Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin üçüncü görüşü keçirilir

19.10.2022
Oktyabrın 19-da Bakıda Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini liderlərinin üçüncü görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsi məramı ilə keçirilən tədbirdə Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Türkiyə Diyanət İşləri Başkanı Əli Erbaş, Özbəkistan müftisi Nuriddin Xoliknazarov, Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı, Qırğızıstan müftisi Zamir Rakiyev, Türkmənistan müftisi Yalkab Xocaquliyev və digər şəxslər iştirak ediblər.
Tədbiri açan Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev bildirib ki, ölkələr arasında dini qurumlar sahəsində təcrübə mübadiləsinin aparılmasına ehtiyac var. İslam düşmənliyi ilə mübarizədə ortaq mübarizə sərgilənməlidir. Həmçinin irqi, dini ayrı-seçkilik, islamofobiyaya qarşı təcili qərarlar qəbul edilməlidir.
Bağdad Amreyev deyib ki, hazırda ölkələrimiz çox fərqli sınaqlardan keçir. Bunlar qeyri-müəyyənlikləri də özü ilə birgə gətirir. Bunlar həm ölkələrimizə, həm xalqlarımıza, həm ayrı-ayrı icmalara öz mənfi təsirini göstərir. O, eyni zamanda, türk dövlətləri arasında dini əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının Müsəlman Dini Liderlərinin Bakı görüşündə salamlamaqdan böyük şərəf və qürur duyduğunu söyləyib. O bildirib ki, bugünkü görüşün önəm və dəyərini ifadə etmək olduqca xoşdur.
“Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının təsis edilməsinin təşəbbüskarı olmağımdan iftixar duyuram. Türk Dövlətləri Təşkilatına üzv ölkələrin rəhbərlərinin xeyir-duası, müsəlman dini liderlərinin yekdil rəyi ilə ərsəyə gələn Şuramızın fəaliyyətinə rəvac verməsini Uca Allahdan təvəqqe edirəm. Daha öncə İstanbulda və Türküstanda görüşlərimizin ardınca bu gün Bakıda üçüncü görüşə toplaşmağımız türk-İslam dünyasının məram və amallarına xidmət edir”, - deyə Allahşükür Paşazadə qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri diqqətə çatdırıb ki, Uca Allaha həmd olsun, qardaş dövlətlərimizin möhtərəm başçıları böyük müdriklik və siyasi uzaqgörənliklə Türk Dövlətləri Təşkilatı çərçivəsində bir araya gələrək birliyimizi nümayiş etdirirlər. Türk millətinin səadəti, cəmiyyətlərimizin mənafeləri naminə türk dövlətlərinin siyasi birliyi dünya çapında türk coğrafiyasına aid olan, dini İslam, ana dili türk dili olan hər kəsin vəhdət məkanı və dayaq mərkəzidir. Anadolu, Qafqaz və Mərkəzi Asiya coğrafiyasının türk dövlətlərinin əbədi, əzəli dostluq və qardaşlıq münasibətləri, türk birliyi və İslam həmrəyliyi ortaq tarixi sərvətimizdir. Müasir Azərbaycan dövlətçiliyinin banisi, gələn il yüz illik yubileyini təntənə ilə qeyd edəcəyimiz ulu öndər Heydər Əliyevin dini-mənəvi dəyərlərimizə sadiqlik, islami həmrəylik ideyalarına istinad edən müdrik dövlətçilik fəlsəfəsinin davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə möhtərəm dövlət başçılarının qədim Azərbaycan torpağı Naxçıvanda baş tutmuş I Zirvə Görüşü ilə başlanan tarixi yol 2021-ci ildə VIII İstanbul Sammitində öz tarixi zirvəsinə yüksəlməklə, bu ilin noyabrında qardaş Özbəkistanda uğurla davam edəcək.
