Şeyxülislam Allahşükür Paşazadə həzrətləri Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərdi

19.08.2021
 
 
                   Zati-aliləri
Özbəkistan Respublikasının Prezidenti
cənab Şavkat MİRZİYOYEVƏ
 
Möhtərəm cənab Prezident!
Özbəkistan xalqının dini liderinin vəfatı ilə əlaqədar Zati-alilərinizə və bütün qardaş özbək xalqına dərin hüznlə başsağlığı verirəm. Uca Allah Müfti Usmanxon xoca Alimova rəhmət eləsin, cənnətməkan olsun!
Belə bir tanınmış islam aliminin, mütərəqqi din xadiminin dünyasını dəyişməsi təkcə özbək xalqı üçün deyil, bütün müsəlman cameəsi üçün böyük itkidir. Əziz qardaşım Usmanxon xoca ilə məni uzun illərin dostluğu, qardaşlığı bağlayırdı. Ali diqqətinizə məlumdur ki, Özbəkistanı mən hər zaman ikinci Vətənim olaraq qəbul edirəm və Usmanxon xocanı öz həmvətənim, doğma qardaşım saymışam. Usmanxon xoca yüksək şəxsi, insani keyfiyyətləri ilə yanaşı fəal dini lider, səmərəli dini-ictimai fəaliyyət göstərən din xadimi olmuşdur. Özbəkistan Dini İdarəsinin sədri olaraq Usmanxon Alimov həmsədri olduğum MDB Dinlərarası Şurası çərçivəsində fəaliyyəti ilə postsovet məkanında tarixən dostluq əlaqəsi olmuş xalqlar arasında mövcud dini-mənəvi əlaqələrin qorunub saxlanılması, inkişaf etdirilməsi işinə böyük töhfələr vermişdir. Qafqaz Xalqları Ali Dini Şurasının fəxri qonağı kimi toplantılarımızda yaxından iştirak edən Usmanxon xoca Mərkəzi Asiya ilə Qafqazlar arasında dini-mənəvi əməkdaşlığı daima dəstəkləmişdir. Özbəkistanda dini təhsil almış Qafqazın din xadimləri Usmanxon xocanı xüsusilə doğma, məhrəm bir insan kimi, ağsaqqal ehtiramı ilə qəbul edirdilər, Özbəkistanda və Qafqaz torpağında mütəmadi görüşürdük.
Qafqaz Müsəlmanları İdarəsinin dünyanın bir çox nöqtələrində keçirdiyi beynəlxalq konfransların əksəriyyətində yaxından iştirak etmiş, dərin məzmunlu, müdrik çıxışları ilə yaddaşlara həkk olmuş Müfti Usmanxon xoca Alimovun Özbəkistan dövləti ilə birgə keçirdiyimiz nüfuzlu beynəlxalq konfransların təşkilində xüsusilə böyük əməyi olmuşdur. 2017-ci ildə QMİ nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis olunarkən xeyir-dua verənlərdən biri də Usmanxon Alimov olmuşdur. O, bu beynəlxalq mərkəzin Himayədarlar Şurasının üzvü kimi qurumun dünya miqyasında əlaqələrinin qurulması işinə öz mühüm töhfəsini vermişdir. Bakıda keçirilmiş beynəlxalq forumlar zamanı Azərbaycanın dövlət rəhbəri — Zati-aliləri Prezident İlham Əliyev cənabları din xadimlərini qəbul edərkən qardaş Özbəkistanın Müftisini hər zaman xüsusi ehtiramla qarşılamış, onun xidmətlərini qeyd etmişdir.
Zati-aliləri! Zəngin mənəvi irsə istinad edən, onu hər zaman qayğı ilə qoruyub saxlayan, nəinki Mərkəzi Asiyanın qəlbi olan, bütün islam dünyası üçün tükənməz xəzinə olan qardaş Özbəkistanla tarixən mövcud mədəni-mənəvi əlaqələrin qorunub saxlanılması Azərbaycan üçün hər zaman xüsusi önəm daşıyır. Bütün dünya Özbəkistanın siyasi sistemdə irəliləməsinə, xalq-dövlət birliyinin möhkəmlənməsinə, iqtisadi uğurlarına şahidlik edir. Zati-alilərinizin prezidentlik dönəmində həyata keçirdiyi islahatlar sayəsində Özbəkistan Respublikasının Mərkəzi Asiyada lider rolu möhkəmlənməkdədir. Reallaşdırdığınız genişmiqyaslı humanitar-mədəni islahatlar, qısa müddət ərzində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzi, beynəlxalq tədqiqat mərkəzləri, İmam Buxari və İmam Tirmizi, Hədis və s. elmi ocaqlarının yaradılması, özbək xalqının maarifləndirmə, zəngin İslam mənəvi irsinin dərindən öyrənilməsinə və tanıdılmasına yönəlmiş dövlət siyasəti intibah yaradaraq Özbəkistanın şərəfli tarixi üzərinə yeni, mötəbər tarix yazmaqdadır. Bu, İslam dünyası adına şərəf gətirən ümumbəşər əhəmiyyətli missiyadır. Mərhum Müfti Alimov Zati-alilərinizin bu missiyasına istər ölkə daxilində, istərsə də beynəlxalq müstəvidə öz əməli səyləri ilə hər zaman dəstək verirdi. Uca Allah Usmanxon xocanın şərəfli yolunun layiqli şəkildə davam etməsinə rəvac versin, Müfti həzrətlərinin ruhu şad olsun! 
Zati-aliləri! Bir daha Sizə və Sizin simanızda bütün qardaş özbək xalqına Müfti Usmanxon Alimovun vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir, mərhum dini liderə Allah-Təaladan rəhmət diləyirəm.  AMİN!
 
Dərin hüznlə,
Şeyxülislam
Allahşükür PAŞAZADƏ
*Materiallardan istifadə zamanı sayta istinad vacibdir!

Oxunub : 1384