İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk toplantısı keçirilir

15.04.2022
 
Aprelin 15-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısı keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmiz Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.
Toplantı Türkiyə Respublikasının Diyanət İşləri Başqanlığının dəvəti, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə baş tutub.
Mərasim “Qurani-Kərim” ayəsinin oxunması ilə başlayıb.
Sonra Türkiyə Respublikasının Diyanət İşləri Başqanlığının fəaliyyətlərini özündə əks etdirən videoçarx nümayiş olunub.
Qonaqları salamlayan Türkiyə Diyanət işləri rəhbəri Ali Erbaş Türk Dövlətləri Təşkilatının təsisinin bu quruma üzv ölkələr, eləcə də türk dünyası üçün əhəmiyyətindən danışıb. Hazırda bütün dünyanın çətin sınaqlardan keçdiyini bildirən A.Erbaş bu kimi tədbirlərin keçirilməsində əsas məqsədin bütün müsəlmanları bir amal altında birləşdirmək olduğunu deyib.
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Ramazan ayı münasibətilə iştirakçıları təbrik edib, toplantının təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib. Təşkilatın adının dəyişdirilərək yenidən təsis edilməsinin əhəmiyyətini vurğulayan B.Yıldırım təşkilat tərəfindən keçirilən tədbirlərin əsas məqsədinin bütün türk dünyasının birliyi, sülh və əmin-amanlıq içində yaşamasına töhfə vermək olduğunu bildirib. Qeyd edilib ki, hazırda yaşadığımız, xüsusilə islamofobiya, terror kimi hadisələrin daha qabarıq şəkildə meydana çıxdığı bu çətin dövrdə ortaq fikrə ehtiyac var.
Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev qurumun üzv ölkələr arasında hər sahə üzrə sıx əməkdaşlıq etdiyini bildirərək, bu toplantının din sahəsi üzrə də ortaq fikirlərlə seçiləcəyinə əminliyini vurğulayıb. Qardaş ölkələr arasındakı bu əməkdaşlıqların liderlərin düzgün siyasəti nəticəsində hər il daha da irəlilədiyini deyən B.Amreyev İstanbulda keçirilən Liderlər Zirvəsi ilə türk dünyasının gələcəkdə əməkdaşlıq sahəsinin müəyyən olunduğunu deyib.
Toplantıda Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Qazaxıstan Müsəlmanları İdarəsinin sədri Müfti Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Müfti Nuriddin Xoliknəzərov və Qırğızıstan nümayəndəsi iştirak edirlər.
Mərasimdə şeyxülislam Allahşükür Paşazadə Şuranın təqdimatı ilə çıxış edib.
 
 

Oxunub : 3533