Bakıda Türk-İslam irsinin zənginliyi və onun müasir dövr üçün əhəmiyyəti mövzusunda konfrans keçirilib

21.10.2022
 
Oktyabrın 21-də Bakıda “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə türk coğrafiyasının tanınmış elm və din xadimlərinin bir araya gələrək Türk-İslam dünyasının istiqbalına, sivilizasiyamızın perspektivlərinə və dünyada sülh, təhlükəsizlik işinə töhfələrinə dair fikir mübadiləsi aparması qardaş xalqlarımız və dövlətlərimizin ortaq mənafe və ümumi maraqlarına xidmət edən, İslam sivilizasiyasına önəmli töhfə olan və Allaha xoş gedən dəyərli fəaliyyət olduğunu deyib. Şeyxülislam bildirib: “Azərbaycan torpağında üç gün ərzində sizlərlə - əziz qardaşlarımızla bir arada olmağımızdan çox məmnun və xoşbəxtik. Xüsusilə oktyabrın 20-də Şuşada Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri Şurasının təsisinə həsr olunmuş qardaşlıq görüşümüz olduqca mühüm və yaddaqalan oldu. Bəyannaməmizi Türk dünyasının Mədəniyyət paytaxtı elan olunmuş Şuşada qəbul edib, Əsasnaməmizi imzalamağımızın rəmzi və tarixi əhəmiyyəti misilsizdir. Türk Dövlətləri Təşkilatı məkanının müsəlman dini liderlərinin birgə əməkdaşlığı, mütəmadi məşvərət və məsləhətləşmələrindən türk-İslam birliyi faydalanacaq və birgə məqsədlərə doğru böyük inam və güclü imanla addımlayacaqdır”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatı məkanının xalqları müqəddəs dinimizə və türk kimliyimizə sadiq olaraq dini-mənəvi dəyərlərimiz və milli ənənələrimizə hər zaman sadiq olub, bununla fəxr ediblər. Türk-İslam dünyasının bəşərin elm və mədəniyyət, ürfan və ədəbiyyat xəzinəsinə hər zaman böyük töhfələri olmuşdur. Uca Allahın xeyir-duası ilə bu yaradıcı enerjidən faydalanaraq cəmiyyətlərimizin rifah və tərəqqisini təmin etmək, xüsusilə, gənclərimizin tərbiyəsini düzgün məcraya yönəltmək ümdə vəzifəmizdir. Zəngin türk-İslam irsi zəmanəmizin aktual problemlərinin həllində, cəmiyyətlərimizin əmin-amanlıq və sabitliyinin təminində xalqlarımızın, dövlətlərimizin ən dəyərli sərvətidir. Bu irsi elmi şəkildə tədqiq, təbliğ və təşviq etmək hər birimizin mənəvi borcudur.
“Azərbaycan dünyada multikulturalizm və İslam həmrəyliyi ideyalarına qlobal miqyasda töhfələri ilə tanınan dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev dünyada İslam dəyərlərinin fəal müdafiəçisi, islamofobiyaya qarşı qətiyyətli mövqeyini ali beynəlxalq kürsülərdən ifadə edən, sivilizasiyalararası dialoqa dair çoxsaylı forumların təşəbbüskarı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Bakı dünya dini liderlərinin iki ümumdünya sammitinə ev sahibliyi etmişdir. Azərbaycanın türk-İslam dünyasının mənəvi birliyinin rəsmiləşdiyi məkan kimi çıxış etməsindən qürur duyuruq. Müsəlman Dini Liderlərin Şurası olaraq Türk Dövlətləri Təşkilatında müdrik dövlət rəhbərlərimizin bəşəri əhəmiyyətli və dövlətlərimizin mənafelərinə xidmət edən qərar və ideyalarının dünya miqyasında dini liderlərə və dindarlara çatdırılması üçün bütün qüvvə və imkanlarımızdan, xitabət kürsülərindən yararlanmaq bizim üçün şərəf olacaq”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin sədri əlavə edib.
Allahşükür Paşazadə diqqətə çatdırıb ki, biz türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və təşviqi üçün birgə səylərimizi əsirgəməyəcək, beynəlxalq əhəmiyyətli forumlar təşkil edəcək, müqəddəs bayramlarımızı birgə keçirəcək, türk dövlətlərimizin dini və mənəvi mühitinə müdaxilələrin, dindən hər hansı məqsədlər üçün sui-istifadə hallarının, hər hansı ideoloji təxribatların qarşısını birgə səylərlə alacağıq. Dünyada islamofobiya və türkofobiya meyillərinin qarşısının alınması yönündə həyata keçirilən işlərdə fəal iştirak, türk-İslam mənəvi-mədəni irsinin dünya sivilizasiyasına verdiyi töhfələrin təbliği Şuramızın bir Mərkəz olaraq üzərinə düşən vəzifələrdəndir.
