Şeyxülislam Allahşükür Paşazadə İstanbulda Ayasofya Fatih Mədrəsəsinin açılış mərasimində iştirak edib

15.04.2022
Aprelin 15-də İstanbulda Ayasofya Fatih Mədrəsəsinin açılışı olub.
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə verilən binanın açılış mərasimində İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə iştirak edib. Tədbirə, eyni zamanda, Türkiyənin Diyanət işləri sədri Ali Erbaş, Qazaxıstan, Özbəkistan, Qırğızıstanın dini nümayəndələri, eləcə də Türkiyənin dövlət rəsmiləri qatılıblar.
Açılış mərasimində çıxış edən Türkiyə Prezidenti 13 aylıq qısa bir zaman ərzində yenidən inşa edilən bu mədrəsənin açılışı ilə daha bir tarixi əsərin Türkiyəyə qazandırıldığını deyib.
Prezident Rəcəb Tayyib Ərdoğan son 20 il ərzində atılan addımlarla həm tarixi əsərlərə, həm də keçmişə sahib çıxdıqlarını bildirib.
Sonra mədrəsənin rəsmi açılışı olub.
Mərasimdən əvvəl iştirakçılar Ayasofya məscidində cümə namazına qatılıblar.
Ayasofya məbədinin yanında yerləşən, vaxtilə keşiş otaqları adlanan bu bina ilk dəfə İstanbulun fəthindən sonra Fateh Sultan Mehmet tərəfindən mədrəsə olaraq açılıb. İki həyətli mədrəsədə dövrün ən böyük alimləri dərs verib. Təhsil ocağı kimi 1924-cü ilə qədər istifadə edilən tikili 1936-cı ildə yararsız halda olduğu üçün sökülüb. Ayasofya Fatih Mədrəsəsi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Vəqflər Baş İdarəsi tərəfindən tarixi arxitekturasına uyğun olaraq dövrün inşaat materiallarından istifadə edilərək yenidən inşa olunub. Yeni binada “Ayasofya”, “Fatih Sultan Mehmet və Onun Dövrü”, “İslam Tətbiqi Sənəti”, “İslam Hüququ”, “Əlyazmaların Tətbiqi” “Vəqf”, “Övliya Çələbi” araşdırma mərkəzləri, eləcə də Vizual Ünsiyyət, Dizayn Tətbiq və Tədqiqat Mərkəzi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 15-də İstanbulda keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısında iştirak etmək üçün İstanbulda səfərdədir.
 
 
 
 
 

Oxunub : 3947