Azərbaycanla Qazaxıstan arasında dini sahədə əməkdaşlığın artırılması müzakirə edilib

05.05.2022
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Qazaxıstanın Baş Müftisi Naurızbay Hacı Tağanulı ilə görüşüb.
Qazaxıstan Müsəlmanları Dini İdarəsinin rəhbər və nümayəndələri ilə görüşdə Azərbaycan və Qazaxıstan arasında tarixi dostluq və qardaşlıq əlaqələrinin bu gün bütün sahələrində, o cümlədən dini-mənəvi müstəvidə davamlı inkişaf etdiyini qeyd edən QMİ sədri bu münasibətlərin dövlətlərimizin və xalqlarımızın ümumi maraqlarına və mənafelərinə cavab verdiyini xüsusi vurğulayıb.
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini idarə rəhbərləri konfransının Türküstanda keçirilməsinə görə ölkə başçısı Kasım-Jomart Tokayevin xüsusi diqqətini qeyd edən şeyxülislam Allahşükür Paşazadə türkdilli dövlətlərin xalqlarını islam dininin birləşdirdiyini bildirib. QMİ–nin sədri deyib: “Dini və dili ortaq olan xalqların, ilk növbədə, dini liderlərinin də möhkəm bağları olmalıdır və yalnız bu halda müsəlman ümmətinin birliyi möhkəmlənəcək. Bu bünövrənin əsasını möhkəmləndimək bizə nəsib olub və gələcək nəsillər də davam etdirəcəklər”.
Baş Müfti Naurızbay Hacı Tağanulı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan xalqına xeyir-duasını çatdırıb. Hər zaman Azərbaycan və Qazaxıstan müsəlmanlarının qardaşlıq və dostluq əlaqələrinin möhkəm və davamlı olmasını diləyib.
Görüşün sonunda tərəflər dini sahələrdə əməkdaşlığın artırılması barədə razılığa gəliblər.
Xatırladaq ki, QMİ sədri şeyxülislam Allahşükür Paşazadə “Türk xalqlarının İslam sivilizasiyasına töhfələri” mövzusunda beynəlxalq elmi-praktiki konfransda iştirak etmək üçün Qazaxıstanın Türküstan şəhərinə səfər edib.
 
 
 

Oxunub : 1206