Baş Komandanımızın rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində 30 ilə yaxın davam edən işğala son qoydu, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa etdi. Bu Zəfərin qazanılmasında Azərbaycan xalqının öz lideri ətrafında sıx birləşməsi, xalq-dövlət birliyi, multikultural həmrəyliyimiz vacib əhəmiyyət kəsb etdi. Azərbaycandakı dini konfessiya rəhbərləri 44 günlük müharibə dövründə, hər zamankı kimi, bir yerdə oldular, dünyaya səsimizi birgə ucaltdıq. Multikultural ruhlu vətənpərvərliyin bəhrəsi ümummilli Zəfərimiz oldu! Müxtəlif milli və dini mənsubiyyətli Azərbaycanlılar bu günlərdə qələbəmizin ikinci ildönümünü birgə qeyd etdilər. Bu, Azərbaycan multikulturalizminin daha bir əyani təzahürü oldu. Uca Yaradan Vətən müharibəsində müxtəlif millət və dinlərin təmsilçiləri olan bütün şəhidlərə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin!
                Möhtərəm konfrans iştirakçıları! Dünyada baş verən münaqişələr, humanitar fəlakət, səngiməyən qarşıdurmalar, təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək hamımızı narahat edir. Biz dünyada sülhün bərpası üçün dualar edirik. Biz, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, habelə antisemitizm, islamofobiya və xristianafobiya, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik. Qlobal problemlərin həlli üçün bəşəriyyətin dini-mənəvi dəyərlərə söykənməsi zəruridir. Lakin bunun əksinə, real həyatda dindən siyasi məqsədlər üçün sui-istifadə halları ilə rastlaşırıq. Biz monoetnik Ermənistanı təcavüzkarlığa səsləyən nifrət çağırışlarına, revanşizm ideyalarına son qoymağa, sülhə və mehriban qonşuluğa dəvət edirik. Bu gün bütün problemlərin fövqündə duran sülhün qorunması işində dövlət rəhbərlərinin, ictimai və dini liderlərin birgə əməkdaşlığı mütləq vacibdir.
      Azərbaycan dünyada nadir məkanlardandır ki, dini və məzhəb ayrıseçkiliyinə yol verilmir, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyalar bərabər hüquqlara malikdirlər, dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, müxtəlif məzhəb ardıcılları eyni məsciddə bərabər namaz qılırlar. Dinlərarası, konfessiyalararası, həmçinin, məzhəblərarası həmrəyliyin nadir nümunəsinə malik olmağımız mühüm  dəyərdir. Bu dəyəri ümümbəşəri maraqlar naminə beynəlxalq müstəvidə təşviq etmək məramımız Azərbaycanı mədəniyyətlər, dinlərarası dialoqa dair qlobal beynəlxalq tədbirlərin ənənəvi ünvanı kimi tanıdır. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Azərbaycanın multikultural modelinin təbliği, təşviqi, ölkəmizdə və xaricdə bir fənn olaraq tədrisi istiqamətində təqdirəlayiq fəaliyyəti dəyərlərimizin dünyaya təqdim edilməsində xüsusi önəm kəsb edir.
 
 
        
             Möhtərəm Konfrans iştirakçıları! Qonaqlarımıza Azərbaycana xoş gəlmisiniz deyir, bütün konfrans iştirakçılarına nəcib fəaliyyətlərində uğurlar diləyirəm. Qoy Uca Yaradan bugünkü xoşməramlı tədbirimizin işinə rəvac versin! Amin!
 
 
*Materiallardan istifadə zamanı sayta istyinad vacibdir!
 
 
 
 
 
 
 

Oxunub : 2553