QMİ-də Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru ilə görüş keçirilib

18.07.2022
         İyulun 18-də Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Azərbaycanda səfərdə olan Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru Qadi Qroniçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
          QMİ sədrinin müavini Qəmərxanım Cavadlı Şeyxülislam Allahşükür Paşazadənin salam və xeyir-dualarını qonaqlara çatdırıb. Ölkəmizdə din-dövlət münasibətlərinin vəziyyəti, multikultural dəyərlər və tolerantlıq mühiti barədə ətraflı məlumat verən Qəmərxanım Cavadlı bildirib ki, Azərbaycan bu sahədə əldə etdiyi uğurların və müsbət təcrübənin dünyada təşviqinə böyük əhəmiyyət  verir. QMİ-nin dünyadakı dini mərkəzlər, nüfuzlu beynəlxalq qurumlarla sıx əməkdaşlıq etdiyini diqqətə çatdıran sədr müavini bildirib ki, yəhudi icması Azərbaycan həqiqətlərinin xarici ölkələrdə yayılmasına daim töhfələr verir. İstər birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən savaşında yəhudi dini icmasının üzvləri Azərbaycan vətəndaşı olaraq yaxından iştirak edib, ölkəmizin ərazi bütövlüyünün təmin olunması üçün səy göstəriblər.
         Avropa Ravvinləri Konfransı Təşkilatının İcraçı Direktoru Qadi Qroniç ölkəmizə səfərinin məqsədi, Bakıda keçirdiyi rəsmi görüşlər barədə ətraflı məlumat verib. Azərbaycana ilk dəfə gəldiyini deyən qonaq burada yəhudi icmasına və digər dini konfessiyalara göstərilən tolerant münasibətdən məmnun qaldığını bildirib. Qadi Qroniçin sözlərinə görə, Azərbaycandakı multikulturalizm dünya üçün əsl nümunə sayla bilər. O, qeyd edib ki, Avropada yəhudi və müsəlman icmalarının yaxınlaşmasından narahat olan bəzi siyasi qüvvələr var.
         Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb, QMİ ilə Avropa Ravvinləri Konfransı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub. QMİ sədrinin müavini Fuad Nurullayev, idarənin Aparat rəhbəri Simran Həsənov və Avropada Etiqad Azadlığı və Təhlükəsizlik İnstitutunun Hüquq departamentinin rəhbəri Şorena Mikava və Azərbaycandakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Melix Yevdayev görüşdə iştirak ediblər.
         Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.  
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 

Oxunub : 1653