Patriarx Kirill: Rus Pravoslav Kilsəsinin Azərbaycanın İslam İcması ilə münasibətləri çox yüksək prioritetdir

13.10.2021
Rus Pravoslav Kilsəsinin Azərbaycanın İslam İcması ilə münasibətləri çox yüksək prioritetdir.
AZƏRTAC xəbər verir ki, bunu Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ilə Moskvada baş tutan görüşdə bildirib.
“Biz sizinlə müntəzəm olaraq görüşürük və bu görüşlər hər zaman mehriban, qardaşlıq, etibarlı mühitdə keçir. Bu müddət ərzində bir-birimizə etibar mühiti formalaşıb. Bu çox vacibdir. Biz heç də sadə olmayan məsələləri müzakirə etməyə məcburuq, dini liderlərin, dini icmaların rəhbərlərinin gündəliyində durmalarına baxmayaraq, eyni zamanda onlar fərqli ölçülərə, o cümlədən siyasi ölçüyə malikdirlər”, - deyə Patriarx Kirill qeyd edib.
Patriarxın sözlərinə görə, problemlərin müzakirə edilməsində dini liderlər üstünlüyə malikdirlər. "Çünki bizim ortaq bir təməlimiz var – Tanrıya inam və mənəvi dəyərlər sistemi, ədəb və bir-birimizə etibar. Bu çox əlverişli atmosfer yaradır. Bir-birimizi tanıdığımız bu 30 il ərzində bizi ayıran və gərginlik yaradan bir hadisə və mövzu belə olmayıb. Biz hər zaman müzakirə etdiyimiz məsələlərə həll yolu tapmışıq və tapmaqda davam edəcəyik", - deyə Patriarx Kirill qeyd edib.
Patriarx Kirill, keçən dövr ərzində Baş yepiskop Alexandrın vəfat etdiyini xatırladıb. “Biz, Rus Pravoslav Kilsəsinin iyerarxı olan Azərbaycanı çox sevən, onu öz vətəni hesab edən və həmişə Azərbaycanın maraqlarını müdafiə edən etibarlı qardaşımızı itirdik. Mən ümid edirəm ki, Azərbaycanda Pravoslav Kilsəsinə rəhbərlik edəcək insanlar bu ənənəni davam etdirəcəklər, ən azından mən onları bu istiqamətə yönəldəcəyəm və Rus Kilsəsinin Azərbaycanın İslam icması ilə münasibətlərinin çox yüksək prioritet olduğunu söyləyəcəyəm", - deyə Patriarx Kirill, Azərbaycan müsəlmanlarının liderinə müraciət edərək bildirib.
 

Oxunub : 3515