Şeyxülislam həzrətləri Birləşmiş Ərəb Əmirliklərində səfərdədir

08.05.2022
 
 Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Birləşmiş Ərəb Əmirliklərində səfərdədir. Beynəlxalq Müsəlman Cəmiyyətləri Şurasının təşkilatçılığı ilə 8-9 may 2022-ci il tarixlərində paytaxt Əbu-Dabi şəhərində keçirilən “İslam Vəhdəti: konsepsiya, imkanlar, çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak edən QMİ sədri fəxri qonaqların təmsil olunduğu Rəyasət Heyətində yer aldı.
     Dünyanın 150 ölkəsindən 500-ə yaxın müsəlman dini lider və din xadimlərinin iştirak etdiyi mötəbər konfransda BƏƏ-nin Tolerantlıq və birgəyaşayış naziri Şeyx Nəhyan bin Mübarək Əl-Nəhyan açılış nitqi ilə çıxış etdi.  O bildirdi ki, İslam cəmiyyətlərinin XXI əsrdə qarşılaşdığı problemlər İslam dövlətləri, cəmiyyətləri, təşkilatları və sıravi fərdlərdən müsəlmanların 20-ci əsrədək tarix boyu təhsildə, mədəniyyətdə, ideologiyada və iqtisadiyyatda əməkdaşlıq, qarşılıqlı fəaliyyət və faydalanma üzərində qurulan mədəni, humanitar müstəvidə İslam vəhdəti anlamının bərpa olunmasını tələb edən imkan və çətinliklər işığında  İslam vəhdəti ideyalarını zəruri edir. Əlavə etdi ki, dövr bizdən bu qarşılıqlı fəaliyyət və əməkdaşlığın nümunəsinin yenilənməsini və mövcud təcrübənin geri qaytarılmasını tələb edir. Daha sonra BƏƏ Fətva Şurasının sədri Şeyx Abdalla bin Beyyəh çıxış etdi.
     Konfrans çərçivəsində Şeyxülislam A. Paşazadə İslam Əməkdaşlığı Təşkilatının Baş katibi Hüseyn İbrahim Taha, Türkiyə Diyanət işləri Başkanı Ali Erbaş, Müsəlman Ağsaqqalları Şurasının Baş katibi Məhəmməd Əbdül Salam, Misirin Vəqflər naziri Məhəmməd Muxtar Cümə, Livan Xristian-müsəlman milli komitəsinin baş katibi, KAICIID Direktorlar Şurasının üzvü Məhəmməd Sammak, Rusiya Federasiyası Kazan Universitetinin rektoru Rafiq Muxametşin və digər dini liderlərlə görüşlər keçirib.
        Konfrans öz işinə davam edir. QMİ sədri Şeyxülislam A. Paşazadə konfransın sabahkı — nazirlər səviyyəsində “Vahid ümmət və müxtəlif əqidə məzhəbləri” mövzulu plenar iclasında çıxış edəcəkdir.
        Səfər müddətində BƏƏ rəhbərliyi ilə görüşlər nəzərdə tutulur.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 2412