XXV Avrasiya İqtisadi Zirvə toplantısının ilk günü başa çatıb

İyunun 8-də İstanbulda işə başlayan XXV Avrasiya İqtisadi Zirvə toplantısının ilk günü başa çatıb.
Tədbirdə ölkəmiz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə, Energetika Nazirliyi və Ələt Azad İqtisadi Zonasının nümayəndələri tərəfindən təmsil olunur.
Dörddəbir əsr ərzində mütəmadi olaraq keçirilən, dövlət və hökumət başçılarının, parlamentarilərin və tanınmış ictimai xadimlərin qatıldığı mötəbər toplantının builki zirvəsində postpandemiya dövründə dünyada yaşanan sosial və iqtisadi problemlərin həlli yolları, eləcə də enerji və ərzaq təhlükəsizliyi məsələləri müzakirə edilir.
Toplantıda, əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına müraciət məktubu oxunub.
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın oxuduğu məktubda ilk növbədə toplantı çərçivəsində müzakirə olunacaq enerji, iqlim dəyişikliyi, qanunsuz miqrasiya kimi mövzuların hazırda dünya üzrə əsas problemlər olduğu bildirilib.
Açılış nitqi ilə çıxış edən “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver toplantıda postpandemiya dövründə dünya iqtisadiyyatının gələcəyi, inkişafı, eləcə də dünyada sülhün bərqərar olması istiqamətində atılacaq addımların müzakirə olunacağını deyib.
Toplantıda çıxış edən Türkiyənin sabiq Baş naziri, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Qarabağın 30 illik işğalı dövrü ərzində bir milyondan artıq azərbaycanlının öz yurd-yuvasını tərk etmək məcburiyyəti qarşısında qaldığını xatırladıb. Binəli Yıldırım, nəhayət ki, Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə bu problemin öz həllini tapdığını bildirib, hazırda Azərbaycan dövləti tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işləri haqqında danışıb.
Toplantı əsnasında Binəli Yıldırıma Azərbaycan ilə Türkiyə arasında dostluq, siyasi, iqtisadi və mədəni əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azərbaycanın dostu” qızıl ordeni təqdim olunub.
Sonra tədbir panel iclaslarla davam etdirilib.
“Yeni bir enerji iqtisadiyyatı” adı altında keçirilən “Qlobal iş birlikləri arasında əməkdaşlıq və ortaqlıq” mövzulu panel iclasda təqdimatla çıxış edən Ələt Azad İqtisadi Zonasının əməkdaşı Elşən Rəhimov təmsil etdiyi qurum barədə iştirakçılara geniş məlumat verib. Zonanın regionda yerləşməsi, unikal qanunvericiliyi, vergi, gömrük və biznes güzəştləri baxımından bütün üstünlükləri barədə edilən təqdimatda burada görülmüş və görüləcək işlər, eləcə də infrastruktur haqqında detallı danışılıb.
“Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin təşkilatçılığı ilə baş tutacaq toplantının ikinci günündə şeyxülislam Allahşükür Paşazadə “Qida, ərzaq, əmtəə böhranı, müharibə Paris Anlaşmasını kölgələyəcəkmi?” mövzusunda panel iclasda əsas məruzəçi kimi çıxış edəcək, dünyada mövcud iqtisadi problemlərin mənəvi baxımdan dəyərləndirilməsinə dair fikirlərini bölüşəcək.
İki gün davam edəcək Zirvə toplantısı çərçivəsində “Yeni bir enerji iqtisadiyyatı”, “Qlobal iş birlikləri arasında əməkdaşlıq və ortaqlıq”, “Daha rəqəmsal dünyaya doğru”, “Daha yaşıl bir dünyaya doğru” kimi bir sıra mövzularda panel iclaslar keçirilir.
Qeyd edək ki, şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Avrasiya İqtisadi Zirvə toplantısının nüfuzlu iştirakçıları ilə görüşlər keçirəcək.

Oxunub : 1764