15 OKTYABR 2024
Əziz şəhidlərimizin Anım günü
26.09.2022
Sentyabrın 26-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycanın 44 günlük Vətən müharibəsində həlak olmuş Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə “Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.
Anım tədbirində çıxış edən Şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı yepiskopu Vladimir Fekete, Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi protoierey Konstantin Pominov, Alban-udi dini icmasının rəhbəri Robert Mobili, Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski şəhidlərimizin qəhrəmanlıqları, Zəfərimiz uğrunda şücaətləri və Vətənə məhəbbət örnəyindən danışıb, xatirələrini ehtiramla yad edib, ruhları üçün dualar oxuyublar.
Anım günü ilə bağlı Azərbaycanın paytaxtında və bölgələrdəki məscidlərdə, o cümlədən, Şuşa və Ağdam məscidlərində şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilir, namazlar qılınır və dualar edilir. Vətən şəhidləri, həmçinin, ölkəmizdəki kilsə və sinaqoqlarda ehtiramla anılırlar. Allah şəhidlərimizə rəhmət eləsin!
QMİ-nin Mətbuat Xidməti
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 6985