Şeyxülislam Allahşükür Paşazadə həzrətləri İhsan Əbdül Cabbarı qəbul edib

 
24.09.2021
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə sentyabrın 24-də İraq Respublikasının neft naziri İhsan Əbdül Cabbarı qəbul edib.
Səmimi şəraitində keçən görüşdə Azərbaycanla İraq arasında minillik tarixə söykənən qardaşlıq və dini-mənəvi əlaqələr barədə geniş danışıldı. İraqlı ali qonaq qəbula və qonaqpərvərliyə görə təşəkkürlərini bildirərək, Azərbaycanın dini liderini ziyarət etməyi şərəf saydığını bildirdi. Azərbaycanda keçirdiyi yüksək səviyyəli görüşlər barədə Şeyxülislam A. Paşazadəyə məlumat verən cənab Cabbari ölkələrimiz arasında müxtəlif sahələrdə qarşılıqlı münasibətlərin və iqtisadi əlaqələrin genişlənməsindən məmnunluqla söhbət açdı. Cənab Cabbari Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər münasibətilə təbriklərini bildirərək,  Azərbaycan Prezidenti Zati-aliləri İlham Əliyev cənabları ilə görüş zamanı işğaldan azad olunmuş Qarabağ ərazilərində aparılan genişmiqyaslı yenidənqurma işləri barədə aldığı məlumatlardan, burada İslam dini irsinin bərpası yönündə həyata keçirilən bərpa və tikinti işləri barədə xəbərlərdən şad olduqlarını qeyd etdi.
 QMİ sədri istər siyasi, istər iqtisadi, istərsə dini-mənəvi, mədəni əlaqələrin öz müsbət bəhrəsini verəcəyinə əmin  olduğunu bildirdi və Uca Allahdan İraq xalqına və dövlətinə sülh, səadət və tərəqqi dilədi. 
İraqlı nazir İraq Milli Dövlət Qüvvələri Alyansının prezidenti Ammar Əl-Həkimin Şeyxülislam A. Paşazadəyə ünvanlandığı dəvət məktubunu xatırladaraq Azərbaycanın dini liderini ölkələrində tezliklə görmək istədiklərini ifadə etdi. O, İraqın paytaxtı Bağdad, Nəcəf və müqəddəs Kərbəla şəhərlərinə səfərlə bağlı dəvəti yüksək dəyərləndirən və məmnuniyyətlə müqəddəs torpaqları ziyarət etmək niyyətində olduğunu bildirən QMİ sədri yaxın vaxtlarda münasib bir zamanda səfəri gerçəkləşdirmək, Azərbaycan şəhidlərinin əziz xatirəsini İraqın müqəddəs məkanlarında anmaq, ruhları üçün dualar oxumaq istəyini ifadə etdi. Şeyxülislam A. Paşazadə qeyd etdi ki, dəvətçi Ammar Əbdüləziz Mühsin əl-Həkim cənablarının  mənsub olduğu nəslin tanınmış nümayəndəsi, İslam aləminin nüfuzlu din xadimi bu yaxınlarda vəfat etmiş Mərceyi-təqlid, Əhli-Beytin fəqihi Ayətullah əl-Üzma Seyyid Məhəmməd Səid əl-Həkim Vətən müharibəsi günlərində Azərbaycanın haqlı mübarizəsinə dəstək bildirmiş yeganə Ayətullah əl-Üzma olmuşdu.
İraqlı nazir Ayətullah əl-Üzma Seyyid Məhəmməd Səid əl-Həkimin mövqeyinin bütün Nəcəfi-Şərifin mövqeyi olduğunu vurğulayaraq, səmimi başsağlıqlarına görə dərin minnətdarlığını ifadə etdi. Qonaq 40 milyonluq İraq xalqının hər zaman dost, qardaş Azərbaycan xalqının yanında olduğunu qeyd etdi.
Səmimi görüşdə Azərbaycan-İraq münasibətlərinin inkişaf perspektivləri, dini-mənəvi əlaqələrin daha da dərinləşdirilməsi mövzusunda fikir mübadiləsi aparıldı.
QMİ-nin Mətbuat Xidməti
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!
 
 
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2334