Fransa portalı: Azərbaycan İslam və xristianlıq arasında dialoq məkanıdır

14.01.2022
Fransanın “musulmansenfrance” portalında “Azərbaycan: İslam və xristianlıq arasında dialoq məkanı” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, Fransanın Ali Tədqiqatlar Praktiki Məktəbinin (E.P.H.E.) doktoru, müsəlman ölkələrində geosiyasət üzrə ixtisaslaşmış islamşünas Karim İfrakın məqaləsində müxtəlif mədəniyyətlərin cəmləşdiyi, multikultural və multietnik Azərbaycanın çoxəsirlik tolerantlıq və inklüzivlik ənənəsindən bəhs olunur.
Böyük imperiyaların diqqət mərkəzində olmuş Böyük İpək Yolu üzərində dünyada məşhurlaşan xalçalarının kiçik ilmələri kimi müxtəlif mədəniyyətləri birləşdirən, unikal sosial-mədəni müxtəlifliklə zəngin olan Azərbaycanın dövrümüzə qədər əməllərində və yaradıcılığında öz əksini tapmış nadir multikulturallıq və çoxkonfessiyalılığın qoruyucusu kimi uca zirvəyə yüksəliməsindən söz açılıb.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Müqəddəs Taxt-Tacın rəsmi dəvəti ilə Vatikana səfəri əsasında yazılmış məqalədə ölkəmizlə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrə toxunan müəllif yazır: “Şərq və Qərbi birləşdirən, Qafqazın ürəyində yerləşən, əsasən müsəlmanların yaşadığı bu ölkə müsəlman və xristian dünyaları arasında dialoqun qeyrətli aktorudur. Katolik icmasına ev sahibliyi edən Azərbaycan Respublikası 29 aprel 2011-ci ildə Müqəddəs Taxt-Tac ilə ən azı tarixi bir Saziş imzalamaqdan çəkinmədi. “Azərbaycanda Katolik Kilsəsinin hüquqi statusu haqqında Saziş”in 1-ci maddəsində deyilir: “Konstitusiyasına əsasən dini etiqad azadlığını tanıyan Azərbaycan Respublikası katolik dininin açıq şəkildə etiqad və praktiki azadlığına təminat verir. Azərbaycan Respublikasında Katolik Kilsəsi özünü təşkil etmək, dini səlahiyyətləri çərçivəsində və Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla öz missiyasını həyata keçirmək hüququna malikdir”.
Vurğulanır ki, Azərbaycanda katolik kilsəsinin hüquqi statusu haqqında Saziş ulu öndər Heydər Əliyevin 1997-ci ilin sentyabrında Vatikana və mərhum Papa II İohann Pavelin 2002-ci ilin mayında Bakıya çoxsaylı qarşılıqlı səfərlərinin nəticəsidir. Papa II İohann Pavelin bütün dünyaya elan etdiyi müstəsna səfər: “Mən bu çox qədim ölkəyə onun mədəniyyətlərinin zənginliyinə və müxtəlifliyinə heyranlığımı qəlbimdə saxlayaraq gəldim. Müxtəliflik və Qafqaz xüsusiyyətləri ilə zəngin olan bu ölkə bir çox mədəniyyətlərin xəzinələrini özündə cəmləşdirmişdir. Bu diyarda böyük dinlər mövcud idi: Zərdüştilik antik dövrdə belə mühüm rol oynayan Alban kilsəsinin xristianlığı ilə birgə mövcud idi. Sonralar İslam getdikcə artan rol oynadı və bu gün Azərbaycan xalqının əksəriyyətinin dinidir. Qədim zamanlardan indiyədək də böyük hörmətə malik olan yəhudilik özünəməxsus töhfəsini vermişdir. Kilsənin ilkin parıltısı zəiflədikdən sonra belə, xristianlar başqa dinlərə inananlarla yan-yana yaşamağa davam etdilər. Bu, ölkənin ancaq fəxr edə biləcəyi tolerantlıq və qarşılıqlı anlaşma ruhu sayəsində mümkün olub”.
Məqalədə Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Vatikana səfərlərindən söz açılaraq, bu səfərlərin qarşılığı kimi Papa Fransiskin ölkəmizə səfəri və bu səfər çərçivəsində çıxışından sitat gətirilir. Həmçinin Heydər Əliyev Fondunun ikitərəfli münasibətlərə verdiyi töhfələrdən, eləcə də Fond tərəfindən həyata keçirilmiş layihələrdən danışılır.
 
 
 

Oxunub : 958