Şeyxülislam, həmçinin bildirib ki, müasir dövrdə böhranlar, cərəyan edən gərgin geosiyasi hadisələr mənəvi birliyimizi, İslami həmrəyliyimizi daha artıq zəruri edir. Dövlət rəhbərlərimizin fədakar səyləri siyasi, iqtisadi, mənəvi birliyimizin möhkəmlənməsinə xidmət edir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq müstəvidə sülh təşəbbüslərini, türk dünyasının maraqlarını müdafiə yönündə dəyərli səylərini, xüsusilə, BMT-nin Baş Assambleyasının 77-ci sessiyasında möhtəşəm çıxışını qeyd etmək vacibdir. Bu yaxınlarda Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin yüksək təşkilatçılığı ilə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd Zirvəsində möhtərəm dövlət başçılarımızın səmimi görüşlərini, sıx əməkdaşlığını fəxarət hissi ilə müşahidə etdik. Qazaxısan Prezidenti Kasım Jomart Tokayevin qazax dövlətçiliyinin möhkəmləndirilməsi yönündə fədakar səyləri və Astananın iki onillik tarixə malik qlobal dinlərarası dialoq müstəvisi olan Dünya və ənənəvi dini liderlərin Qurultaylarına yüksək səviyyədə ev sahibliyi etməsi xüsusi önəm kəsb edir. Türkmənistanda Xəzəryanı dövlətlərin Aşqabad Zirvəsində dövlət başçılarımız iqtisadi əlaqələrimizin dərinləşməsi yönündə vacib addımlar atdılar. Prezident Sadır Japarovun rəhbərliyi ilə Qırğızıstan dövlətinin Türk Dövlətləri Təşkilatı səviyyəsində fəaliyyəti xüsusi dəyər kəsb edir.
“Azərbaycan bu günlərdə Müstəqilliyinin bərpa olunmasının növbəti ildönümünü qeyd edir. Şükürlər olsun, müstəqil Azərbaycanın müasirliyi, türklüyü və İslamı simvolizə edən üçrəngli dövlət bayrağı bu gün azad Qarabağda qürurla dalğalanır. Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordusunun rəşadəti sayəsində 30 illik işğala son qoyaraq öz ərazilərini azad etmişdir. Uca Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda, Vətən müharibəsində və sərhəddə son erməni təxribatları zamanı həlak olmuş qəhrəman şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa bəxş etsin! İşğalçı Ermənistan Azərbaycana qarşı təkcə etnik təmizləmə, soyqırımı deyil, ölkəmizin Türk-İslam mədəni və mənəvi irsinə qarşı təcavüz həyata keçirmişdir. Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı vandalizm aktları, həqarətlər törətmiş, məscidləri tövləyə çevirərək orada İslamda haram sayılan heyvanlar saxlamışlar. Hətta pravoslav kilsələri və alban-udi məbədlərinin mənşəyi saxtalaşdırılmış, qriqoryanlaşdırılmışdır. Dövlət rəhbərimizin qətiyyətli siyasi iradəsi, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Qarabağda tarixi məscidlərimiz və məbədlər nəfis şəkildə bərpa və yenidən qurulmaqda, türk-İslam mədəniyyət xəzinəsinə əvəzsiz töhfələr verilməkdədir”, - deyə Allahşükür Paşazadə qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri deyib ki, dağıdılmış şəhər və kəndlərimizə yeni həyat verən Azərbaycan dövləti türk dünyasının qüdrətini, qurucu mədəniyyətini, tolerant mənəviyyatını bütün dünyaya nümayiş etdirir. Lakin təəssüflər olsun ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirmir. Ermənistanın bəzi siyasi və din xadimləri barış, qarşılıqlı anlaşma mövqeyindən deyil, revanşizm, yeni müharibə ritorikası ilə çıxış edərək xalqların dinc yanaşı yaşamasına maneçilik törədirlər. Böyük təəssüflə qeyd etməliyəm ki, münaqişə davam etdiyi illərdə sülh istiqamətində dəfələrlə birgə imza qoyduğumuz bəyanatların ruhuna xilaf çıxaraq Eçmiədzin bu gün də revanşizmin əsas təşkilatçılarındandır: “Mən bu tribunadan erməni kilsəsinə, Eçmiədzinə müraciət edir, nə qədər gec deyil, xalqının taleyini, müqəddəratını düşünərək revanşizmdən əl çəkməyə, təxribatlara, qarayaxma kampaniyalarına və nifrət çağırışlarına son qoymağa, öz xalqına yeni müsibətlər deyil, nicat verəcək ideyalarla çıxış etməyə, məhvə məhkum etməməyə çağırıram”.
