Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur

13.10.2021
Dinlərarası dialoq qarşılıqlı anlaşmaya nail olmaq, ümdə problemlərin həlli naminə Allaha xoş gedən əməldir. Rus pravoslav kilsəsinə Moskvanın və bütün Rusiyanın patriarxı Zati-müqəddəsləri Kirilin şəxsində davamlı sülhün bərqərar olması naminə bu günədək davam edən dəyərli sülhyaratma səylərinə görə dərin minnətdarlığımı bildirirəm.
AZƏRTAC xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının sədri şeyxülislam Allahşükür Paşazadə bu sözləri Rusiya, Azərbaycan və Ermənistanın dini liderlərinin üçtərəfli görüşündəki çıxışında söyləyib.
Şeyxülislam Allahşükür Paşazadə Patriarx Kirilə “sülhməramlı səylərinə, uzun illər boyu Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla və ədalətli həllinə sadiq olduğuna görə” təşəkkürünü bildirib.
Qafqaz müsəlmanlarının lideri deyib: “Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə, öz suveren hüquqları əsasında, BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların qərarlarına müvafiq olaraq özünün beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin iki ölkə arasında hərbi əməliyyatlara və silahlı münaqişəyə son qoymuş bəyanatı imzalanandan sonra yaranmış vəziyyət Cənubi Qafqazda yeni dövrün başlanması üçün imkan yaradır, bu bölgədə revanşist ritorikaya, qisas çağırışlarına, Ermənistan ilə Azərbaycan arasında düşmənçiliyə yer olmamalı, xalqlarımızın rifahı naminə əməkdaşlıq başlanmalıdır”.
Şeyxülislam vurğulayıb ki, münaqişə başa çatıb və indi gələcək barədə, sülh barədə danışmaq, regionu sabit və təhlükəsiz etməyə çalışmaq vaxtıdır.
Allahşükür Paşazadə deyib: “Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Bu gün Xankəndidə və ona bitişik yaşayış məntəqələrində yaşayan ermənilər digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır və Azərbaycan qanunvericiliyinə riayət etməyə borcludurlar. Status məsələsinə gəldikdə isə, Azərbaycan üçün bu məsələ, xüsusən dinlərarası dialoq çərçivəsində müzakirə mövzusu deyil.
Erməni tərəfi tez-tez belə adlandırılan “hərbi əsirlər” məsələsini qaldırır. Qeyd etmək istəyirəm ki, müharibə dövründə əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Hətta biz onları ermənilər bizim hərbi əsirləri qaytarandan əvvəl qaytarmışıq. Erməni tərəfin istinad etdiyi indiki vəziyyətə gəldikdə isə, noyabr Bəyanatı imzalanandan sonra Azərbaycan ərazisinə erməni təxribat qrupu göndərilib, bu qrup dörd Azərbaycan hərbi qulluqçusunu qətlə yetirməklə cinayət törədib. Bütün beynəlxalq konvensiyalara müvafiq olaraq saxlanılmış bu şəxslər hərbi əsir hesab edilə bilməz”.
Şeyxülislam qeyd edib ki, Azərbaycan Qafqazın bütün xalqlarının dinc yanaşı yaşamasına və mehriban qonşuluğuna şərait yaradan səyləri alqışlayır. Münaqişənin ağır nəticələri gələcək naminə barışıq yolunda maneə olmamalıdır.
A.Paşazadə deyib: “Lakin təəssüf ki, bizim günlərin reallığı belədir: bu gün də Azərbaycan torpaqlarında günahsız insanlar minaya düşərək həlak olur, çünki minalanmış sahələrin xəritələri hələ də bizim tərəfə tam həcmdə təqdim edilməyib.
Sülhün bərqərar olması üçün bütün səviyyələrdə, o cümlədən ictimai və dini səviyyədə də səylər davam etdirilməlidir. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistanla mehriban qonşuluq münasibətlərinə hazırdır və ölkənin dini ictimaiyyəti bu mövqeyi birmənalı olaraq dəstəkləyir. Azərbaycan işğaldan azad edilmiş ərazilərində bütün mədəni və dini abidələri mühafizə və bərpa etmək, etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquq və azadlıqları təmin etmək əzmində olmasını ən yüksək səviyyədə bəyan edib”.
Şeyxülislam Allahşükür Paşazadənin sözlərinə görə, dini liderlər dindən etnik-siyasi məqsədlər üçün istifadə edilməsinə yol verməməlidirlər. Dini lider deyib: “Hesab edirik ki, dini kürsüdən müharibəyə və nifrətə çağırışlarla çıxış etmək olmaz, çünki qanlı müharibə hər iki xalqa əvəzolunmaz bəlalar gətirib”.
O vurğulayıb: “Erməni kilsəsinin barışmaz və siyasiləşdirilmiş mövqeyinə baxmayaraq, biz hesab edirik ki, problemin siyasi tərəfinə görə deyil, mənəvi tərəfinə görə məsuliyyət bizim – dini liderlərin üzərinə düşür. Buna görə də biz din xadimlərinin dövlətlərimizin liderlərinin siyasi qərarlarını şübhə altına almağa haqqımız yoxdur. Ulu Tanrı qarşısında bizim borcumuz bu həqiqəti xalqlarımıza, o cümlədən ölkələrimizin hüdudlarından kənarda yaşayan soydaşlarımıza çatdırmaqdır. Biz, dini liderlər, dini etiqada və öz nüfuzumuza güvənərək dövlətlərimizin siyasi liderlərinin xalqlarımızın gələcəyi naminə sülh danışıqların reallaşmasına yönəlmiş səylərini dəstəkləməliyik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri əmin olduğunu bildirib ki, Patriarx Kirilin yüksək nüfuzu və qiymətli təcrübəsi bu gün xalqlarımızı və ölkələrimizi narahat edən ən mühüm problemlərin həlli üçün çox böyük əhəmiyyət kəsb edir.
Şeyxülislam Allahşükür Paşazadə deyib: “Əminəm ki, Sizinlə - dünyamiqyaslı dini lider, zəmanəmizin görkəmli din xadimi, bütün dünyada təkcə xristianların deyil, həm də müsəlmanların böyük hörmətini qazanmış dini liderlə birlikdə biz əməlisaleh ideyalarımızın həyata keçirilməsini davam etdirəcəyik”.

Oxunub : 4418