Şeyxülislam Allahşükür Paşazadə İslam dünyasının nüfuzlu qurumuna üzv seçilib

08.07.2022
İyulun 8-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmidlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycanla Misir arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün də həyatın bütün sahələrində, o cümlədən dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini qeyd edən QMİ sədri bu münasibətlərin dövlətlərimizin və xalqlarımızın ümumi maraq və mənafelərinə cavab verdiyini xüsusi vurğulayıb. Ölkəmizdə müstəqilliyin bərpasından sonra da Misirlə əlaqələrə önəm verildiyini deyən şeyxülislam Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında Misirin daimi dəstəyini xüsusi qeyd edib, bu ölkənin xalqına və hökumətinə təşəkkürünü bildirib.
Səfir Hişam Mohamed Nağı Abdel Həmid QMİ sədrinə onunla görüşmək imkanı yaratdığı üçün səmimi təşəkkürünü ifadə edib, Misirdə şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinin yaxından izlənildiyini və yüksək qiymətləndirildiyini vurğulayıb. Ölkələrimizin bir-birinə qarşılıqlı hörmət və məhəbbətlə bağlı olduğunu deyən səfir bu münasibətlərin daim yüksələn xətlə inkişaf üçün səylə çalışdığını vurğulayıb. O, Azərbaycanda tolerantlığın, multikulturalizmin yüksək səviyyədə olduğunu bildirib, digər dövlətlərdə belə münasibətlərin kobud şəkildə pozulmasından təəssüfünü ifadə edib. Diplomat Azərbaycandakı tolerantlığın dövlətin həyata keçirdiyi siyasətin tərkib hissəsi olduğunu vurğulayıb. Qeyd edilib ki, tarixən formalaşmış tolerantlıq ənənələri ilə tanınan, etnik və dini müxtəlifliyi milli sərvəti kimi dəyərləndirilən çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda multikultural dəyərlər və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir.
QMİ sədri öz növbəsində Azərbaycanın multikultural ənənələrindən danışıb, ölkəmizin multikultural ənənələr diyarı, dünyaya özünün tolerant həyat modelini təqdim edən qabaqcıl dövlət olduğunu deyib. O, həmçinin ölkəmizdə multikulturalizmin dövlət siyasətinə çevrildiyini, dövlətimizin başçısı İlham Əliyevin bu dəyərli ideyanın qlobal müstəvidə fəal müdafiəçisi olduğunu vurğulayıb. Şeyxülislam qeyd edib ki, Prezident İlham Əliyev multikulturalizmi Azərbaycanda həm həyat tərzi, həm də dövlət siyasəti kimi dəyərləndirib.
Misir səfiri Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin İslam dünyasının nüfuzlu qurumu olan Müsəlman Ağsaqqallar Şurasına üzv seçildiyini deyib və bu münasibətlə Şurasının sədri Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin QMİ sədrinə ünvanlandığı məktubun surətini ona təqdim edib. Məktubda deyilir: “Sizə ən səmimi salamlarımı çatdırmaqdan, İslam dininə xidmət etmək yolunda çəkdiyiniz böyük zəhmətlərinizə görə səmimi təqdirimi ifadə etməkdən çox məmnunam. Allaha dua edirəm ki, Azərbaycan Respublikasında və Qafqaz Müsəlmanları İdarəsində göstərdiyiniz gözəl səyləriniz Sizə yardımçı olsun, bu işlərdə Sizi müvəffəq etsin.
Bəşəriyyət naminə göstərdiyiniz əhəmiyyətli səylərinizi və mühüm rolunuzu təqdir edərək, Sizin Müsəlman Ağsaqqalları Şurasının üzvlüyünə seçilməyiniz məni çox fərəhləndirir. Bu beynəlxalq qurum müsəlman cəmiyyətləri, habelə bu cəmiyyətlərlə digərləri arasında sülhü möhkəmləndirmək məqsədi daşıyır.
Sizin bu mühüm təşkilata qoşulmağınızı sülh yolunda bir töhfə kimi dəyərləndirir, insanlar arasında sülhün, birgəyaşayışın və bəşəri qardaşlığın möhkəmləndirilməsindən ibarət olan birgə məqsədlərimizə dəstək olacağına ümid edirəm. Allah-Taala Sizi hər zaman müvəffəq və sabitqədəm etsin!”.
Qeyd edək ki, Müsəlman Ağsaqqalları Şurası öz sıralarında İslam aləminin ən nüfuzlu dini xadimlərini birləşdirir. Şura müsəlman icmalarında sülhü təşviq etmək və onları münaqişə, bölünmə və parçalanma hallarından xilas etmək məqsədi daşıyan müstəqil beynəlxalq təşkilatdır. Baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən Şuranın sədri Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib İslam dünyasının tanınmış din xadimidir və dünya miqyasında nüfuzlu şəxsiyyət kimi qəbul edilir. Misirin tarixi Əl-Əzhər Universitetinin rəhbəri olan Şeyx Əhməd ət-Tayyib Misirin dövlət xadimi rəsmi statusundadır. Roma Papası Fransisk ilə İnsan qardaşlığına dair sənədi 2019-cu ildə Əbu-Dabidə imzalamış müsəlman din xadimi olaraq böyük nüfuz sahibidir. Həmin tarixi sənədin imzalanması mərasimində şeyxülislam A.Paşazadə də iştirak edib.
Müsəlman Ağsaqqallar Şurasının 17 üzvü var ki, onların sırasında Şahzadə Qazi bin Mühəmməd bin Talal, Şeyx Abdullah bin Bəyyah, doktor Abdullah Nassif, doktor Mühəmməd Qureyş Şihab, Şeyx Abdül Rəhman bin Mohammad Əl-Xəlifə kimi tanınmış müsəlman din və dövlət xadimləri yer alırlar.
Şeyxülislam Allahşükür Paşazadənin Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyibin təqdimatı ilə Müsəlman Ağsaqqallar Şurasına üzv seçilməsi Azərbaycan dövlətinin siyasi, iqtisadi, diplomatik sahələrdə uğurları ilə yanaşı, dini-mənəvi müstəvidə qabaqcıl rol oynamasının bariz nümunəsidir. Xüsusilə 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra xalqımızın dünya miqyasında qalib xalq, İslam aləmində öz ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi nüfuzunun daha da yüksəlməsindən sonra Azərbaycan dini liderinin Müsəlman Ağsaqqallar Şurasının üzvü seçilməsi ölkəmiz adına böyük tarixi nailiyyət, mühüm hadisədir.
 
 
 
 

Oxunub : 4036