Şeyxülislam həzrətləri Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşüb

17.03.2022
 
 
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 17-də İnsan Qardaşlığı Ali Komitəsinin Baş katibi Məhəmməd Əbdül Salamla görüşüb.
Azərbaycana xalqımızın qədim və əziz bayramı Novruz ərəfəsində təşrif buyuran qonağı səmimi salamlayan Şeyxülislam A. Paşazadə onu Müsəlman Ağsaqqalları Şurasının Baş Katibi  vəzifəsinə təyinat alması münasibətilə təbrik etdi və islam ümməti naminə fəaliyyətinə uğurlar dilədi.
Səmimi qardaşlıq şəraitində keçən görüşdə Məhəmməd Əbdül Salam Şeyxülislam A.Paşazadənin dinlərarası və sivilizasiyalararası əməkdaşlıq sahəsində dərin təcrübə və əlaqələri, dünya miqyasında nüfuz və etimadı barədə geniş məlumata malik olduğunu bildirib və rəhbərlik etdiyi qurumun Azərbaycanla əməkdaşlıq qurmaq istəyini açıqlayıb. Məhəmməd Əbdül Salam İnsan Qardaşlığı Ali Komitəsində olduğu kimi, Müsəlman Ağsaqqaları Şurasındakı yeni vəzifəsində də Şeyxülislam A. Paşazadə kimi İslam aləminin rəmzi, mötədil İslam təmsilçisi olan bir şəxsiyyətlə bilavasitə ünsiyyətə, onun təcrübəsindən yararlanmağa ehtiyac duyur, habelə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığın yeni aspektlərini müzakirə etmək niyyətindədir.
Azərbaycanda multikulturalizmin dövlət siyasəti olduğu və dövlət  rəhbərliyinin dinlərarası dialoq və əməkdaşlıq yönündə qlobal təşəbbüslərlə çıxış etdiyi barədə ətraflı danışan Şeyxülislam A. Paşazadə ölkəmizdə din-dövlət münasibətlərinin yüksək səviyyəsi, Azərbaycanın dünya dini liderlərinin sammitlərinə, dəyərli forumlara evsahibliyi etməsindən bəhs etdi. QMİ sədri vurğuladı ki, QMİ nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Müsəlman Ağsaqqaları Şurasının dünyada sülh, bəşər ailəsində dinc yanaşı yaşamaq və qarşılıqlı anlaşma yönündə səylərinə dəstək verməyə hazırdır.
Şeyxülislam A. Paşazadə Azərbaycanın erməni işğalından azad olunmuş Qarabağ torpaqlarında vandalizmə məruz qalmı dini-mənəvi abidələrin yenidənqurulması, bərpası, şəhər və kəndlərə yeni həyat verilməsi istiqamətində dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı, misilsiz quruculuq işləri barədə məlumat verdi. QMİ sədri bildirdi ki, erməni ekstremistlər qəsb etdikləri Azərbaycan torpaqlarında vandalizm aktları həyata keçirərək tarixi, dini və mədəniyyət abidələrimizi məhv etmişlər, məscidlərimizə qarşı həqarətlər həyata keçirmişlər Təəssüf ki, dünya birliyi, beynəlxalq təşkilatlar bu həqiqətləri görməzdən gəlməkdə davam edirlər. Xalqımızın mədəni irsinə, dini-mənəvi abidələrinə qarşı mədəni soyqırımı həyata keçirmiş, qəbirstanlıqlarımızı yerlə-yeksan etmiş ermənilərin törətdikləri göz qabağında olduğu halda Avropa Parlamenti bu günlərdə Qarabağda guya erməni mədəni irsinin məhv edilməsi barədə qətnamə qəbul etmişdir.
