QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏNİN DÜNYA AZƏRBAYCANLILARININ HƏMRƏYLİYİ GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏTİ

 
 
UCA ALLAHIN ADI İLƏ!
Möhtərəm və əziz həmvətənlərim!
 
 
         Yer kürəsinin müxtəlif nöqtələrində yaşayan soydaşlarımıza müraciət edərək Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, Uca Yaradanımızdan xeyir-dualar diləyir və ən xoş arzularımı yetirirəm.
         Bu il dünya azərbaycanlıları həmrəylik gününü və Yeni təqvim ilini dövlətimizin tarixində möhtəşəm bir ildönümü əhval-ruhiyyəsi ilə qeyd edirlər.  Qarabağ Zəfərinin tarixi dəyər və mübarək fəlsəfəsi hər bir azərbaycanlı üçün tarixi ədalətin bərpası yolunda Haqq savaşımızın şərəf və qürur mənbəyidir. Azərbaycan torpaqlarının 30 illik erməni işğalına son qoyan Vətən müharibəsində qələbəmizin milli-mənəvi dirçəlişimizin, dövlətçilik qüdrətimizin, Vətən sevgisinin, iman gücünün zirvəsi olaraq xalqımızın qəlbində və yaddaşında önəmi olduqca böyükdür.
         Uca Allahın köməyi ilə rəşadətli Azərbaycan Ordusu beynəlxalq hüququn təmin edə bilmədiyi ərazi bütövlüyümüzü bərpa etmək kimi şərəfli vəzifənin həyata keçirilməsi missiyasını müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə həyata keçirdi. Azərbaycan xalqı illərlə həsrətində olduğu əzəli torpaqlarını işğalçıdan, öz milli, dini, mədəni abidələrini əsarətdən azad etmək yolunda, bərbad edilmiş şəhər, kəndlərimizə, yaşayış məskənlərimizə sahib çıxmaq üçün haqq mübarizəsini qalibiyyətlə tamamladı. Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda qəhrəmancasına vuruşan ordumuz müzəffər liderimizin siyasi iradəsi və qalib sərkərdəliyilə dünya hərb tarixinə Şuşa qalasının alınması kimi şanlı səhifə yazdı, Azərbaycan Bayrağını əzəli torpaqlarımızda ucaltdı. Vətən torpağı uğrunda canını fəda edərək şəhidlik məqamına yüksəlmiş Azərbaycan Ordusunun bütün qəhrəman əsgər və zabitlərinə, mülki şəxslərə Allahdan rəhmət, şücaətli qazilərimizə şəfalar diləyirik!   
         Şükürlər olsun ki, hər il növbəti bayramımızı Şuşanın Cıdır düzündə qarşılamaq amalı ilə yaşayan xalqımızın niyyəti hasil oldu. Möhtərəm cənab Prezidentimiz Zati-aliləri cənab İlham Əliyev Azərbaycan xalqına verdiyi əhdə hər zaman sadiqlik nümayiş etdirir, ən ülvi arzularımızı gerçəkləşdirir. Azərbaycan xalqının, dindarların duaları Uca Yaradanın köməyi ilə müstəcab oldu. Azərbaycan torpaqlarını işğaldan azad etməklə nəinki dünya azərbaycanlılarının 30 illik Qarabağ həsrətinə, həmçinin, insanlıq tarixində böyük ədalətsizliyə, terrora, vandalizmə, bəşəri cinayətlərə son qoyuldu, məscidlərimiz, ziyarətgahlarımız əsarətdən qurtuldu. Azad Qarabağ məscidlərinin minarələrindən ucalan Azanlar bizim milli, dini kimliyimizin təsdiqi və mənəvi qələbəmizin rəmzidir.
         Azərbaycan torpaqlarında erməni vandalizminin acı nəticələri — vəhşicəsinə dağıdılmış şəhər və kəndlərin, mənəvi məkanların tezliklə bərpası ilə bağlı hazırda sürətlə aparılan genişmiqyaslı quruculuq işləri bizi hədsiz sevindirir. Bu gün dövlətimiz Azərbaycan xalqının əbədi, əzəli torpaqlara Böyük Qayıdışını təmin etmək, viran edilmiş torpaqlarımıza yeni nəfəs vermək, Qarabağda müasir, yüksək səviyyədə həyat şəraiti təmin etmək istiqamətində fövqəladə zəhmətlər reallaşdırır.  