Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Özbəkistan Müsəlmanları İdarəsinə ​başsağlığı məktubu göndərdi

19.08.2021
Özbəkistan Müsəlmanları İdarəsinə
 
Bismillahir-rəhmanir-rəhim!
Özbəkistan Müsəlmanları İdarəsinin sədri, İslam dünyasının tanınmış din xadimi, elm və irfan sahibi, müfti Usmanxon Alimovun vəfatı Azərbaycan və bütün Qafqaz müsəlmanlarını dərindən kədərləndirdi. Usmanxon hoca ilə məni uzun illərin dostluq və qardaşlıq telləri bağlayırdı. O, Azərbaycanın dostu,  ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin tərəfdarı kimi xalqımız tərəfindən tanınan və yüksək dəyərləndirilən şəxsiyyətlərdəndi. Azərbaycanda və Özbəkistanda, həmçinin müxtəlif xarici ölkələrdə keçirilən konfranslarda, rəsmi tədbirlərdə bərabər iştirak etmiş, Usmanxon Alimovun milli-mənəvi dəyərlərin və tarixi əlaqələrimizin qorunmasına verdiyi dəstəyin şahidi olmuşuq. Özəlliklə İslam maarifçiliyi çağırışını dəstəkləyən qurumlar arasında Özbəkistan Müsəlmanları İdarəsinin və onun sədri, əziz qardaşım mufti Usmanxon Alimov həzrətlərinin xususi rolu vardı. Əminəm ki, Müfti Usmanxon Alimovun xatirəsi İslam alimi, Azərbaycanın dostu və mənəvi birliyimizin fədakar xidmətkarı kimi  yaddaşlarımızda əbədi qalacaqdır. Ümid edirəm ki, əziz qardaşım Usmanxon hoca ilə başlanan ənənəvi dostluq əlaqələrimiz bundan sonra daha da möhkəmlənərək davam edəcək, xalqlarımız və dini idarələrimiz arasındakı əməkdaşlıq daim səmərəli olacaqdır. 
Usmanxon Alimovun vəfatı İslam dünyası üçün ağır itkidir, fəqət Allah-taalanın qədəri baqidir.  Bizim təsəllimiz ondadır ki, o, öz həyatı və xidmətləri ilə müqəddəs Kitabımızın şərafətli kəlamına sadiq olanlar sırasındadır, inşallah. Qurani-Kərimdə buyurulur: “De: Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də Aləmlərin Rəbbi olan Allah üçündür!” (Ənam, 162).  Bu hüznlü günlərdə başda Özbəkistanın dövlət rəhbəri olmaqla bütün qardaş özbək  xalqına Qafqaz və Azərbaycan müsəlmanları adından dərin hüznlə başsağlığı verir, əziz dostumu rəhmət duaları ilə yad edir, mərhumun ailəsinə və yaxınlarına Allah-taaladan səbr və dəyanət diləyirəm. Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun! Amin!
Vəs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
 
Dərin hörmət və ehtiramla,     
                                      Şeyxülislam
                                                                               Allahşükür PAŞAZADƏ

Oxunub : 1721