Allahşükür Paşazadə: Təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir

02.05.2022
Azərbaycanın dostluq və qardaşlıq mühitində dinlərarası birgəyaşayış ənənələri bütün dünya üçün örnək ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü olan “Bakı Prosesi” sivilizasiyalararası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təşviqinə böyük töhfələr verir.
Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini sərbəst şəkildə icra edirlər. Məscidlər, kilsələr, sinaqoqlar fəaliyyət göstərir, yeni məbədlər inşa edilir, ibadət ocaqlarında bərpa işləri həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri İtaliyanın Avropa Şurası Nazirlər Komitəsi sədrliyi çərçivəsində Strasburq şəhərində keçirilən dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında səsləndirib. Azərbaycanın dini rəhbəri bildirib ki, müqəddəs “Qurani-Kərim” yaxşılığa çağıran, xeyirli işlər görməyi buyuran və pis əməllərdən çəkindirən bir camaat olmağı bizə tövsiyə edir. Qeyd edib ki, Uca Rəbbin yaratdığı ən böyük dəyər olan insan həyatının xilası qanunların, mənəviyyatın və ədalətin aliliyi ilə mümkündür. Bəşəriyyətə təhdid olan amillərin reallaşmasına və böhranların dərinləşməsinə, beynəlxalq hüquq normalarına riayət olunmamasına, insan hüquqlarının pozulmasına, ikili standartların tətbiqinə, qəbul edilən qərarların yerinə yetirilməməsinə təəssüfünü bildirərək, bütün bunların dünyada sülhün təmin olunmasında BMT-nin həlledici rolunun azalması ilə əlaqədar olduğunu deyib. Vurğulayıb ki, dünya ictimaiyyəti milli, irqi, dini zəmində dözümsüzlüyə yox deməli, tolerantlığı həyat tərzi kimi qəbul etməlidir.
“Azərbaycanın dostluq və qardaşlıq mühitində dinlərarası birgəyaşayış ənənələri bütün dünya üçün örnək ola bilər. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış “Bakı Prosesi” sivilizasiyalararası dialoqun davamlı inkişafına və multikulturalizm ideyalarının təşviqinə böyük töhfələr verir.
Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən bütün dini icmalar bərabər hüquqlarla təmin olunur, dövlətin qayğı və himayəsi ilə öz ibadətlərini sərbəst şəkildə icra edirlər. Məscidlər, kilsələr, sinaqoqlar sərbəst fəaliyyət göstərir, yeni məbədlər inşa edilir, ibadət ocaqlarında bərpa işləri həyata keçirilir”, - deyə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri ölkəmizdəki tolerantlıq mühitindən, müxtəlif xalqların mehriban birgə yaşayışından söz açıb. 30 ilə yaxın müharibə dəhşətləri və qaçqın fəlakətləri yaşamış Azərbaycanın Ermənistanla uzun sürmüş münaqişəyə artıq son qoyduğunu diqqətə çatdıraraq, iki ölkə və xalq arasında davamlı sülhün və birgəyaşayışın bərqərar olması istəyimizdən danışıb. Qeyd edib ki, Azərbaycan bu istiqamətdə öz güclü iradəsini nümayiş etdirir. Ölkəmizdəki müxtəlif dini konfessiyaların liderlərinin adından bildirib ki, “nəcib məqsədlərə xidmət edən bu prosesi tam şəkildə dəstəkləyir və ona öz töhfəmizi verməyə hər zaman hazırıq”, - deyə şeyxülislam qeyd edib.
Bu il üç səmavi dinin müqəddəs bayramlarının – xristianların Pasxası, yəhudilərin Pesaxı, müsəlmanların isə müqəddəs Ramazan ayının aprel ayına təsadüf etdiyini deyən şeyxülislam Allahşükür Paşazadə vurğulayıb ki, bu, Uca Yaradanın bütün iman gətirənlərə böyük lütfüdür, xalqlara və insanlara göndərdiyi sülh və həmrəyliyə dəvətdir.
Dünyada baş verən münaqişələrə toxunan Qafqaz Müsəlmanlar İdarəsinin sədri Ukraynada yaşanan humanitar fəlakətin hər kəsi narahat etdiyini bildirərək deyib ki, müasir dövrümüzdə təcavüzə və zorakılığa təhrik edən nifrət çağırışları bəşəri təhlükəyə çevrilərək ağır cinayətlərə gətirib çıxarmaqdadır. Dini zəmində qarşıdurmaya təşviq edən nifrət çağırışlarının əyani sübutu son günlərdə İsveç və Danimarkada müqəddəs “Qurani-Kərim” kitabının yandırılması cəhdləridir. “Biz bunu çirkin əməl kimi qınayır, söz azadlığı və din pərdəsi altında hər hansı radikalizm təzahürlərini, eləcə də ksenofobiya, antisemitizm, islamofobiya və xristianofobiyanı, xüsusilə də dinlərin müqəddəs məkanları, dəyərləri və atributlarının təhqir olunması hallarını qətiyyətlə pisləyirik. Bu mövqenin beynəlxalq təşkilatların kürsüsündən, Avropa Şurası platformasından təbliği vacibdir. Qəbul edilməlidir ki, təhlükə dindən deyil, dinin siyasiləşdirilməsi, din adından siyasi məqsədlər üçün sui-istifadə olunmasından gəlir. Din və siyasət xadimlərinin sülh naminə beynəlxalq platformalarda birgə əməkdaşlığı zamanın tələbidir. Zati-Müqəddəsləri Roma Papası Fransiskin bununla əlaqədar dünya birliyinə etdiyi çağırışına hamımız qoşulmalıyıq: “...bəsdir, dayanın, silahlar sussun, sülh işi ilə məşğul olaq!”. Ümidvaram ki, bu təşəbbüslər beynəlxalq müstəvidə qarşılıqlı anlaşma mühitinin möhkəmlənməsinə xidmət edəcəkdir, İnşallah!”, - deyə QMİ sədri vurğulayıb.
Çıxışını Allahın kəlamı ilə bitirən şeyxülislam deyib: “Həqiqətən iman gətirənlər qardaşdırlar!” (Hucurat, 10). Qardaşların məqsədi isə İlahi Nurun ardınca getmək və İlahi Sözü təbliğ etməkdir”. Uca Yaradan bəşəriyyətə sülh bəxş etsin! AMİN!
Şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoqa dair növbəti konfransın tolerantlıq məkanı OLAN Azərbaycanda keçirilməsini təklif edib.

Oxunub : 1085