Şeyxülislam Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri ilə görüşüb

22.07.2022
Tbilisidə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb. 
AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında əlaqələrin inkişaf perspektivləri diqqət mərkəzində olub, ikitərəfli münasibətlərin daha da dərinləşməsində parlamentlərin rolu qeyd edilib. 
Şalva Papuaşvili QMİ sədrini Gürcüstan parlamentində salamlamaqdan məmnun olduğunu deyib, iki ölkənin ali dini liderləri arasındakı dostluq münasibətlərinin dövlətlərimiz arasındakı əlaqələrin inkişafına böyük təkan verdiyini bildirib. Vurğulayıb ki, Cənubi Qafqazda sülh və xalqların tərəqqisi üçün dini-mənəvi liderlərin yüksək səviyyəli əlaqələrinin mühüm önəmi var.  
Qafqazın ağsaqqalı olan Gürcüstan Patriarx-Katolikosu ilə 42 il ərzində davam edən qardaşlıq münasibətlərinə böyük dəyər verdiyini bildirən şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın dini liderinin dəvəti ilə baş tutan səfərini yüksək qiymətləndirib. Bildirib ki, xalqlarımızın son onilliklərdə həyatında baş verən mühüm və mürəkkəb dönəmlərdə möhtərəm qardaşı ilə hər zaman Uca Yaradanın buyurduğu yolla birgə addımlayıblar. Müstəqil Azərbaycan və Gürcüstan arasında uğurlu siyasi, iqtisadi münasibətlərdən, regionun mənafeyi naminə birgə əməkdaşlığın inkişafından danışan Allahşükür Paşazadə xalqlarımızın dini-mənəvi müstəvidə əlaqələrinin inkişafı üçün iki ölkənin dini liderlərinin əllərindən gələni əsirgəmədiklərini qeyd edib.
Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək uğrunda Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qalibiyyətli Vətən müharibəsi zamanı Gürcüstanın dost dəstəyini yüksək qiymətləndirən Allahşükür Paşazadə bu gün azad Qarabağda aparılan geniş quruculuq işlərindən bəhs edib.
Allahşükür Paşazadə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli əlaqələrin, o cümlədən parlamentlərarası münasibətlərin inkişafından məmnunluqla danışıb. Bildirib ki, qanunverici orqanlar arasındakı dostluq əlaqələri digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinə imkan yaradır. 
Söhbət zamanı Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın bir müddət əvvəl Gürcüstana səfərinin əhəmiyyəti vurğulanıb. Parlament sədrləri, eləcə də deputatların qarşılıqlı səfərlərinin sayının artırılmasının əhəmiyyətli olduğu qeyd edilib. 
Görüşdə Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev, Milli Məclisin deputatları və digər rəsmi şəxslər iştirak ediblər. 
 
 
 

Oxunub : 2136