NOVRUZ BAYRAMI MÜNASİBƏTİLƏ ŞEYXÜLİSLAMIN TƏBRİKİ

18.03.2022
 
Bismillahir-rəhmanir-rəhim!
Əziz həmvətənlərim!
 
           Sizi xalqımızın qədim, mübarək bayramı olan Novruz münasibətilə ürəkdən təbrik edir, hamınıza Allah-Taaladan səadət və rifah, xoş əhval-ruhiyyə və bayram sevinci diləyirəm.
        Novruz Azərbaycan xalqının çoxəsrlik tarixində özəl yeri və milli önəmi olan bayramlardandır. Min illər boyu qeyd edilən mübarək Novruz torpağın oyanışını, təbiətin yenilənməsini və bəşərin intibahını təcəssüm etdirmişdir. Yaşadığımız hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən bizlər Novruzu Allahın böyük Lütfü kimi dəyərləndiririk. Novruz bayramı Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan insanın ruhuna təbiətlə vəhdətdə təkamül, oyanış səadəti yaşadır.
           Əziz həmvətənlərim! Allaha çox şükürlər olsun ki, hər yeni Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf - Zəfər yolumuzun davamına, azad Qarabağa Böyük qayıdışımıza rəvac verir. Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin təminini möhtərəm dövlət başçımız Prezident Ilham Əliyev cənablarının qətiyyət və möhkəm iradə ilə yeritdiyi müzəffər dövlət siyasətində, müdrik islahatlarda, Qarabağda abad həyat quruculuğunda görür və bu uğurlu inkişaf yolunu ürəkdən dəstəkləyir. Dövlət rəhbərimizin və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə, İslami irsimizə, ümumbəşəri mədəniyyətə ehtiramlı münasibəti bu gün Qarabağda əsarətdən azad olunmuş dini-mənəvi irs abidələrimizin yenidən təməlinin qoyulması, bərpası sahəsində möhtəşəm quruculuq işlərində öz yüksək təzahürünü tapır. Mədəniyyət mərkəzimiz Şuşadan və azad Qarabağ məscidlərinin minarələrindən azan səslərinin ucalması tarixi, ilahi ədalətin bərpasını tərənnüm edir. Bu mübarək günləri, Cidir düzündə bayram tonqallarının qalanmasını bizə, bütün xalqımıza yaşatdığına görə Uca Yaradana, qalib xalqımızın və qəhrəman ordumuzun müzəffər liderinə sonsuz həmd-sənalar edirik! Bu əziz Novruz günlərində Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, ailələrinə, yaxınlarına başsağlığı vermək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfalar arzulayırıq.
          Bu əziz günlərdə dünyadan gedənlərə rəhmət diləmək, valideynləri, ağbirçək və ağsaqqalları yada salmaq, imkansızlara, ehtiyacı olanlara yardım etmək, ailə məhəbbətini və dostluq tellərini bərkitmək xalqımızın milli mədəniyyətinin ən gözəl nümunəsidir. Elimizin əziz bayramı ərəfəsində dövlət başçımız tərəfindən atılan sosial yönümlü addımlar hər bir azərbaycanlı ailəsinin bayram ovqatını daha da artırır.  Dövlətçiliyimizin qüdrəti, dövlət rəhbərimizin bölgənin gələcəyini müəyyən edən qətiyyətli siyasəti və xalqımızın iman gücü sayəsində bütün qlobal təhlükə və böhranları adlayacaq, millət olaraq ümid dolu, xoşbəxt sabahlara, yeni zəfərlərə yetişəcəyik, inşallah!
         Bu ilin təqviminə görə, Azərbaycanın üfüqi vaxtı ilə 20 mart tarixində, saat 19.33-də il Pələng bürcü üzərində təhvil olacaq. İl təhvili günorta zöhr namazından sonraya təsadüf etdiyi üçün, bu il bayram axşamı martın 20-də, mübarək Novruz bayramı isə martın 21-də qeyd olunacaq. Uca Yaradana həmd-səna, süfrələrə xeyir-bərəkət, nemətlərə şükr duaları ilə Novruza qədəm qoyan xalqımızı bir daha təbrik edir, hər ailəyə xoşbəxtlik, hər evə rifah və əmin-amanlıq arzulayıram. Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini xalqımızın üzərində bərqərar etsin, bütün ülvi arzu və xoş niyyətlərimizin gerçəkləşməsini xalqımıza qismət etsin.
          Qoy Novruzun qədəmləri mübarək, xalqımız üçün xeyirlərə vəsilə olsun! Dualar edirik ki, Novruzda Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni həyat bəxş edən Uca Allah müharibələrin dayanmasına, dünyada sülhün, əmin-amanlığın bərqərar olmasına rəvac versin! AMİN!
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 

Oxunub : 6988