Zati-aliləri və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın yüksək mənəvi dəyərlərə ənənəvi olaraq diqqət və qayğı ilə yanaşması bütün dünya üçün nümunədir. Şuşada yeni, möhtəşəm məscid binasının təməlinin qoyulması, işğalçılar tərəfindən vandalizmə məruz qalmış məscid, məbəd və ibadətgahlarımızın böyük məhəbbət və qayğı ilə bərpa və yenidən qurulması bizi hədsiz sevindirir. Füzulidə bu yaxınlarda fəaliyyətə başlamış beynəlxalq hava limanı, Şüşaya aparan Zəfər yolu bizim əminliyimizi, nikbinliyimizi artırır. Uca Allahın köməyi ilə, müdrik dövlət rəhbərimizin misilsiz səyləri ilə, əminik ki, ən qısa zamanda Azərbaycanın Qarabağ torpaqları öz yeni, gözəl görkəmi ilə hər birimizi sevindirəcəkdir.
          Vətən müharibəsində qələbəmiz qlobal əhəmiyyətli, dünya siyasətinin gedişatına təsir qüdrətində olan bir zəfərdir — haqqın, ədalətin şər üzərində qələbəsidir. Bu, İslam dünyası adına və sülhsevər dünya ictimaiyyəti adına böyük qələbədir. Bu yaxınlarda BMT-nin Ədalət Məhkəməsinin Azərbaycanın haqqını müdafiə etməsi, Ermənistanın bizə qarşı əsassız iddialarını təmin etməməsi də ədalətli mövqeyimizin təsdiqi olan rəmzdir. Monoetnik, işğalçı, qəsbkar Ermənistanın multikultural, bəşəri dəyərlərə sadiq  Azərbaycana qarşı iddia qaldırması, heç şübhəsiz ki, riyakarlıqdan başqa bir şey deyil.
         Əziz həmvətənlər! Sizləri hər birimiz üçün önəmli olan Həmrəyliyimiz günündə təbrik fürsətindən istifadə edərək, mühüm olan bir reallığı xatırlatmaq istərdim. Dünya azərbaycanlıları cameə olaraq onilliklər ərzində Zəfərimiz üçün nə qədər fədakarlıq və təəssübkeşlik nümayiş etdirmişlərsə, Zəfərimizin nəticələrinin, bundan sonra da həyatın bütün sahələrində, bütün beynəlxalq müstəvilərdə davam etməsi üçün millət olaraq hələ çox səy göstərməli, hələ də məkr və qisasçılıq təzahürlərindən tam xilas olmamış erməni millətçiliyinin əks-hücumlarını, qarayaxma kampaniyalarını dəf etmək istiqamətində bütün qüvvəmizlə mütəşəkkil olmalıyıq. Zəfərin qazanılmasında xalq-dövlət birliyinin, milli həmrəyliyin nələrə qadir olduğuna hər birimiz və bütün dünya şahid oldu. Bu Zəfəri bizə qazandıran dövlətçilik siyasətinin yaşam gücü məhz dövlət-xalq birliyindədir. Dövlət rəhbərimizin həyata keçirdiyi xətt həm siyasi, həm mənəvi baxımdan ən düzgün yoldur. Bizə qələbə bəxş edən xalq-dövlət birliyimizi, dövlətçiliyimizi göz bəbəyimiz kimi qorumalı və milli mənafelərimiz uğrunda daim həmrəy olmalıyıq. Haqq, ədalət uğrunda mübarizə Vətənin nəfinə beynəlxalq qurumlar müstəvisində, diplomatiya sahəsində, informasiya məkanında, qlobal iqtisadi layihələr zəminində davam etməlidir. Azərbaycan naminə, millətimizin gələcək qələbələri, Vətənimizin maraqları naminə, daha artıq inkişaf və tərəqqimiz, beynəlxalq miqyasda daha böyük uğurlarımız naminə bütün dünya azərbaycanlılarını həmişə həmrəy olmağa çağırıram.
         Əziz həmvətənlərim! Bir daha hamınızı Dünya Azərbaycanlılarının həmrəyliyi günü və qarşıdan gələn Yeni təqvim ili münasibətilə ürəkdən təbrik edir, ailələrinizə səadət və uğur arzulayır, Uca Yaradandan xeyir-dualar diləyirəm.
         Qadir Allah hər zaman yardımçımız olsun, xalqımızı, müstəqil dövlətimizi və müdrik dövlət rəhbərimizi qorusun, Azərbaycanımızı hifz etsin! Amin!
 
Şeyxülislam Allahşükür PAŞAZADƏ
 
Bakı şəhəri, 29 dekabr 2021-ci il
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1611