“Türk dövlətlərinin bu günədək keçdiyi yol heç də asan olmayıb. Dövlət müstəqilliyimiz yolunda, ərazi bütövlüyümüz uğrunda minlərlə övladlar canlarını fəda etmişlər. Siyasi, mənəvi birliyimizi qeyd edərkən türk dünyasının bütün şəhidlərini yad etmək, dövlətlərimizin varlığı, çiçəklənməsi naminə qurban getmiş qəhrəmanlara Uca Allahdan rəhmət diləmək sədaqət borcumuzdur. Bu sırada, Qarabağın azadlığı uğrunda Vətən müharibəsi şəhidlərinə Allah-taaladan rəhmət, qazilərə şəfa diləyək. Onlar öz qanları ilə əzəli, ata-baba torpaqlarımızı işğaldan azad etdilər, məscid və məbədləri əsarətdən qurtardılar, mədəni-mənəvi irsimizi xilas etdilər. Biz Qarabağa həmişəlik qayıtdıq, lakin ermənilər arasında hələ də qisas meyli ilə yaşayanlar, özgə torpağında gözü qalanlar var. Təəssüflər olsun ki, erməni xalqını revanşizm ideyalarına meyilləndirənlər arasında erməni kilsəsi xüsusi canfəşanlıq edir. Xalqını, dövlətinin mövcudluğunu belə təhlükəyə ataraq ambisiyalarını gerçəkləşdirməyə çalışan erməni kilsəsi yalan vədlərlə öz xalqına yeni müsibət və faciələr hazırlayır.
Bakıda Türkiyənin, Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın tanınmış elm adamları azərbaycanlı həmkarları ilə mötəbər konfransımızda bir araya gəliblər, Türk Dövlətləri Təşkilatı müstəvisində siyasi birlik olan dövlətlərimizin elmi, mədəni, mənəvi bağlarının dərin təhlilini, tarixi əsaslarının, vahid köklərinin, ortaq dəyərlərinin, müştərək maraqlarının elmi şəkildə təşviqini həyata keçirəcək dəyərli ziyalılarımızın səylərinə Uca Allahdan rəvac diləyir, Konfransın işinə uğurlar arzulayıram. Qoy, Türk-İslam dəyərləri üzərində təşəkkül tapmış mədəni-mənəvi irsimiz xalqlarımızın, dövlətlərimizin ucada olmasına yardımçı olsun! Ulu Rəbbimiz birgə qüdrətli gələcəyimizə, dövlətlərimizin hər zaman müzəffər olmasına qərar versin!”.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, tarix elmləri doktoru professor Anar İsgəndərov iştirakçıların diqqətinə çatdırıb ki, türk milləti tarixən bir-birinə sıx bağlı olub və tarixi Çanaqqala döyüşündə həmvətənlərimizin iştirakı, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurularkən Osmanlı əsgərlərinin bizə köməyi, Qars müqaviləsi imzalanarkən Naxçıvanın Azərbaycan tərkibində qalması buna sübutdur. 44 günlük Vətən müharibəsində Türkiyənin bizə verdiyi mənəvi dəstək bütün dünyaya ölkələrimizin necə sıx qardaş olduqlarını sübut etdi. Türk Dövlətləri Təşkilatının Müsəlman dini idarələrinin rəhbərlərinin Şuşada imzaladıqları Bəyanat türk dövlətlərinin bir-birinə sıx bağlı olduğunun sübutudur.
Sonra çıxış edənlər - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, Türkmənistan Müsəlmanları Ruhani İdarəsinin sədri müfti Yalkap Hocaqulıyev, Diyanet İşləri Başkanlığı uzmanı Mustafa Irmaklı, Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin Elm komitəsinin M.O.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun baş direktorunun müavini filologiya elmləri namizədi, dosent Torali Kıdır, ÖMİ-nin Beynəlxalq şöbəsinin müdiri Şovkat Xamdamov Mərkəzi Asiya, Qafqaz və Anadoludan olan alimlərin İslam sivilizasiyasına töhfəsindən söz açıb, türk və İslam mədəniyyətlərinin dünyaya töhfəsindən, tarixindən danışıblar. Eyni zamanda, bu birliyin gələcək inkişafının zəruriliyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
 
 
 
 

Oxunub : 3697