M. Ə. Salam QMİ sədrinin dünya miqyasında insan qardaşlığına xidmət edən uzun müddətli, dəyərli fəaliyyətinə görə dərin minnətdarlığını bildirib və Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyibin salamlarını A.Paşazadəyə çatdırmaqdan şərəf duyduğunu ifadə edib. Məhəmməd Əbdül Salam məlumat verib ki, Roma Papası Fransisk və Əl-Əzhərin Şeyxi Əhməd Əl-Tayyibin də iştirak edəcəyi nəzərdə tutulan mötəbər bir tədbir planlayırlar. Böyük ehtimalla 2023-cü ilin yanvarında Bəhreyndə baş tutacaq Şərq-Qərb formatlı konfransda səmavi dinlərin təmsilçilərinin iştirakı nəzərdə tutulur. M.Ə.Salam bildirdi ki, Şeyxülsilam A. Paşazadəyə bu yaxınlarda həmin mötəbər konfransda iştirakla bağlı dəvət məktubu yönləndiriləcəkdir.
Məhəmməd Əbdül Salam vurğulayıb ki, Ali Komitə İnsan Qardaşlığı Sənədində göstərilən məqsədlər daimi əsaslarla fəaliyyət göstərərək yerinə yetirmək üçün yaradılıb, məramı dinlər və mədəniyyətlər arasında qarşılıqlı hörmət və birgə dinc yaşayış dəyərlərini təşviq və təbliğ etməkdir. Azərbaycan dövlətinin dünyada insan həmrəyliyi yönündə sülhpərvər səylərini xüsusi qeyd edən qonaq tolerant ənənələr ölkəsi Azərbaycanı çox sevdiyini və Müsəlman Ağsaqqallar Şurasının növbəti toplantılarından birini məhz Azərbaycanda təşkil etmək niyyətində olduğunu bildirdi.
QMİ sədri xüsusi vurğulayıb ki, Azərbaycan İnsan Qardaşlığı Ali Komitəsinin ideyalarını özündə yaşadan, tolerant, multikultural ənənələri olan ölkədir. O bildirib ki, Azərbaycan dövləti Prezident və Birinci vitse-prezident səviyyəsində dəstəklənən təşəbbüslər, qlobal əhəmiyyətli səylər sayəsində dinlərarası dialoq və əməkdaşlıq sahəsinə böyük töhfələr verir, dünyada insan həmrəyliyinə real dəstək verən layihə və təşəbbüslərdə fəal iştirak edir. QMİ nəzdində bu məramla 2017-ci ildə təsis olunmuş Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Himayədarlar və Məşvərət Şuralarında xeyli sayda dünyaca tanınmış şəxsiyyətlərin, dini lider və ictimai xadimlərin yer aldığını bildirən Şeyxülislam A.Paşazadə Vatikan, habelə Əl-Əzhər yetkililərinin bu sırada olmalarından məmnun olduğunu qeyd edib.
QMİ sədri Əbu-Dabidə İnsan Qardaşlığı Sənədinin imzalanması mərasimində şəxsən iştirak etdiyini fəxarətlə xatırladaraq bu sənəddən irəli gələn fəaliyyətlərdə, orada əksini tapan ideyaların təbliği və təşviqində iştirak etməyin böyük önəm daşıdığını bildirib. Əl-Əzhər Şeyxi Əhməd Əl-Tayyib və Baş katib Salam kimi dəyərli şəxsiyyətlərin Azərbaycanın erməni işğalından azad edilmiş Qarabağ torpaqlarını ziyarət etmələrinin vacibliyinə diqqəti çəkən Şeyxülislam A.Paşazadə Azərbaycanın apardığı Vətən müharibəsi dövründə Əl-Əzhərə ünvanlandığı məktublarda bu haqlı, ədalətli mücadilə barədə, habelə işğalda olan ərazilərimizdə törədilmiş erməni vandallığının miqyas və detallarına dair ətraflı məlumat verdiyini xatırladıb və Azərbaycana dəstək nümayişinə, qazandığımız tarixi Zəfər münasibətilə təbriklərə görə təşəkkürünü ifadə edib. M.Ə.Salam növbəti səfərlərinin planlaması zamanı əvvəlcədən bu ziyarətin nəzərdə tutulacağını məmnunluqla bildirdi.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 4142