Türk Dövlətləri Təşkilatı tarixi qərarlar qəbul etdiyini deyən şeyxülislam diqqətə çatdırıb ki, türk dünyasının 2040-cı il vizyonunu qurur, türk mədəniyyətinin ortaq dəyərlərinin dünya çapında daha fəal tanıdılması istiqamətində böyük işlər aparır. Məhz dövlət rəhbərlərimizin dəyərli səyləri biz, dini liderlərin mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşməsinə təkan verdi. Biz Türk Dövlətləri Təşkilatı səviyyəsində verilən qərarlarının həyata keçirilməsində yaxından, fəal iştirak etmək əzmindəyik.
“Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərlərinin Şurasının yaradılmasına, Bakıda və Şuşada üçüncü görüşünün təşkilinə göstərdiyi dəstəyə görə Baş Katib Bağdad Amreyevə xüsusi ehtiramımızı, ona və katibliyin əməkdaşlarına dərin minnətdarlığımızı ifadə etmək istərdim. Həzrəti Peyğəmbərimiz Məhəmməd Salavatullah bizlərə tövsiyə etmişdir ki: “Birlikdə rəhmət, parçalanmaqda əzab vardır”. Ölkələrimiz və xalqlarımızın birliyinin təməlində duran müqəddəs dəyərlər var olduqca qardaşlığımız daima davam və inkişaf edəcəkdir, inşallah! Biz, Türk Dövlətləri Təşkilatının müsəlman dini idarə rəhbərləri bu uca amal uğrunda qüvvə və bacarığımızı əsirgəməyəcəyik. Bəşəriyyətin bəlalardan xilası və insanlığın rifahı naminə, İslami birlik və türk vəhdətimizi qoruyub saxlamaq işində Uca Allah yar və yardımçımız olsun! Allah qardaş xalqlarımızı, dövlətlərimizi, müdrik dövlət rəhbərlərimizi və birliyimizi hər zaman ucada qərar versin! AMİN!”, - deyə Allahşükür Paşazadə bildirib.
Tədbirdə çıxış edən Qazaxıstanın baş müftisi Naurızbay Taqanulı bugünkü görüşün qardaşlıq bağlarını gücləndirəcəyinə inamını ifadə edib. Bildirib ki, dini təhsillə bağlı ortaq əməkdaşlıqlara başlamalı, dünyada islam düşmənliyinə qarşı birləşilməlidir. Bundan başqa ortaq fətva mexanizminin də hazırlanmasına ehtiyac var. Eyni zamanda, dini turizmin də ortaq bir şəkildə dəstəklənməsi vacibdir. Türk dövlətlərinin dini dəyərlərinə zərər vurulmasına yol verilməməlidir. Bunun üçün ortaq yol xəritəmiz olmalıdır.
Türkiyə Diyanət İşləri İdarəsinin rəhbəri Əli Erbaş tədbirdə çıxış edərək bildirib ki, bu gün islam coğrafiyasının ciddi problemləri var. Lakin müsəlmanlar coğrafiyalarındakı problemləri həll edə biləcək imkanlara malikdir.
“Ümmət şüurunu yenidən qura bilərik. Bunun üçün biz yenidən düşünməli, böyük işlər görməliyik. Bu gün dini liderlərin üzərinə düşən ən vacib məsələ səhih məlumatların çatdırılmasıdır. İnanc dəyərlərimizin həm bilgi, həm də anlayış və qavrayış olaraq yeni nəsillərə çatdırlması vacibdir”, - deyə Əli Erbaş əlavə edib.
