Şeyxülislam A.Paşazadə KAICIID Direktorlar Şurasının videokonfrans formatında keçirilən sessiyasında iştirak etdi

 
 
11.11.2021
         Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 10 noyabr tarixində KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar şurasının videokonfrans formatında keçirilən XXVII sessiyasında iştirak etdi.
         Shanti Ashram təşkilatının direktoru Dr. Kezevino Aramın sədrliyi ilə keçən sessiyada Şeyxülislam A. Paşazadə ilə bərabər Direktorlar Şurasında təmsil olunan Ekumenik Patriarxatının Kadıköy (Xalxidon) Mitropoliti Emmanuel, Vatikanın Dinlərarası dialoq üzrə Pontifik şurasının sədri Kardinal Migel Ayuso, Livan Milli Xristian-Müsəlman Dialoq Komitəsinin Baş Katibi Dr. Məhəmməd Sammak, Yaponiya Rizxo Kosey-Kay Buddist təşkilatının Prezidenti Koşo Nivano, İngilis kilsəsinin Dinlərarası məsələlər üzrə məsləhətçisi Riçard Sudvort, İmam Məhəmməd bin Saud Universitetinin təmsilçisi Dr. Hamad əl-Məcid, Amerika Yəhudi Komitəsinin Dinlərarası məsələlər üzrə beynəlxalq direktoru Baş Ravvin David Rosen iştirak etdilər.
         Tədbirin gedişində cari məsələlər ətrafında müzakirələr aparıldı və hesabatlar dinlənildi. Beynəlxalq Mərkəzin 2022-2026-cı illər üzrə proqram-planın müddəaları müzakirə edildi. Katibliyin əməkdaşları KAICIID-in dünyanın bir sıra ölkələrində, o cümlədən, Afrika ölkələrində, Şərqi Avropada, eləcə də ərəb regionunda fəaliyyətləri barədə ətraflı məlumat verdilər. Beynəlxalq Mərkəzin işinin operativliyinin və koordinasiyalılığının artırılması yönündə, habelə mənzil-qərargahın Portuqaliyanın Lissabon şəhərinə köçürülməsi barədə, habelə yeni üzv olmaq üçün müraciət etmiş dövlətlərlə bağlı fikir mübadiləsi aparıldı.
         Çıxışlarda təşkilatın strategiyasına dövrün tələblərinə uyğun əlavələrin edilməsi — maarifləndirmə, o cümlədən, dini maarifləndirmə işinin gücləndirilməsi, nüfuzlu universitetlərlə birgə layihələrin planlanması kimi məsələlərə toxunuldu. Mərkəzin xəttilə həyata keçirilən təqaüd proqramları, onların məzunlarının gələcəkdə təşkilatın səfirlər şəbəkələrində yaxından iştirakı perspektivləri müzakirə edildi. Müqəddəs yerlərin qorunması ilə bağlı yeni təkliflər nəzərdən keçirildi.
         Tədbirdə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan və Qafqaz müsəlmanlarının səmimi salamlarını və öz xeyir-dualarını iştirakçıların diqqətinə çatdırdı. Gündəlikdə duran, müzakirə olunan məsələlər barədə öz fikirlərini və tövsiyələrini onlayn sessiya iştirakaçılarının diqqətinə çatdıran QMİ sədri A. Paşazadə KAICIID-in cari və qarşıda nəzərdə tutulan layihələrinə dair, habelə qurumun illik rəhbər seçkiləri ilə bağlı təkliflərini bildirdi.
         Dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan ilk müsəlman dini lider Şeyxülislam Allahşükür Paşazadə pandemiya şəraitinə baxmayaraq KAICIID təşkilatının proqram üzrə layihə və təşəbbüslərin həyata keçirilməsi yönündə səylərinin davam etdirildiyini rəğbətlə vurğuladı. Onlayn sessiya məhsuldar keçdi.
 
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 5032