Allahşükür Paşazadə: Dinlərarası dialoqa dair növbəti konfransın multikulturalizm beşiyi Azərbaycanda keçirilməsini təklif etdik

02.05.2022
 
Strasburq şəhərində Avropa Şurası Nazirlər Komitəsinə İtaliyanın sədrliyi çərçivəsində “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfransda çox mühüm məsələlər müzakirə edildi. Sonda dinlərarası dialoq üzrə konfransda Strasburq prinsiplərinə dəstək ifadə olundu.
Bu fikirləri konfrans zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə AZƏRTAC-a müsahibəsində deyib.
Azərbaycanın dini rəhbəri Avropa Şurasının belə bir vacib konfransında ilk dəfə iştirak etdiyini və burada artıq tanıdığı dini liderlərlə görüşdüyünü bildirib. Konfransda dinlərarası dialoq və etiqad azadlığı kimi mövzulara daha çox önəm verildiyini qeyd edən A.Paşazadə vurğulayıb ki, tədbirdə dini ayrı-seçkiliyin, qarşıdurmaların, nifrət çağırışlarının qarşısını almaq kimi mühüm məsələlərə toxunulub, insan hüquqları, əqidə azadlığının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb: “Mənim çıxışım da bu mövzular üzərində qurulmuşdu. Multikultural ölkə olan Azərbaycanda tolerantlıq mühitindən danışdım.
Avropa Şurasının Baş katibi xanım Mariya Peyçinoviç Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti bir ay əvvəl Bakıda səfərdə oldu. Azərbaycan Prezidenti İlham Əliyev onu qəbul etdi. Bu görüşün nəticəsini, Azərbaycana olan münasibəti burada aydın gördük. Dinlərarası dialoqa dair növbəti konfransın multikulturalizm beşiyi Azərbaycanda keçirilməsini təklif etdik”.

Oxunub : 1358