Şeyxülislam həzrətləri Ərəbistanının  İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx  ilə görüşdü.

15.09.2022
         Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 15-də Qurultayın ikinci iş günündə iştirak edib. İkinci plenar iclasın sonunda VII Qurultayın yekun Sənədi - Bəyannamə oxunub və qəbul olunub. QMİ sədri A. Paşazadənin Bəyannaməyə dair etdiyi təkliflər nəzərə alınıb.
          Qurultay çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanının  İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx  ilə görüşdü. Səmimi söhbət zamanı ölkələrimiz arasında əlaqələr, xüsusilə, dini-mənəvi sahədə qarşılıqlı münasibətlər, əməkdaşlıq səviyyəsi yüksək dəyərləndirildi. Bildirildi ki, İslami birlik istiqamətində həqiqi dini dəyərlərin təbliği və təşviqi böyük önəm kəsb edir. Xüsusilə, mötədillik yönündə İslami irşad məsələlərində müsəlman ölkələrinin işbirliyinin vacib əhəmiyyəti vurğulandı. Azərbaycan dövlətinin dünya miqyasında İslami həmrəylik ideyasının ardıcıl tərəfdarı olaraq fəal cıxış etməsi, dəyərli əməli səyləri rəğbətlə qeyd olundu. Şeyxülislam A. Paşazadə Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında müxtəlif platformalarda əməkdaşlığın səviyyəsindən məmnunluğunu bildirdi, din xadimlərinin beynəlxalq forumlarda birgə iştiraklarının əhəmiyyətini vurğuladı. Şeyxülislam A. Paşazadə  Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx cənablarını Azərbaycana dəvət etdi. Səudiyyə Ərəbistanın rəsmisi, öz növbəsində, Şeyxülislam A.Paşazadəni ölkəsinə təşrif buyurmağa dəvət etdi.
          Görüşdən sonra Şeyxülislam Allahşükür Paşazadə və Səudiyyə Ərəbistanının İslam işləri, dəvət və irşad naziri Əbdüllətif Al əş-Şeyx Səudiyyə Ərəbistanı Krallığının televiziyasına müsahibə verdilər.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə edərkən sayta istinad vacibdir!

Oxunub : 9281