QMİ sədrinin Çeçenistan səfəri

24.08.2021
Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin Çeçenistan səfəri başa çatıb. Avqustun 23-də QMİ sədri Qroznı şəhərində keçirilən bir sıra tədbirlərdə iştirak edib.
Səhər saatlarında Şeyxülislam həzrətləri burada yerləşən Çeçenistan imamı Şeyx Mansur adına məscidin açılış mərasimində iştirak edib. Çeçenistan Respublikasının Başçısı Ramzan Kadırovun iştirakı ilə keçirilən mərasimdən sonra QMİ sədri R. Kadırovla birlikdə camaat namazı qılıb.
Açılış mərasimindən sonra Çeçenistan Başçısı Şeyxülislam həzrətlərini və Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri - RF Şimali Qafqaz regionunun müftilərini öz iqamətgahında qəbul edib. Səmimi şəraitdə keçən görüşdə cənab Kadırov qonaqları salamlayaraq Şeyxülislam A. Paşazadənin bütün Qafqazın dini lideri və ağsaqqalı olduğunu vurğulayıb. Çeçenistan başçısı qonaqlara yubiley tədbirlərində əyani iştirak etdiklərinə görə təşəkkür edib. Bundan sonra Şeyxülislam A. Paşazadə Azərbaycanın 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı altında qazandığı tarixi zəfərdən, 30 illik erməni işğal zamanı Ermənistan tərəfindən əzəli Azərbaycan torpaqlarında törədilmiş misli görülməmiş vəhşiliklərdən, erməni işğalçıları tərəfindən barbarca dağıdılmış yaşayış məntəqələrindən, yerlə bir edilmiş, vandalizmə məruz qalmış məscidlərdən, ziyarətgahlardan, kilsələrdən və digər ibadət yerlərindən, eləcə də azad edilmiş torpaqlarımızda hazırda həyata keçirilən genişmiqyaslı yenidənqurma və bərpa işlərindən geniş məlumat verib.
QMİ sədri Çeçenistan Respublikasının Başçısına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının salam-dualarını çatdırıb.
Öz növbəsində, cənab R. Kadırov QMİ sədrindən İlham Əliyev cənablarına öz ehtiramını və qardaş salamlarını, bütün işlərində uğur diləklərini çatdırmağı xahiş edib.
Axşam saatlarında Şeyxülislam həzrətləri Çeçenistan Respublikasının Birinci Prezidenti Əhməd Kadırovun anadan olmasının 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib.
 
 
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 2881