Qafqaz Müsəlmanları İdarəsinin sədri Vatikanın Xarici Dövlətlərlə Əlaqələr üzrə katibi ilə görüşüb

15.01.2022
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Vatikanın Mədəniyyət üzrə Pontifik Şurasının və Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti kardinal Canfranko Ravazi ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin üzvlərini səmimi salamlayan kardinal Canfranko Ravazi Vatikanın Mədəniyyət üzrə Pontifik Şurası ilə Azərbaycanın 10 ildən çoxdur sıx əməkdaşlıq əlaqələrinin olduğunu, bu çərçivədə mühüm layihələrin həyata keçirildiyini deyib. O, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin Vatikana səfərinin üç aspektdə - Azərbaycanın dinlərarası dialoqa verdiyi töhfələr, ölkəmizin mədəniyyətlərarası dialoqda fəal iştirakı, eləcə də Papa Fransiskin təşəbbüsü olan insan qardaşlığı məsələsində oynadığı rol baxımından əhəmiyyət kəsb etdiyini bildirib. Azərbaycana səfərini xatırladan kardinal ölkəmizin dinlərarası və mədəniyyətlərarası dialoqa verdiyi böyük önəmin şahidi olduğunu deyib.
Qeyd edilib ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan Azərbaycanın xristian mərkəzi olan Müqəddəs Tax-Tacla əməkdaşlıq etməsi olduqca təqdirəlayiq haldır.
Şeyxülislam Allahşükür Paşazadə kardinal Canfranko Ravaziyə Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın salamlarını çatdırıb. Kardinal C.Ravazi də öz növbəsində QMİ sədrindən onun salamlarını Azərbaycanın dövlət başçısına və Birinci vitse-prezidentinə çatdırmağı xahiş edib.
2016-cı ildə Roma Papası Fransiskin Bakıya səfərindən söz açan şeyxülislam Allahşükür Paşazadə həmin səfər çərçivəsində tarixdə ilk dəfə Roma Katolik Kilsəsinin rəhbərinin müsəlman məscidinə daxil olmasını və Heydər Məscidində ölkəmizin müxtəlif dini icmaların nümayəndələri ilə görüşünü xatırladıb. QMİ sədri deyib ki, Azərbaycan müsəlmanları və ölkənin bütün vətəndaşları Papa Fransiskin ziyarətini məmnunluq və təqdirlə xatırlayır.
Şeyxülislam Allahşükür Paşazadə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın erməni işğalı altında olan torpaqlarımızı azad etdiyini xatırladarkən müharibə zamanı və sonrakı dövrdə Müqəddəs Tax-Tacın səsləndirdiyi sülhə, qarşılıqlı anlaşmaya çağırışların, regionda baş verən hadisələrə nümayiş etdirdiyi balanslı mövqeyinin yüksək qiymətləndirdiyini deyib və bildirib ki, Azərbaycan hər zaman sülhün tərəfdarı olub.
QMİ sədri müharibədən sonrakı dövrdə və hazırda Azərbaycandakı mövcud vəziyyətlə bağlı erməni tərəfinin daim yalan, iftira xarakterli informasiyalar yaydığını deyərək vurğulayıb ki, 30 ilə yaxın davam edən hərbi təcavüz və işğal nəticəsində ölkəmizin dini və mədəni abidələrinə erməni işğalçıları tərəfindən böyük ziyan vurulub, müxtəlif dinlərə aid tarixi-mədəni abidələr vandalizmə məruz qalıb, 64 məscid tamamilə dağıdılıb. Kardinal Canfranko Ravazi bundan təəssüfləndiyini, həmin abidələrin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib.
Şeyxülislam Allahşükür Paşazadə kardinal C.Ravazinin diqqətinə çatdırıb ki, Papa Fransisklə görüşündə Vatikandan ölkəmizdəki real vəziyyətlə tanış olmaq üçün bir nümayəndə heyətinin Azərbaycana göndərilməsini təklif edib və bununla bağlı müvafiq dəvətin göndərilə biləcəyini bildirib.
Görüş iştirakçılarından Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Qarabağda həm də xristian, həm də müsəlman dini abidələrinin dağıdıldığını qeyd edərək deyib: “Bu gün biz əminik ki, həmin abidələr Azərbaycan dövləti tərəfindən qorunacaq, bərpa ediləcək, yeniləri inşa olunacaq”.
Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekti Yepiskop Vladimir Fekete çıxışında Azərbaycanda müxtəlif dinlərin nümayəndələri arasında həqiqi dostluq və qardaşlıq mühitinin olduğunu, bundan irəli gələn hal kimi xalqın bütün dini abidələrə eyni qayğı və ehtiramla yanaşdığını deyib.
Görüşdə, həmçinin Azərbaycanın Fransada və Müqəddəs Taxt-Tacdakı səfiri Rəhman Mustafayev və Qafqaz Müsəlmanları İdarəsinin sədrinin birinci müavini, müfti Salman Musayev iştirak ediblər.
 
 
 
 
 

Oxunub : 1535