Şeyxülislam Allahşükür Paşazadə Türkiyədə səfərdədir

15.04.2022
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İstanbulda səfərdədir.
AZƏRTAC xəbər verir ki, səfərin məqsədi aprelin 15-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderləri Şurasının ilk – təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə şeyxülislam Allahşükür Paşazadə Şuranın təqdimatı ilə çıxış edəcək.
Türkiyə Respublikasının Diyanət İşləri Başqanlığının dəvəti ilə həyata keçirilən səfər dövründə QMİ sədri Türkiyə Diyanət işləri sədri Ali Erbaş və türk dövlətlərinin dini liderləri ilə məsləhətləşmələr aparacaq, Ayasofya məscidində Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak edəcəklər.
Səfər çərçivəsində şeyxülislam Allahşükür Paşazadə Ayasofya Fatih Mədrəsəsinin açılış mərasimində də iştirak edəcək. Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.
Toplantıda Türkiyə Diyanət işləri rəhbəri Ali Erbaş, Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev, Qazaxıstan Müsəlmanları İdarəsinin sədri Müfti Naurızbay Taqanulı, Özbəkistan Müsəlmanları İdarəsinin sədri Müfti Nuriddin Xoliknəzərov və Qırğızıstan nümayəndəsi iştirak edirlər.

Oxunub : 2971