Allahşükür Paşazadə həzrətləri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 
27.08.2021
        
 
Avqustun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə QMİ sədri Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin tarixindən danışıb. Gürcüstanda çox sayda azərbaycanlıların olduğunu bildirən QMİ sədri qeyd edib ki, oradakı soydaşlarımız rifah şəraitində yaşayır, dini ibadətlərini həyata keçirirlər. Dini-mənəvi müstəvidə tarixi əlaqələrin əhəmiyyətindən bəhs edən QMİ sədri Qafqazın ağsaqqal dini lideri, böyük qardaşı saydığı Patriarx II  İliyanın şəxsiyyətini yüksək dəyərləndirdi. "Ölkələrimiz arasında mənəvi əlaqələrin inkişafında Gürcüstan patriarxı II İliyanın rolunu xüsusi vurğulamaq lazımdır. Gürcüstan ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri var. Bu dostluğu gələcək nəsillərə çatdırmaq lazımdır. Bizim dostluğumuzu gözü götürməyən, ara vurmağa çalışan qüvvələr var. Lakin, mən əminəm ki, onların heç bir cəhdi baş tutmayacaq və qardaşlığımız daimi olacaq", - deyə QMİ sədri qeyd edib.     
Şeyxülislam A. Paşazadə Gürcü Patriarxı II İliyanın Azərbaycan və Gürcüstan xalqları arasında mənəvi körpülərin daha da möhkəmlənməsi üçün birgə əməkdaşlıq nümunələrini xatırladaraq, Patriarx həzrətlərinin hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu qardaş dəstəyinin II Qarabağ müharibəsi dövründə bir daha ifadə olunduğunu, məktub və onlayn görüşmələrdə  bir daha vurğulandığını xüsusi qeyd etdi. QMİ sədri zamanında Gürcü Patriarxının münaqişənin sülh yolu ilə həlli üçün Azərbaycan və erməni dini liderlərinin görüşləri üçün vasitəçilik missiyasını yüksək dəyərləndirən A. Paşazadə Qafqazda əmin-amanlıq şəraitinin hökm sürməsində Patriarxla dostluq, qardaşlıq, əməkdaşlıq  münasibətlərinin böyük rolu olduğuna diqqəti çəkdi. Şeyxülislam A. Paşazadə Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin dost, qardaş ölkələrimiz arasında münasibətlərin inkişafını prioritet saydığını,  Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın xalqlarımız arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi, humanitar sahədə münasibətlərin yüksək səviyyəsinin təmininə böyük töhfələr verdiyini xüsusi qeyd etdi.
QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Dialoq Mərkəzinin Himayədarlar Şurasının üzvü olan Patriarx II İliyanın bu qlobal platformada fəal iştirakını vurğulayaraq, pandemiya səbəbindən Gürcüstanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirin ertələndiyini, lakin şərait yaranan kimi bu nüfuzlu beynəlxalq forum ideyasının gündəmdə olduğunu qeyd etdi.       
 Gürcüstanda fəaliyyətini daha da genişləndirməsi məqsədəuygun və məqsədəmüvafiqdir. Xaricdə yaşayan soydaşlarımızın dini-mənəvi tələbatlarının ödənilməsi məqsədilə bir çox xarici ölkələrdə nümayəndəlikləri mövcud olan Qafqaz Müsəlmanları İdarəsinin qardaş Gürcüstanda daha yüksək səviyyədə davam və inkişaf etdirilməsi zərurəti xüsusi vurğulandı.
Regional dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin xaricdəki nümayəndəlikləri arasında Gürcüstandakı təmsilçiliyinin nümayəndəmizin xüsusi fəallıq göstərdiyini və Gürcüstan dövlətinin müvafiq qurumları, habelə Gürcü Patriarxlığı ilə yaxından əlaqələrə malik olduğunu xatıladan Şeyxülislam A. Paşazadə   ölkəmizdə qəbul edilmiş qanunvericilik aktlarının bu müstəvidə əməkdaşlığımız üçün yeni perspektivlər açdığına qonağın diqqətini yönəltdi.
         Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkənin dini liderləri arasında sıx dostluq münasibətlərinin olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, bu münasibətlər dövlətlərimiz arasındakı əlaqələrin inkişafında da mühüm rol oynayır. "Müasir dövrdə dini liderlər cəmiyyət arasında daha böyük nüfuza malikdirlər. Din xadimləri cəmiyyəti öz arxalarınca apara bilirlər. Bu baxımdan, Azərbaycanın və Gürcüstanın dini liderlərinin dövlətçiliyə sadiqlikləri xüsusi əhəmiyyət daşıyır, hər iki dini lider daim dövlətin yanında olmaları ilə seçilirlər.    
         Gürcüstanda müxtəlif xalqlara mənsub 400 minədək müsəlman yaşayır. Onların dini bayramları dövlət səviyyəsində təbrik edilir, Gürcüstanın Baş Naziri tərəfindən hər il Ramazanda iftar süfrəsi açılır. Onlar dini rifah halında yaşayırlar, bütün hüquqları Gürcüstan hökuməti tərəfindən qorunur. Dini mərkəzlər mədəni abidələr olduğu üçün qorunur. ", - deyə Zaza Vaşakmadze qeyd edib.
         Gürcüstanlı qonaq ərazilərində işğaldan zərər görmüş dini abidələrin xüsusi diqqət altında olduğunu qeyd etdi. Şeyxülislam A. Paşazadə erməni işğalından azad olunmuş ərazilərimizdə dağırdılmış, həqarət olunmuş mənəvi irs nümunələrimiz barədə məlumat verdi gürcü səfirinin bu mənzərələri öz gözləri ilə gördüyünü xatırlatdı. QMİ sədri görüşdə Azərbaycanda və Gürcüstanda ermənilərin xristian pravoslav dini məbədlərini özününküləşdirmək, mənşəyini saxtalaşdıraraq erməniləşdirmək cəhdlərinin birgə səylərlə qarşısının alınması barədə danışdı.
Azərbaycanın dini liderini və onun simasında Azərbaycan xalqını Vətən müharibəsində qazanılmış rəşadətli Zəfər münasibətilə ürəkdən təbrik etdi. Görüşdə Gürcüstan patriarxı II İliyanın şeyxülislam Allahşükür Paşazadəyə ad günü münasibətilə təbrik məktubunu çatdırdı və öz adından da ən xoş arzularını dini liderə ifadə etdi. QMİ sədri məktubdakı xoş sözlərə görə təşəkkür etdi və səmimi  məktuba görə minnətdarlığını qardaşı Patriarx II İliyaya yetirməyi rica etdi. 
Səmimi qardaşlıq şəraitində keçən görüşdə Azərbaycanda Respublikası Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və QMİ sədrinin birinci müavini Müfti Salman Musayev iştirak etdilər.
 
QMİ-nin Mətbuat Xidməti
 
 
 
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 3633