Türkiyə Diyanət İşləri Başkanı müsəlman dini liderlərinin bütün insanları əhatə edəcək ədalət və mərhəmət hissinin kök salması, imandan sui-istifadə hallarının qarşısının alınması, xüsusən də din vasitəsilə terror və anarxiyanın yaradılmasının qarşısını almaq üçün ciddi işlər görməli olduğunu söyləyib. Qeyd edib ki, dini qurumlar xalqların ürəyi kimidir. Çünki dini xidmət və təhsil düzgün məlumat və üsulla qarşılanmadıqda sui-istifadəyə açıq olur və bir çox problemlər yarada bilər. Bunun üçün təcrübə mübadiləsi, kurikulum, resurs və material inkişafı kimi sahələrdə, xüsusən də gənclər və ailə kimi mövzularda birgə araşdırmalar çox vacibdir.
O, eyni zamanda, Qarabağ Zəfərinin ikinci ildönümünün yaxınlaşması münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Tədbirdə çıxış edən Özbəkistan müftisi Nuriddin Xoliknazarov bugünkü görüşün gündəliyinə təhsillə bağlı, əxlaqi dəyərlərin gənclərə aşılanması, təcrübə və tələbə mübadiləsi kimi məsələlərin yer aldığını deyib. Bildirib ki, gələn ildən Daşkənd İslam Universitetində artıq xarici tələbələrin qəbuluna başlanılacaq.
“Bu tələbələr arasında türk dövlətlərindən gələn tələbələri də görmək bizim üçün xoş olardı. Bu gənclərdən gələcəyin müftiləri yetişdiriləcək”, - deyə Özbəkistan müftisi söyləyib.
Görüşdə çıxış edən Türkmənistan müftisi Yalkab Xocaquliyev bu tədbirin təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Qafqaz Müsəlmanlar İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə təşəkkürünü bildirib. O, bugünkü görüşün türk dövlətləri arasındakı qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcəyinə, bundan sonra birgə layihələrin həyata keçiriləcəyinə inamını bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə sonda çıxış edərək bildirib ki, sovet dövründə azərbaycanlılara Somaliyə, Afrikaya getməyə icazə verirdilər, lakin Türkiyəyə getməyə icazə vermirdilər. Həmin dövrdə türkofobiya var idi. Əslində onlar Türkiyədən yox, türkdilli xalqların birliyindən qorxurdular. Daha sonra dövlətlərimiz müstəqil oldu və hər bir dövlət öz irsini qorumağa nail oldu. Bu gün bizə bir yerə toplaşmaq nəsib olub. Biz hər zaman qardaş olmuşuq. Dövlət başçılarımız arasında olan qardaşlıq münasibəti bizim üçün xəritə çəkib. Biz həmin xəritədən istifadə etməliyik. Xalqlarımız da bizim birliyimizi, qardaşlığımızı istəyir. Dünyada baş verən proseslər bizə göstərir ki, biz birlik olmalıyıq. Bu mənada din xadimlərindən çox şey asılıdır.
“Mən xristian ölkələrində dəfələrlə səfərdə olmuşam və müşahidə etmişəm ki, xristian dövlətləri bir-birinin arxasında dayanır. Bu gün Ermənistanın arxalandığı əsas məsələ xristianlıqdır. Onu müdafiə edən Fransa kimi dövlətlər xristianlıq çərçivəsində yardım edir. Ona görə də gəlin biz də bu gün öz dövlət rəhbərlərimizin apardığı siyasətə dəstək göstərək, dayaq olaq. Yaxşı əməllərimizi bir-birimizlə bölüşək”, - deyə şeyxülislam qeyd edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri diqqətə çatdırıb ki, ermənilər 30 il boyu işğal altında saxladığı ərazilərimizdəki dini abidələrdə, məscidlərdə donuz saxlayıb. Lakin əksər müsəlman ölkələri bu haqsızlığa səsini çıxarmadı. Ona görə də Azərbaycan özü təkbaşına bu əraziləri işğaldan azad etməyə məcbur oldu. Qarabağ Zəfəri təkcə Azərbaycanın deyil, bütün türk dünyasının zəfəridir.
 
 
 
 
 
 
 

Oxunub : 3540