Özbəkistan ziyarət turizmi həftəsi

03.11.2022
         Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Qəmər xanım Cavadlı Özbəkistan Turizm və Mədəni İrs Nazirliyinin təşkil etdiyi Beynəlxalq Ziyarət turizmi həftəsi çərçivəsində Səmərqənd və Buxara şəhərlərində keçirilən tədbirlərdə iştirak edib. Buxara şəhərində böyük Nəqşbəndiyyə sufi təriqətinin banisi Bahauddin Nəqşbəndinin kompleksini və ən qədim İslam təhsil ocaqlarından  sayılan Mir Ərəb mədrəsəsini ziyarət edən Q. Cavadlı Mir Ərəb mədrəsəsi məzunlarının Forumunda çıxış edib, Mir Ərəbin tarixi və mənəvi mahiyyəti, Azərbaycan və  Qafqaz müsəlmanlarının  dini təhsil almasında aparıcı rolu, Özbəkistan və Azərbaycan arasındakı ənənəvi dini-mədəni əlaqələrin yeni istiqamətləri barədə məlumat verib. Mir Ərəb mədrəsəsinin fəxri məzunlarından Şeyxülislam Allahşükür Paşazadənin şərəfinə hazırlanan “Şeyxülislam Allahşükür Paşazadənin izi ilə” xüsusi ziyarət turunun təşkil olunması  iştirakçılar tərəfindən maraqla qarşılanıb.
         Qəmər xanım Cavadlı tədbirlər çərçivəsində Səmərqənddə “Gənclik Mərkəzi”nin açılışında, Buxarada “Özbəkistanın İslam irsi” konfransında və “İslam Xəttatlığı” sərgisində iştirak edib, Qafqaz Müsəlmanları İdarəsi ilə Özbəkistan Müsəlmanları İdarəsi arasındakı səmərəli əməkdaşlığın perspektivləri müzakirə olunub.
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1848