13 NOYABR 2024
Şeyxülislam həzrətləri və Dini Konfessiyaların rəhbərləri Cənab prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar
20.04.2022
ZATİ-ALİLƏRİ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
İLHAM ƏLİYEV CƏNABLARINA
Möhtərəm cənab Prezident!
Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Zati-alilərinizi səmimi qəlbdən salamlamaqdan şərəf duyur, səmimi arzularımızı və xeyir-dualarımızı yetirir, Azərbaycan xalqı və dövləti naminə dəyərli fəaliyyətinizə Uca Yaradandan uğurlar diləyirik.
Möhtərəm cənab Prezident! Multikultural Azərbaycan dövlətinin dilindən və dinindən asılı olmayaraq bütün dindarları üçün müqəddəs günlərdə — yəhudilərin Pesax, xristianların Pasxa bayramlarını qeyd etdikləri, müsəlmanların Ramazani-Şərifi yaşadıqları və Eydül-Fitr bayramını qarşılamağa hazırlaşdıqları mübarək günlərdə Zati-alilərinizin bizlərə özəl diqqət və himayə nümayiş etdirməsini yüksək dəyərləndiririk. Dini icmalarımızın fəaliyyətini dəstəkləmək məramı ilə maliyyə yardımının göstərilməsi ilə bağlı sərəncamınız Cənabınızın müqəddəs bayramlarımıza dəyərli hədiyyəsidir.
Bayramlarımız bizə xoş fürsət verir ki, Sizin Azərbaycan dövləti və cəmiyyəti üçün böyük xidmətlərinizə görə Zati-alilərinizə bütün Azərbaycan dindarlarının dərin təşəkkür və minnətdarlıqlarını bir daha ifadə edək. Xalqımız əziz bayramlarını Vətən müharibəsindəki möhtəşəm Zəfərinin doğurduğu qürur və əzəmət ilə qeyd edir. Tarixi ədalətin bərpası — Azərbaycan torpaqlarının işğaldan azad edilməsi yönündə Ali Baş Komandan olaraq rəhbərlik etdiyiniz qalibiyyətli Vətən müharibəsi haqqın, ədalətin təntənəsi kimi tarixin salnamələrinə həkk oldu. Uca Yaradanın köməyi, dövlət rəhbərimizin qətiyyəti, Azərbaycan Ordusunun gücü, xalqın sarsılmaz həmrəylik və iradəsi, dövlət-xalq, xalq-ordu birliyinə əsaslanan siyasət Azərbaycanın haqq işinin qələbəsini təmin etdi. Dövlət bayrağı azad Qarabağda dalğalandı, məscidlərin minarələrindən Azan səsləri ucaldı, dini məbədlərimiz əsarətdən qurtuldu.
Möhtərəm cənab Prezident! Azərbaycanı qalib ölkə yüksəkliyinə qaldıran Zati-alilərinizin hər bir azərbaycanlının qəlbində özəl yeri vardır. Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsində və iqtisadi qüdrətinin artmasında Sizin xidmətləriniz misilsizdir. Milli-mənəvi dəyərlərin, dini və tarixi abidələrin qorunması sahəsində böyük işlər görmüş dövlət başçısı kimi tanınan Zati-aliləriniz azad olunmuş torpaqlarımızda əsarətdən qurtardığınız, vandalizm qurbanı olan dini-mənəvi abidələrimizi – məscidləri, kilsə və sinaqoqları xüsusi məhəbbət və qayğı ilə bərpa və yenidən quran Qurucu Prezident kimi Uca Yaradanın Nəzərində və xalqın nəzərlərində daha artıq ucalırsınız. Biz tam əminliyi ilə deyə bilərik ki, bu gün Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik, yüksək səviyyəlli din-dövlət münasibətləri və etnik-dini tolerantlıq Zati-alilərinizin uğurlu dövlətçilik siyasətinin məntiqi nəticəsi, bəhrəsidir. Zati-alilərinizin silahdaşı, siyasi-ictimai xadim, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti, özəlliklə, dini-mədəni irsin qorunması sahəsində dəyərli layihələri xalq tərəfindən yüksək dəyərləndirilir, dindarlarımızın xeyi-duaları ilə qarşılanır. Uca Rəbbimizə xoş gedən bu fəaliyyətlər Azərbaycanın dünyadakı tolerant imicinin, ali mənəvi dəyərlərə sadiqliyinin, mədəniyyətlər, sivilizasiyalar, dinlərarası əməkdaşlıq prosesində örnək rolunun təsdiqidir. Dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycan dindarları Sizin xalq naminə gördüyünüz işləri yüksək dəyərləndirir, Uca Yaradanının Lütfü, dövlət başçımızın rəhbərliyi ilə gələcəyimizə ümidlə baxır, Zati-alilərinizi və Azərbaycanın əmin-amanlığını, tərəqqisini təmin edən siyasi dəst-xəttinizi hər zaman dəstəkləyirlər. Dini konfessiya rəhbərləri olaraq, Sizə ölkə daxilində və beynəlxalq müstəvidə təqdirəlayiq fəaliyyətinizə görə dərin minnətdarlıqlarımızı bildirir, Uca Yaradandan bütün əməllərinizə xeyir-dualar diləyirik. Birgə dualarımızda Uca Rəbbimizdən diləyirik ki, gələn Ramazanda ənənəvi İftar mərasiminə Zati-alilərinizin təşrif buyurmasını nəsib etsin, inşallah! Dualarımız hər zaman Sizin üçündür!
Möhtərəm cənab Prezident! Bir daha Sizə Azərbaycanın dini icmalarına, multikultural ənənələrin və dinlərarası münasibətlərin inkişafına davamlı diqqət və qayğınıza görə dərin təşəkkürlərimizi bildirir, Sizə və dəyərli ailənizə can sağlığı, xoşbəxtlik, şərəfli fəaliyyətinizdə uğurlar diləyirik! Biz əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və dövlətçiliyi dünya miqyasında daha böyük uğurlara imza atacaqdır. Uca Rəbbimiz Sizi qorusun, hər zaman yardımçınız olsun, Zəfər hər zaman nəsibiniz olsun! Ulu Yaradan Öz Lütf və Mərhəmətini hər zaman Azərbaycan xalqı və dövləti üzərində bərqərar etsin, Azərbaycanı hifz etsin! Amin!
Dərin hörmət və ehtiramla,
Şeyxülislam Allahşükür PAŞAZADƏ,
Qafqaz Müsəlmanları İdarəsinin sədri,
Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların
Məşvərət Şurasının sədri
Milix YEVDAYEV,
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri
Vladimir FEKETE
Roma Katolik Kilsəsinin Azərbaycandakı
Apostol Prefekturasının ordinarisi
Arximandrit ALEKSİY,
Rus Pravoslav Kilsəsinin
Bakı və Azərbaycan Yeparxiyasının katibi
Aleksandr ŞAROVSKİ,
Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri
Robert MOBİLİ,
Azərbaycandakı Alban-Udi Xristian Dini İcmasının sədri
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
Oxunub : 4028