Şeyxülislam Allahşükür Paşazadə Qazaxısan Senatının sədri ilə görüşüb

06.10.2021
 
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstana səfəri çərçivəsində bu ölkə Senatının sədri Maulen Aşımbayevlə görüşüb.
AZƏRTAC xəbər verir ki, Dünya və Ənənəvi Din liderlərinin Qurultayının Katibliyinin XIX sessiyasında iştirak üçün Maulen Aşımbayevin dəvəti ilə Nur-Sultana səfər etmiş şeyxülislam Allahşükür Paşazadəni səmimi qarşılayan Qazaxıstan Senatının sədri ölkələrimiz arasında yaxın qardaşlıq münasibətlərinin, ortaq tarixi, mədəni, mənəvi köklərin mövcudluğunu vurğulayıb.
Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər münasibətilə Şeyxülislamı, Azərbaycan xalqını təbrik edən Senatın sədri bu tarixi Qələbənin qazanılmasında Prezident İlham Əliyevin rolunu, siyasi iradəsini xüsusi qeyd edib. Senat sədri bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası bölgədə, eyni zamanda, Avrasiya məkanında yeni mərhələ, geosiyasi reallıq yaradıb.
Azərbaycanla Qazaxıstan arasında siyasi, iqtisadi münasibətlərin inkişafı ilə yanaşı, mədəni, mənəvi əlaqələrin inkişafından da bəhs edən Senat sədri ortaq dilin, dini dəyərlərimizin böyük önəm kəsb etdiyinə diqqəti çəkib. Bildirib ki, qardaş xalqlarımızın Nizami, Nəsimi, Abay və başqaları kimi ortaq mütəfəkkirləri var, bu şəxsiyyətlərin adları ölkələrimizdə qarşılıqlı şəkildə əbədiləşdirilib. Qazaxıstanda yüz mindən çox azərbaycanlının yaşadığını, Qazaxıstan dövlətinin inkişafında yaxından iştirak etdiklərini, öz milli-mədəni mərkəzlərinə malik olduqlarını fəxrlə vurğulayan Maulen Aşımbayevonların Azərbaycan dilini öyrənmələri üçün şəraitin mövcud olduğunu da qeyd edib.
Azərbaycan və Qazaxıstan dövlətlərinin dinlərarası dialoq sahəsində böyük təcrübəyə malik olduqlarını deyən Senat sədri Avrasiya məkanında tolerantlıq, mədəniyyətlərarası və dinlərarası əməkdaşlıq əlaqələrinin inkişafına verilən töhfələrdən danışıb. Bildirib ki, Qazaxıstanın Nazarbayev adına Mərkəzi və Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzlərinin məqsəd və məramları eynidir.
Maulen Aşımbayev bu müstəvidə Qafqaz Müsəlmanları İdarəsinin sədri, 40 illik nadir təcrübəyə və dünyada olduqca böyük nüfuza sahib dini lider Şeyxülislam Allahşükür Paşazadənin Qazaxıstana səfərinin çox mühüm olduğunu vurğulayıb.
Azərbaycan Prezidentinin salamlarını çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam A.Paşazadə ölkəmizin haqq işinə hər zaman mənəvi dəstək verdiyinə görə qazax xalqına dərin minnətdarlığını bildirib. Deyib ki, dost, qardaş dar gündə tanınar. Qazax xalqının Birinci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən vurulmuş helikopterdə şəhid olmuş daxili işlər nazirinin müavini Saylau Serikovun adını xüsusi qeyd edən Şeyxülislam A. Paşazadə Azərbaycanın işğaldan azad edilmiş torpaqlarının bərpa və yenidən qurulması işlərində Qazaxıstan dövlətinin dost, qardaşcasına yaxından iştirakından məmnunluğunu ifadə edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Qazaxıstanın birinci Prezidenti - elbası Nursultan Nazarbayevin qardaşlıq münasibətlərinin xalqlarımızın sülh və sabitliyi işinə verdiyi töhfələrdən, dövlətçiliyimizin inkişafında misilsiz rolundan danışan şeyxülislam fəxrlə vurğulayıb ki, bu gün də Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin birgə səyləri və müdrik siyasətləri qardaş xalqlarımızın mənafeyinə xidmət edir. Qazaxıstanın milli lideri - elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə 18 il ərzində mütəmadi keçirilən tədbirin tarixi əhəmiyyətinin din və siyasət xadimlərini bir araya gətirən dəyərli platforma yaratmaq olduğunu vurğulayıb.
QMİ sədri Şeyxülislam A. Paşazadə Dünya və ənənəvi din liderlərinin gələn il keçiriləcək VII Qurultayının Katibliyinin boktyabrın 6-da keçiriləcək XIX sessiyasında yaxından iştirak edəcəyini, burada qəbul edəcəkləri qərarların dünyada sülh və sabitliyə xidmət edən dinlərarası dialoq işinə sanballı töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Qardaş dövlətlərimizin insan həmrəyliyinə xidmət edən dinlərarası dialoq işində aparıcı rollarda olmasını böyük nemət kimi dəyərləndirən Azərbaycanın dini lideri gələcəkdə də bu rolun davam və inkişaf etdirilməsinin zəruriliyini diqqətə çatdırıb.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Oxunub : 1394